Əli Həsənov: Media siyasətinin iflasa uğraması haqqında fikirlər əsassızdır

lkədə media siyasətinin iflasa uğraması haqqında fikirlər illərdir milyonlarla pul xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin iddialarına əsaslanır.

XALQ.AZ-ın məlumatına görə, bu sözləri jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının jurnalistlərə təqdim olunması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

“İflasa uğrayan o siyasətdir ki, illərdir, özünün vergi ödəyicilərinin pullarını qrant adı ilə başqa ölkələrin jurnalistləri, media nümayəndələrini öz təsiri altına salaraq, bunu öz dövlətinə, dövlətçiliyinə, milli maraqlarına qarşı istifadə etməyə çalışanların siyasətidir”, – deyə o bildirib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanın strateji marağı olan “TAP layihəsinə yox deyək” aksiyası həyata keçirmək istəyirlər:

“Budur qrant siyasətini həyata keçirənlərin Azərbaycan jurnalistlərindən hazırladıqları vətəndaş və ya jurnalistlər. Bir ölkənin müstəqil mediasını təsir altına alaraq dövlətçiliyə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, bizə belə inkişaf lazım deyil. Azərbaycan mediasının təməli sağlam qoyulub.

Media ilk növbədə insanları informasiya ilə təmin etməli, maarifləndirməlidir, vətənpərvərlik aşılamalıdır. “Azərbaycanda media siyasəti iflasa uğrayıb” deyənlər baxsınlar ki, medianın üzərində nəzarəti həyata keçirən inzibati orqan varmı? Azərbaycanda jurnalistlərin özünütənzimləmə orqanı olan Mətbuat Şurası formalaşıb. Azərbaycan dövlətinin təklif etdiyi mənzili jurnalistlər ala da, almaya da bilər. Prezidentin media siyasətindən hansı jurnalist müstəqilliyini itirib?

Əksinə, qrant siyasəti üzərində media formalaşdırmaq istəyənlər bunu təlqin edirlər. Biz bilirik ki, yazılı mediaya yardım göstərməsək, onlar fəaliyyətini dayandıracaq. Yazılı media ölkənin tarixi salnaməsini yaradır. Bu salnaməni hansısa internet mediasında yaratmaq mümkün deyil. Gələcək nəsillər üçün ölkənin ictimai-siyasi tarixinin yazılı salnaməsi yaradılır. Xarici agentlərin otaqlarda ayırdığı qrantlarla prezident İlham Əliyevin mediaya ayırdığı yardımların fərqi məlumdur. Qrant mediasının nümayəndələri TAP, TANAP-a qarşı çıxır, ancaq bu layihələr Azərbaycanın strateji maraqları ilə bağlıdır. O insanlar Azərbaycan cəmiyyətindən hansı təpkiləri alacaqlarını gözləri qarşısına gətirsinlər”.

Ə. Həsənov bildirib ki, milli mətbuat bu gün prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və Azərbaycan dövlətinin maraqlarına xidmət edir. Ə.Həsənov vurğulayıb ki, qrant mediasının xaricdə oturan və Azərbaycan dövlətinə xəyanət edən nümayəndələri isə bəzi dairələr tərəfindən idarə olunurlar, milli maraqlara qarşı fəaliyyət göstərirlər.