Əbülfəs Qarayev görüş keçirdi

Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikasının Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində Qazaxıstan Prezidentinin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi ilə bağlı təəssüratlarını bölüşüb. Qeyd oedib ki, ölkələrimiz arasında dostluq əlaqələri Ulu Öndər Heydər Əliyevlə Nursultan Nazarbayevin möhkəm dostluq telləri üzərində daha da möhkəmlənib. İki ölkə rəhbərinin xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına göstərdiyi səylər, tarixi səfərlər, qarşılıqlı əlaqələrdəki isti münasibətlər bu gün də qorunur və yüksələn xətt üzrə inkişaf edir.

Əbülfəs Qarayev Azərbaycanla Qazaxıstan arasında mədəniyyət sahəsindəki mövcud əməkdaşlıq əlaqələrindən söz açıb. Ölkələrimiz arasında dostluq münasibətlərinin qədim tarixi köklərə malik olduğunu diqqətə çatdıran nazir vurğulayıb ki, bu tarixi, milli bağlılıq səbəbindən iki qardaş ölkə bütün beynəlxalq tədbirlərdə birgə rəylə çıxış edir. Azərbaycanın Qazaxıstanla hərtərəfli əməkdaşlığı mövcuddur və bu əlaqələr daha da genişlənir.

Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olmasının əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə Nursultan Nazarbayevin çox yaxın dostluğunun dayandığını vurğulayıb. Diqqətə çatdırıb ki, iki ölkə arasındakı bu dostluq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir. 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyanda ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka – nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Əbülfəs Qarayev həmçinin TÜRKSOY-un layihələrində ölkələrimizin fəal iştirakını da yüksək qiymətləndirdi. Qeyd etdi ki, “İstanbul – Avropa Mədəniyyətinin Paytaxtı – 2010” mədəniyyət ili çərçivəsində I Beynəlxalq İstanbul Opera Festivalında TÜRKSOY-un təşəbbüsü ilə hazırlanmış “Koroğlu” operasının nümayişində və ümumilik də bu layihədə Azərbaycan və Qazaxıstan da yaxından iştirak edib. Bu tamaşa Bakı, Bişkek, Almatı və Ankara şəhərlərində də böyük uğurla nümayiş olunub.

Nazir ölkələrimiz arasında əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini bildirib.

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı isə gələcəkdə iki ölkə arasında müştərək mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikirlərini bölüşüb.

Görüşdə Azərbaycanda və Qazaxıstanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, habelə kino və teatr sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.