Əflatun AMAŞOV “KİV-də qanun pozuntusuna rast gəlinməyib”

Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində – telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında seçki ilə bağlı 1051 material yayımlanıb.XALQ.AZ-ın verdiyi məlumata görə, bu barədə Mətbuat Şurasının hesabatında deyilir.

Hesabatın təqdimatı ilə bağlı keçirilən tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, yayımlanan materialların sayı kifayət qədər çoxdur.

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası tərəfindən təbliğat xarakterli materialların monitorinqi də aparılıb.

Onun sözlərinə görə, 6 telekanalda saat 18:00-dan 01:00-a qədər seçkiqabağı təşviqat kampaniyası aparılıb. Sükut günündə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib: “Prezidentliyə namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb. Televiziyalarda prezidentliyə namizədlərlə bağlı, əsasən, müsbət və bitərəf materiallar işıqlandırılıb”.

Ə.Amaşov bildirib ki, Azərbaycan mediası seçkilərdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və seçkiləri əvvəlkindən daha peşəkar şəkildə işıqlandırıb.

Monitorinq aparılarkən məsələyə bir neşə aspektdən yanaşılıb. Onlardan biri də prezidentliyə namizədə yaxud səlahiyyətli nümayəndəsinə təbliğat imkanının yaradılması ilə bağlı olub. Burada monitorinqi aparılmış KİV-lərdə Prezidentliyə namizədlərlə bağlı materialların 3 prinsip üzərində dayanılıb, telekanallarda saniyələrlə, qəzetlərdə kvadratsantimetrlə və informasiya agentliklərində – internet informasiya portallarında mətndəki işarələrlə.

Monitorinqi aparılmış materialların təhlili göstərir ki, KİV-lər seçki ilə bağlı təqdimatlarda maraqlı olublar. Namizədlərə əsasən bərabər imkanların yaradılmasına çalışıblar. Mediada heç bir namizədə etikadan kənar münasibət bildirilməyib, diskriminasiya hallarına yol verilməyib, hansı qərəz nümayişi, təhqir, böhtan və ya aşağılayıcı münasibət motivləri nəzərə çarpmayıb. Əvvəlki seçki dövrləri ilə müqayisədə bu nəticəni böyük uğur kimi qiymətləndirmək mümkündür.

Monitorinq göstərir ki, ümumən KİV-lər seçkiqabağı təşviqat mərhələsinin davam etdiyi 19 mart 2018-ci il tarixdən 10 aprel 2018-ci il saat 08.00-dək namizədlərin təqdimatında tərəfsizliyi qoruyublar, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Seçki Məcəlləsindən, Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatn aparılması qaydası haqqında” Təlimatından, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”ndan irəli gələn tələbləri yerinə yetiriblər.

Monitorinqə cəlb edilmiş bəzi KİV-lərin materiallarında gizli siyasi təşviqat elementlərinə rast gəlinib. Lakin əvvəlki seçki dövrləri ilə müqayisədə belə hallara çox az təsadüf olunub. Ümumən bu kimi hallar nəzərəçarpacaq tendensiya kimi diqqət çəkməyib. Ancaq belə yanaşma istər-istəməz bəzi namizədlərin mediada təşviq olunmasını məhdudlaşdırıb. Onlar əsasən seçki məqsədi ilə ayrılmış vaxt və görüşlərdə özlərini təbliğ etmək imkanına malik olublar.

Monitorinqi aparılmış KİV-lər sükut dövrünün (2018-ci il 10 aprel saat 08.00-dan 11 aprel saat 19.00-dək) tələblərinə sadiq qalıblar. Bu müddətdə telekanallar, qəzetlər və informasiya agentlikləri üzərinə düşən tələbləri yerinə yetiriblər.

Hesabat dövründə monitorinqi aparılmış KİV-lərdə prezidentliyə namizədlərlə bağlı ümumilikdə 1051 material yayımlanıb. Bunlardan 311-i telekanallarda, 341 qəzetlərdə, 399-u informasiya agentlikləri və internet informasiya resurslarında yer alıb.

Seçkiqabağı təşviqat müddətində namizədlərlə bağlı cəmi 11 mənfi yüklü material yayımlanıb. Bunlardan 4-ü qəzetlərdə, 7-i informasiya agentlikləri və internet informasiya resurlarında qeydə alınıb. Telekanallarda ümumən mənfi təqdimat hallarına rast gəlinməyib.

Beləliklə monitorinq göstərir ki, KİV-lər 11 aprel 2018-ci il Prezident seçkilərini işıqlandırarkən Azərbaycan Respublikasının Konstitusiyasından, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının Seçki Məcəlləsindən, Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatn aparılması qaydası haqqında” Təlimatından, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”ndan irəli gələn tələbləri yerinə yetiriblər. Qeydə alınmış kiçik nöqsanlar medianın seçkidə iştirakı ilə bağlı ümumi müsbət tendensiyaya təsir göstərməyib.

Azərbaycan Mətbuat Şurası Prezident seçkiləri günü Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. Həmçinin jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb. Bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri müxtəlif seçki məntəqələrində media təmsilçilərinə yaradılmış şəraitlə tanış olublar. Onlar müşahidəçi qismində də seçkinin gedişini izləyiblər.

Bundan başqa Mətbuat Şurasının (012) 441 35 30 telefon, həmçinin (055) 201 99 26 və (050) 242 09 91 mobil nömrələri aprelin 11-də “qaynar xətt” rejimində fəaliyyət göstərib.

Aprelin 11-i saat 08.00-dan 19.00-dək olan müddətdə Prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirmiş jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb. Ötən zaman kəsiyində Şuranın “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub. “İnter.az” telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb.

Səsvermə müddətində seçki məntəqələrində monitorinq aparan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.

Qeyd edək ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri həmçinin olduqları məntəqələrdə yüksək seçici fəallığını, beynəlxalq və yerli müşahidəçilərə də hər cür şəraitin yaradıldığını qeydə alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.