Əli Əhmədov: “Ölkədə təhsil sahəsində böyük islahatlar həyata keçirilir”

“Bu gün Azərbaycan təhsilinin qarşısında geniş vəzifələr durur”.

 

XALQ.AZ xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, ölkədə təhsil sahəsində böyük islahatlar həyata keçirilir və bu da öz bəhrəsini verir:

“Təhsil Azərbaycanın inkişafının ən fundamental əsaslarından biri kimi dəyərləndirilir. Güman edirəm ki, bu gün dövlət siyasətində təhsilə önəm verilməsi gələcəkdə Azərbaycanın inkişafı üçün daha etibarlı fundamentin qurulması üçün çox ciddi və geniş meydan açacaq”.

Ə.Əhmədov əlavə edib ki, hər bir ölkə öz inkişafında təhsilə borcludur:

“Ona görə də diqqət yetirməli olduğumuz məsələ təhsilin Azərbaycanın ciddi fundamentinə çevrilməsidir. Bu gün Azərbaycanın böyük təhsil ordusu – müəllimlər və şagirdlər təhsilin qarşısında duran vəzifələri dərk edə bilirlər. Təhsil sahəsi geniş islahatlar yolundadır. Bu islahatlar Azərbaycan təhsilini yeni inkişaf mərhələsinə çatdıracaq. Təhsil Azərbaycanın ən qüdrətəli, vacib inkişaf yollarından biri olacaq”.

 

Elgün