Əli Abbasov kollegiya iclası keçirdi

03

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ötən doqquz ayın yekunlarına dair kollegiya iclası keçirilmişdir

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin doqquz ayının yekunlarına dair kollegiya iclası keçirilmişdir.
Xalq.az  xəbər verir ki, iclasda 9 oktyabr prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlmiş İlham Əliyevə rabitəçilər adından ünvanlanmış təbrik məktubu oxunmuşdur. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seçki sistemində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə toxunaraq, bunun daha şəffaf, ədalətli və mütərəqqi qaydada keçirilməsinə yönəldiyini vurğulamışdır.
Nazir “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində genişmiqyaslı tədbirlərin və müvafiq layihələrin həyata keçirildiyini qeyd etmiş, əldə olunan nailiyyətlərdən danışmışdır.
İclasda bildirilmişdir ki, fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması 2013-cü ilin ən mühüm hadisələrindəndir. Ölkəmiz bununla dünya kosmik sənaye ölkələri sırasına daxil olmuşdur. Artıq peyk kommersiya fəaliyyəti göstərir və qısa müddətdə “Azerspace-1” peyki üzərindən yayımlanan telekanalların sayı 58-ə çatdırılmışdır. Hazırda 2016-cı ildə yer səthinin müşahidəsi üçün daha bir Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə danışıqlar aparılır.
Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə Dünya Rəqabətlilik Hesabatında qlobal rəqabətqabiliyyətlilik indeksinə görə Azərbaycanın dünyanın 148 ölkəsi arasında 39-cu yerdə qərarlaşdığını vurğulayan nazir demişdir ki, ölkəmiz MDB məkanında növbəti dəfə öz liderliyini qorumuşdur.
Rəqəmli televiziyanın tətbiqi istiqamətində görülmüş işlərdən danışan Ə.Abbasov respublika əhalisinin 96 faizinin rəqəmli televiziya yayımı ilə təmin olunduğunu bildirmişdir .
Qeyd olunmuşdur ki, “Elektron hökumət”in inkişaf etdirilməsi üçün görülən işlər çərçivəsində “E-hökumət” portalının yeni versiyası istifadəyə verilmiş, “e-imza”nın tətbiqi genişləndirilmişdir. Hazırda “Elektron hökumət” portalına qoşulan qurumların sayı 41-ə, onların portala inteqrasiya edilmiş elektron xidmətlərinin sayı 256-ya çatdırılmışdır.
Gələcək planlardan söz açan Ə.Abbasov demişdir ki, həyata keçirilməsi nəzərdə tutulan əsas layihələrdən biri 2013-2015-ci illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində, hətta ən ucqar kəndlərdə fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı” layihəsidir. Layihə əlaqədar dövlət qurumları ilə tam razılaşdırılmışdır.
Kollegiya iclasında ilin doqquz ayında rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilmişdir. Məruzədə qeyd edilmişdir ki, bu dövrdə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 1196,8 milyon manata çatmışdır. Sektor üzrə əldə olunan gəlirlərin ümumi daxili məhsulda payı 1,8 faiz təşkil etmişdir.
Sonra məruzə ətrafında nazirliyin bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilmişdir.
Kollegiya iclasına yekun vuran Ə.Abbasov gələcək hədəflərə toxunaraq dövlətimizin başçısının sahə ilə bağlı müvafiq fərman və sərəncamlarında, o cümlədən dövlət proqramlarında nazirliyin üzərinə düşən vəzifələrin icrasının vacibliyini qeyd etmişdir. Nazir bu il rəqəmli TV yayımının genişləndirilməsi, informasiya təhlükəsizliyi, tənzimlənmə, “E-hökumət”, “Elektron imza”, ümumilikdə, elektron xidmətlərin həcminin artırılması, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirmişdir.