Əli Həsənov: “Media cəmiyyətin formalaşmasında, inkişafında mühüm rolu oynayır”

ali

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Həsənov deyib ki, Azərbaycanda ümummilli lider hakimiyyətə qayıdandan sonra media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsinə qaldırıldı və mediaya bu cür münasibət sərgiləndi:

“Media cəmiyyətin formalaşmasında, inkişafında mühüm rolu oynayır. Ona görə də ulu öndər Heydər Əliyev medianı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi görürdü. Məhz buna görə də ümummilli lider media üzərində bütün ictimai tənzimləmə mexanizmlərini yığışdırdı və jurnalistlər özləri yığışıb Mətbuat Şurasını yaratdılar. Bu gün biz Azərbaycan dövləti olaraq medianın rolunu və yerini onların özlərinin gördüyü kimi görürük. Cənab prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib”.

Scroll to top