Əməkdaşlıq edirik ki, qaranlıq heç bir şey qalmasın

68

 

Mili Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az saytına müsahibə verib.

  • Akif müəllim, Milli Məclisin yaz və növbədənkənar sessiya daha çox nəylə yadda qaldı?

  • Ümumiyyətlə, ötən 6 ay ölkəmizin həyatında çox maraqlı hadisələrlə yadda qaldı. Milli Məclis ölkədə gedən bütün proseslərdə maksimum dərəcədə iştirak edir. 2013-cü il dünya mürəkkəb proseslərlə müşahidə olundu və bu gün də olunmaqdadır. Ölkəmiz üçün həqiqətən də ötən dövr çox düşərli keçdi. İlk növbədə ötən 6 ay müddətində Azərbaycan bütün sahələr üzrə bölgədə liderliyi qoruyub saxlaya bildi. Bu il dövlət səviyyəsində qeyd olunan bir sıra yubileylərlə əlamətdar oldu. Möhtərəm şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyi, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95, Milli Qurtuluşun 20-ci, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümləri qeyd olundu. Milli Məclis bu təntənələrdən kənarda qalmadı. Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar parlamentin xüsusi iclası keçirildi. Qanunvericilik orqanda “Parlament tariximizin Heydər Əliyev dövrü” adlı kitab işıq üzü gördü. Belə müstəvidə həm Azərbaycan dövləti, həm də onun ali qanunverici orqanı bu tədbirlərin keçrilməsində yaxından iştirak edib, birbaşa onların iştirakçısı olub.
    Milli Məclisin 2013-ci il yaz və növbədənkənar sessiyaları həm qanun yaradıcılığı baxımdan, həm də bütün digər tədbirlərin keçirilməsi baxımından çox səmərəli oldu. Milli Məclis öz işini Konstitutusiya uyğun olaraq tam yerinə yetirdi.

  • Qəbul olunmuş qanunlardan daha çox hansılar yaddaqalan oldu?

  • Milli Məclisin qanun yaradıcılığı sahəsində gördüyü işlər təqdirəlayiqdir. Parlamentin 2013-cü il yaz və növbədənkənar sessiyaları dövründə 15 plenar iclas keçirilib, 171 qanun və qərar qəbul olunub. Yaz sessiyasında parlamentin 12 iclası keçrilib, 139 qanun və qərar qəbul olunub. Onlardan 9-u qanun, 93-ü qüvvədə olan qanunlara əlavə və dəişiklər, 11-i qərar, 26-i isə beynəlxalq müqavilələr və konvensiyalar olub. Növbədənkənar sessiya dövründə isə 3 iclas keçrilib, 32 qanun və qərar qəbul olunub ki, onlardan 5-i qanun, 6-sı beynəlxalq sənəd, 13-ü qanunlara əlavə və dəyişiklər, 8-i qərarlar olub.
    Yaz və növbədənkənar sessiyalar dövründə Milli Məclis komitələrinin 75 iclası keçirilib, 199 qanun və 10 qərar layihəsinə baxılıb. Bütövlükdə komitələrdə 227 məsələ müzakirə edilib. Qanun yaradıcılığı məsələsinə gəlincə, Milli Məclis bütün sessiyalar dövründə çalışır ki, həyatımızın bütün sahələri əhatə olunsun. Xüsusilə, insan hüquqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi, sosial sahə, hüquqi sahə, iqtisadi, maliyyə sahəsi, energetika və ekologiya, yəni bütün sahələr əhatə edilir. Milli Məclisdə qəbul olunan bütün qanunlar səmərəlidir, cəmiyyətimiz üçün əhəmiyyətlidir. “Uşaqların icbari dispanzererisasiyası haqqında” qanun, “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklər, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun, “Dərman vasitələri haqqında” qanun və bir sıra belə qanunları da vurğulaya bilərəm.

  • Beynəlxalq sahədə fəaliyyəti necə qiymətləndirmək olar?

  • Sessiya ərzində Milli Məclisin beynəlxalq münasibətlərin inkişafı istiqamətində də atdığı addımlar yüksək qiymətləndirilməlidir, həqiqtən də geniş sferasını əhatə edir. Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrə səfərlər edib, eyni zamanda xeyli sayda xarici ölkələrdən nümayəndə heyətləri Azərbaycana gəlib, Milli Məclisdə qonaq olublar. Milli Məclisin sədrinin başçılığı ilə nümayəndə heyəti Pakistan İslam Respublikasında işgüzar səfərdə olub, İtaliyada Roma Papasının andiçmə mərasimində iştirak edib, Belçikaya rəsmi səfəri olub, Türk PA-nın 4-cü plenar sessiyası dövründə Türkiyəyə səfəri olub. Milli Məclisin nümayəndə heyəti beynəlxalq təçşkilatların işində fəallıq nümayiş etdirirlər. Deputatlarımız ATƏT Parlament Assambleyasının, Avstriyada keçirilən qış, Türkiyədə keçirilən yay sesisyalarında iştirak ediblər. NATO Parlament Assambleyasının Lüksemburqda keçirilən yaz sessiyasında, Parlamentlərarası İttifaqın 128-ci sessiyasında, Avropa Şurası Parlament Assambleyasının yaz və yay sessiyalarında, MDB Parlamentləraası Şura və Assambleya iclaslarında və digər nüfuzlu qurumların tədbirlərində iştirak ediblər, eyni zamanda xeyli sayda dostluq qruplarının nümayəndələri bir çox ölkələrdə, eləcə də onların nümayəndələri bizdə olub. Azərbaycan artıq bir sıra beynəlxalq tədbirlərin iştirakçısı olmaqla yanaşı, həm də onlara ev sahibliyi etmək iqtidarında olub, bu ənənə davam etdirilir. Beynəxlalq Parlament təşkilatlarının iclasları keçirilib. AVRONEST PA-nın Enerji təhlükəsizliyi komitəsinin iclası, “Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda tədbir, İslam əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İsrail komitəsinin 30-cu iclası keçrilib.

  • Bəs Milli Məclisin fəaliyyətinin işıqlandırılmasında medianın fəaliyyətini necə qiymələndirirsiniz?

  • Milli Məclisin mətbuat xidməti olaraq biz mətbuat nümayəndələri ilə işimizi nisbətən qənaetbəxş hesab edirik və bizim mətbuatla əlaqələrimiz normal şəkildədir, qarşılaqlı əməkdaşlıq şəklində işlərimizi həyata keçiririk. Çalışırıq ki, qanunun imkan verdiyi qədər mətbuatın bütün suallarını cavablandıraq və biz heç bir sualdan qaçmırıq. Bu əməkdaşlığı inkişaf etdirməyə çalışırıq Amma doğru, dürüst məlumatların verilməsinin tərəfdarıyıq. Mətbuat nümayəndələrindən xahişimiz və tələbimiz də odur ki, əməkdşalıq edirik ki, qaranlıq heç bir şey qalmasın. Bütün suallar bizə ünvanlanırsa, biz o sualları cavablandırmağa çalışırıq. Yaz və növbədənkənar sessiyalar dövründə Milli Məclisdə 73 KİV vasitəsi akreditə olunub, 15 televiziya və radio, 34 qəzet və 24 agentlik parlamentin fəaliyyətini işıqlandırıb.

  • Qarşıdan gələns sessiya dövründə nələr gözlənilir?

  • Milli Məclisin payız sessiyasının ilk iclası sentyabr ayının son gününə düşür. Sessiyanın gündəliyi barədə danışmaq bir az tezdir. Artıq ayrı-ayrı komitələr öz iclaslarını keçirirlər və komitələr plenar iclasa tövsiyyə olunacaq məsələləri müzakirə edib, qərar qəbul edirlər. Bunlar hamısı ümumiləşdirilir və payız sessiyasının ilk iclasının gündəliyi hazırlanır.

  • Bəs payız sessiyasında Milli Məclisin iclaslarını neçə jurnalist işıqlandıracaq?

  • Jurnalistlər sentyabrın 15-ə qədər Milli Məclisdə akreditasiya olunmaq üçün ərizələrini veriblər. Bu vaxta qədər bizə 60 məktub daxil olub. Hazırda məktublar şöbəmiz tərəfindən araşdırılır, baxılacaq. Hansı KİV məqbul sayılacaqsa, qanuna uyğun olaraq onlar akreditasiya olunacaq. Yəqin ki, onların sayı barədə yaxın günlərdə açıqlama veriləcək.