“ƏNGƏL”lərə qalib gələnlər – Anar!

ganira anar

Parlamentin yeni sessiyasının ilk iclasında gənc soydaşımız Anardan və onun durumunda olan həmyaşıdlarından danışmağı düşünürəm…

Anar!.. Onun həyatla mübarizəsi, eşqi, Yaradana sevgisi, şükranlıq hissi, oxumağa, elmə, biliyə böyük həvəsi və zəhmətsevərliyi qarşısında nə yazsam ürəyim soyuyar – bilmirəm ki…
O son illər bütün bu yetənəkləri ilə məndə yüksək fikir yaradan gənclərdən birdir. O, minlərlə gəncə ən gözəl örnəkdir. Bir neçə gün öncə belə bir “mesaj” aldım: “…Mən hər iki gözü görməyən, 1-ci qrup əliləm. Oxumaq, ali təhsil almaq ən böyük arzumdur. Bu il Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakultəsinə daxil olmuşam, amma topladığım bala görə ödənişli əsaslarla oxumalıyam. Atam da 1-ci qrup gözdən əlildir və ailəmizin hər il 1800 manat vəsaiti ödəmək imkanı yoxdur. Vaxtım isə çox azdır… bir neçə günə o vəsaiti ödəyə bilməsəm və qeydiyyatdan keçməsəm, o zaman ali təhsildən kənarda qalacağam… xəyallarım məhv olacaq. Xahiş edirəm, mənə köməklik edəsiniz”.

Anarın məktubu mənə çox təsir etdi və onunla görüşdüm. Qarşımda, sözün həqiqi mənasında, örnək bir gənc vardı. Hər iki gözünün görməməsinə baxmayaraq Anar idmanla məşğul olub (!) və uluslararası səviyyəli şahmat yarışlarında qalib olub..! Amma ailənin imkanları çox məhdud olduğundan bu istiqamətdə (də!) ona gərəkən dəstəyi göstərə bilməyiblər. Yoxsa, daha çox yarışın qalibi ola bilərmiş. – bunu anası deyir…

Anar sözün həqiqi mənasında, həyata, onun çətinliklərinə, ağrılarına təslim olmayaraq, onunla mübarizə aparara-apara inkişaf etməyə, öyrənməyə, xoşbəxt olmağa çalışır. Hər zaman şükranlıq içərisində olan bu gənc internet radioların birində aparıcılıq edir, proqram hazırlayır. Bir sözlə, universitetə hazırlaşmaqla yanaşı, bütün çətinliklərə baxmayaraq, çalışır, çalışır özünü təsdiq etməyə, sözün yaxşı mənasında “mən bacararam” hikkəsini sərgiləyir…

Radio aparıcısı olmaq, proqramlar hazırlamaq, yaxşı bir jurnalist olmaq həyatda ən böyük arzusudur Anarın. Amma ali təhsil almaq, təhsilli olmaq, müəllimlərdən biliklər öyrənmək istəyir, təbii…

Anarın məsələsi ilə məşğul olanda, bir neçə dəfə parlamentdə səsləndirdiyim problem… necə deyərlər, bir daha gündəliyə gəldi. – Təəssüf ki, 1-ci qrup əlillər, gözdən əlillər ali təhsil müəsisələrində ödənişli ali təhsil almaqdan azad edilməyiblər. Əslində, normal məntiqlə buna böyük ehtiyac var. Çünki bütün çətinliklərə, ağrılara baxmayaraq, ali təhsil almaq yolunu tutan, lakin görmə qabiliyyətini itirmiş yaxud hər iki gözü görməyən əlillərimizin, ümumən fiziki əngəlli vətəndaşlarımızın sayı o qədər də çox deyil və onların oxuması toplumumuz üçün daha təsirlidir, daha gərəklidir.

Sağlam uşaqlardan daha çətindir onların həyatda özlərinə yer tapmaları… O səbəbdən də onların ali təhsil müəssisələrində ödənişli təhsildən tamam azad edilməsinə böyük ehtiyac var. Bu ali təhsil müəsisələrinə üz titan əlil gənclərimizin əsas poblemi olan ödəniş problemini həll etməklə yanaşı yüzlərlə əlil gəncimizin ali təhsilə meyilliyinin artmasına və demək, gələcəyinin təminatına, inkişaflarına, həyata daha çox sarılmalarına önəmli dərəcədə təsir edərdi.

Parlamentin bu ilki payız sessiyasının ilk iclasında qaldıracağım birinci məsələ bu olacaq. Onu təkrar qaldıracağıma dair Anara söz vermişəm. Ümid edirəm ki, qısa vaxtda bu məsələ öz həllini tapar və dövlətimizin müvafiq orqanları belə bir humanist qərarı qəbul edər.

Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi bizə, Anarın qeydiyyatını həyata keçirə biləcəklərini və illik ödəniş olan 1800 manatı il ərzində hissə-hissə ödəməsi ilə kömək edə biləcəklərini, mövcud qaydalara görə ona başqa cür kömək edə bilməyəcəklərini bildirdi.

Bəzi qurumlara Anarın təhsili ilə bağlı kömək göstərilməsinə dair müraciət göndərdim və inşallah dostlarla birlikdə ona əlimizdən gələn köməyi edəcəyik amma ümid edirəm ki, gələn tədris ilinə kimi qanunvericilikdə dəyişikliklər olar və Anar, onun kimi gənclər təhsil haqqından tamam azad olarlar…

Anarın hekayəsi isə əsl ibrət, örnək bir hekayədir. İnanıram ki, neçə-neçə gəncimiz ondan örnək götürəcək. Həyatın bütün ağrılarına, çətinliklərinə baxmayaraq, oxumaq, təhsil almaq, inkişaf etmək arzusundan əl çəkməyəcəklər!

Anarı bir daha təbrik edirəm! İnanıram ki, həyat yolunda Ulu Tanrı hər zaman ona yar və yardımçı olacaq, o Azərbaycanın ən yaxşı jurnalistlərindən, aydınlarından biri olacaq. Özünün… gözlərində olmasa da, bütün vücudunu sarmış işığı ilə neçə-neçə görmə qabiliyyətini itirmiş gəncimizin yoluna da işıq salacaq.

Yolun acıq olsun, dəyərli dostum!