“Əsrin müqaviləsi”-nin 20 illiyidir

 

2

“Əsrin müqaviləsi”nin imzalanmasından 20 il ötür.

XALQ.AZ  xəbər verir ki, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun məhsullarının bölünməsi üzrə “Əsrin müqaviləsi” 1994-cü ilin  20 sentyabrında  imzalanıb.

Müqavilə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında imzalanıb.

Sonrakı illərdə Azərbaycanın neft-qaz sahəsində müxtəlif yataqlar və perspektiv strukturlar üzrə orta hesabla 30 sazişin imzalanmasına, yeni terminalların inşasına, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin və s. işə salınmasına baxmayaraq, “Əsrin müqaviləsi” ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir. Bu sənəd respublikanın bütün iqtisadiyyatının inkişafına təkan verib.

“Əsrin müqaviləsi”nin əhəmiyyəti respublikanın neft satışından əldə etdiyi vəsaitlərin həcmi ilə kifayətlənmir. Bu sazişin imzalanması Azərbaycanı ölkə iqtisadiyyatına müxtəlif layihələrin həyata keçirilməsi və çoxmilyardlı investisiyaların qoyuluşu üçün etibarlı tərəfdaş kimi təsdiq edib.

Neft gəlirləri ölkə qarşısında Gürcüstan, Türkiyə və digər ölkələrdə layihələrin həyata keçirilməsinə imkanlar açıb.

Azərbaycan “Azəri-Çıraq-Günəşli”nin işlənməsi üzrə saziş sayəsində təkcə öz enerji təhlükəsizliyini deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırlaşır.

“Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçılarına BP (operator – 37,43 faiz iştirak payı), “ChevronTexaco” (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), “Statoyl” (8,56 faiz), “ExxonMobil” (8,006 faiz), TPAO (6,75 faiz), “Itochu” (4,3 faiz), “Delta Hess” (2,72 faiz) daxildir. Sazişin qüvvədə olma müddəti 30 ildir.

Saziş üzrə “Azəri-Çıraq-Günəşli”də neft hasilatının genişləndirilməsi tədricən, yeni yataqların işə salınması ilə həyata keçib. “Çıraq” yatağında hasilata 1997-ci ildə, “Mərkəzi Azəri”də 2005-ci ildə, “Qərbi Azəri”də 2006-cı ilin əvvəlində, “Şərqi Azəri”də 2006-cı ilin sonunda başlanılıb.

“Günəşli” yatağında suyun dərin hissəsində hasilatın başlanılması 2008-ci ilin ortalarında baş tutub. “Azəri-Çıraq-Günəşli”də Azeri Light növlü neftin hasilatının artırılmasını nəzərdə tutan Chirag oil project (COP) layihəsi həyata keçirilməyə başlayıb. COP layihəsinin həyata keçirilməsi çərçivəsində (“AÇQ” üzrə sazişin 2024-cü ildə qüvvədə olma müddəti başa çatana qədər) ümumilikdə 300 milyon barel neftin hasil edilməsi planlaşdırılıb. “AÇQ”də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir.

Bu gün Azərbaycanda həm də neft-qaz sənayesi işçilərinin peşə bayramı – “Neftçilər günü” qeyd edilir.

Bu gün Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il fərmanı ilə peşə bayramının qeyd edilməsi kimi rəsmiləşdirilib.