Əmək qabiliyyətli əlillərin işlə təmin olunması vacib məsələdir-Video

Millət vəkili Q.Paşayeva Milli Məclisdə əlillərin hüquqları ilə bağlı təkliflərlə çıxış edib. Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirələri zamanı əlillərin problemlərindən danışıb və müvafiq qurumları təcili addımlar atmağa çağırıb: “Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var.

Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün ciddi işlər görülməlidir”.
Millət vəkili yeni qanun layihəsində əlillərin əmək hüquqları məsələsinə ciddi önəm verilməli və bu istiqamətdə qanunların həyata keçirilməsi mexanizmlərinin gücləndirilməli olduğunu qeyd edib:“Eyni zamanda nəqliyyat vasitələrində metrodan, avtobuslardan və digər nəqliyyatlardan əlillərin istifadə edə bilmək imkanları çox pis vəziyyətdədir və onların nəqliyyatdan istifadə edə bilmək hüquqları ilə bağlı ciddi işlər görülməlidir. Eyni zamanlarda yol infrastrukturunda, rəsmi qurumlarda, binalarda əlillərin hərəkət edə bilməsi üçün imkanlar genişlənməlidir və ciddi problemlər aradan qaldırılmalıdır. Qarabağ müharibəsi əlillərinin hüquqlarının müdafiəsi ilə də bağlı yeni qanunda daha geniş məsələlər öz həllini tapmalıdır və ümid edirəm ki, müzakirələr və qəbul edilən sənəd əlillərin hüquqlarının daha çox müdafiəsinə xidmət edəcək. Çünki buna ciddi ehtiyac var”, – deyə Q. Paşayeva qeyd edib.
Elgün