Əli Həsənov “Heydər Əliyev vətəndaş birliyi yaratdı”

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

XALQ.AZ Trend-ə istinadən verdiyi məlumata görə, konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, müxtəlif dini konfessiyaların nümayəndələri, Milli Məclisin deputatları, din xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev haqqında çəkilmiş film nümayiş etdirilib.

Daha sonra tədbirdə çıxış edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Ümummilli Lider Heydər Əliyev 95 il bundan əvvəl Tanrının Azərbaycan xalqına bəxş etdiyi bir lider idi:

“O, nəinki özünün, ailəsinin, doğulduğu elin-obanın sonrakı taleyini müəyyən etdi, eləcə də Azərbaycan xalqının bugünkü inkişafının, bugünkü taleyinin müəyyən olunmasında pay sahibidir. Heydər Əliyev məhz o liderlərdən idi ki, Azərbaycan xalqının həm keçmiş, həm bugünkü, həm də gələcək taleyində önəmli nümunələr yaratdı və bu nümunələr ətrafında Azərbaycan xalqı yaşayır, fəaliyyət göstərir və cəmiyyətimiz dünyaya çoxsaylı nümunələr verir – tolerantlıq nümunəsi, ictimai-siyasi sabitlik nümunəsi, xalqlar, millətlər, dinlər arasında birgə yaşayışın sivil normalarının gözəl nümunəsini ortaya qoyur. Bu nümunələrlə biz fəxr edirik və fəxr etməkdə davam edəcəyik. Prezident İlham Əliyevin bu gün yürütdüyü kurs hər bir taleyüklü məsələnin həllində həmişə öz ətrafında ölkənin ziyalıları, dövlət və ictimai xadimləri ilə bərabər, din xadimlərini də birləşdirən Ümummilli Liderin yaratdığı o monolit milli-etnik birliyin nümunəsidir”.

Əli Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün vasitələrlə Azərbaycan dövlətini xilas etdi və onun qurtuluş missiyasını öz çiyninə götürdü:

“Əlbəttə, dövlətin təməlində milli birlik dayanmalıdır, ictimai-siyasi sabitlik dayanmalıdır, vətəndaşların iradəsi dayanmalıdır və ona görə də Ümummilli Lider milli birlik, vətəndaş birliyi yaratdı. Bu vətəndaş birliyini də çox zərgər dəqiqliyi ilə seçdi. Bu vətəndaş birliyinin təməlində insanların dininə, dilinə, mədəniyyətinə sayğı dayanırdı. O vaxta qədər Azərbaycan cəmiyyətini müxtəlif xalqlar və etnik qruplar arasında mübarizəyə sürükləyən insanlar Azərbaycan xalqında ciddi milli-etnik qarşıdurma yaratmışdı. Heydər Əliyev bu qarşıdurmanı aradan qaldırdı və hər bir insanın dininə, etnik dəyərlərinə, mədəniyyətinə hörmətlə yanaşdı və bu əsasda milli-etnik monolitliyi yaratdı. Ümummilli Lider dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı. Azərbaycanın bugünkü İslam dini modelinə və dini tolerantlığına baxın. Bizim dini modelimiz elə qurulub ki, inanclı insanlar dövlətin dünyəvi normalarına, dövlət isə inanclı insanların dini ayinlərinə müdaxilə etmir. Hər birinin öz yeri, öz çərçivəsi var. Bu qızıl ortamı Ümummilli Lider müəyyən etdi”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələrinə hörmətlə yanaşılır: “Azərbaycan cəmiyyətində məzhəbçilik yoxdur, heç zaman ölkəmizdə sünni-şiə qarşıdurması olmayıb, ona görə ki, Azərbaycanda heç kimin qəlbində belə ayrı-seçkilik yoxdur. Ümummilli Liderin yaratdığı nümunə budur. Heydər Əliyevin yaratdığı çox nümunələri göstərmək olar”.

 

Tədbirdə çıxış edən digər iştirakçılar da Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən geniş söz açıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.