Əli Əhmədov icbari tibbi sığortadan danışdı

“Biz Yevlax, Mingəçevir və Ağsunun timsalında icbari tibbi sığortanın uğurlu olması qənaətinə gəlmişik. Güman edirəm ki, yaxın illərdə icbari tibbi sığorta bütün ölkə miqyasında həyata keçiriləcək”.

 

XALQ.AZ xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, icbari sığortanın hər bir rayonda həyata keçirilməsi üçün lazımi baza yaradılır:

“Payızda Milli Məclisə icbari tibbi sığorta ilə bağlı yeni qanunlar, qanunlara dəyişikliklər təqdim ediləcək. Bu qanun layihələri qəbul olunduqdan sonra Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Pilot layihələr icbari tibbi sığorta ilə bağlı bir mərhələdir. İndi biz ciddi şəkildə icbari tibbi sığortanın birdəfəlik, yaxud bir neçə mərhələ olmaqla bütün Azərbaycanda həyata keçirmək üzərində düşünürük. Güman edirəm ki, hər iki variant məqbul sayıla bilər. Çalışacağıq ki, səhvə yol vermədən və səmərəli şəkildə çox yaxın illər ərzində Azərbaycanda icbari tibbi sığorta həyata keçirilsin”.

Daha sonra Əli Əhmədov “Bütün dünyada tətbiq edilən modeldə vətəndaşlar icbari tibbi sığortanın həyata keçirilməsində iştirak edirlər”- deyə jurnalistlərə bildirib

O, bildirib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər:

“Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad olacaqlar. Dövlət bu vəzifəni öz üzərinə götürəcək.

Çalışacağıq ki, ilkin və sonrakı mərhələdə icbari tibbi sığorta haqqı insanlarımız üçün ağır yük olmasın. Eyni zamanda çalışmaq lazımdır ki, icbari tibbi sığorta real tibbi xidmətləri göstərmək qüdrətində olsun. Bax bu iki nöqtə uzlaşmalıdır.

Bu barədə hazırda hesablama işləri aparılır, Maliyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi ciddi surətdə bu məsələnin işləyir.

Güman edirəm ki, bir neçə aydan sonra bütün sənədlər hazır olacaq”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.