Əflatun Amaşov görüşlər keçirdi-Fotolar

İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Mohammad Soltanifar Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan XALQ.AZ -a daxil olan məlumata görə, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov görüşdə bildirib ki, İran və Azərbaycan arasındakı bütün sahələrdəki dinamik münasibətlərin media tərəfi də var.

O, rəhbərlik etdiyi qurumun İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış anlaşma memorandumuna diqqət çəkərək vurğulayıb ki, bu sənəd perspektiv əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar yaradır.

Şura sədri İranın mədəniyyət və islami irşad nazirinin müavini Hosseyn Entezaminin, habelə İranın nüfuzlu İRNA xəbər agentliyi nümayəndələrinin ötən il Bakıya səfərindən söz açıb. O, həmçinin özünün 2016-cı ildə Tehrana səfərinin müxtəlif səmərəli istiqamətlərindən danışıb.

Görüşdə iki ölkənin media orqanları, habelə jurnalistləri arasında təmasların gücləndirilməsinin vacibliyi önə çəkilib. Xüsusən də qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi üzərində dayanılıb. Bildirilib ki, yaxın qonşu və tarixi-mədəni yaxınlığa malik İran və Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv çatdırılması son dərəcə vacibdir. Mövcud xüsusda hər iki ölkənin media strukturlarının birgə səylər göstərməsinin müstəsna əhəmiyyət daşıdığı önə çəkilib.

 

Həmçinin bu gün   İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Livandan olan jurnalistlər – İordaniyanın Petra İnformasiya Agentliyinin redaktoru Xalid Əl Şaqul, BƏƏ-nin Dubay telekanalının müxbiri Sidqi Məhəmməd Abduləziz, Livanın “Sedar Nyus” İnformasiya portalının baş redaktoru Mişel Əl Zbaidi və portalın baş redaktor müavini Aoun Laurent Yusef Azərbaycan Mətbuat Şurasında olublar. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətinin xüsusiyyətlərindən, beynəlxalq əlaqələrindən söz açıb.

Ə.Amaşov bildirib ki, son illər ərəb ölkələrindən Azərbaycana axın güclənib: “Bu, Azərbaycanın turuzm potensialına olan maraqdan irəli gəlir. Əlbəttə, bu bizim üçün önəmlidir və media da öz təbliğatı ilə turist səfərlərinin artmasına müstəsna töhfə verə bilər. Ancaq düşünürəm ki, daha önəmli cəhət Azərbaycan jurnalistlərinin ərəb dünyasının tanınmış media qurumlarının təmsilçiləri ilə sıx təmaslarının yaranması və inkişaf etdirilməsidir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gerçəkləşdirilən təşəbbüslər daha faydalıdır. İnanıram ki, görüləcək işlər Azərbaycan həqiqətlərinin ərəb dünyasında mütəşəkkil qaydada işıqlandırılmasına təkan verəcək”.

Qeyd edək ki, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Livandan olan jurnalistlərin Azərbaycana səfəri İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşdirilir. Assosiasiyanın sədri Fazil Abbasov qonaqların ölkəmizə səfər proqramı barədə məlumat verib, keçirdikləri görüşlərin səmərəli məqamlarından söz açıb.

Birgə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə bildirilib ki, bunun üçün İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi vacib platforma mövcuddur. Bu platforma çərçivəsində azərbaycanlı jurnalistlərin də Yaxın Şərq ölkələrinə səfərlərini təşkil etmək, onların bu məkandakı nüfuzlu media qurumlarının iş prinsipləri barədə yaxından tanışlığını reallaşdırmaq mümkündür. Görüşdə mövcud istiqamətdəki konkret məqamlar nəzərdən keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.