Peşə liseyində nələr baş verir?

Ceyranbatan

Ceyranbatan qəsəbəsində yerləşən peşə liseyinə rəhbərlik etmiş, hazırda isə 12 saylı Bakı peşə liseyinin direktoru Eynulla Qasımovun əməllərindən, onun yol verdiyi ciddi nöqsanlardan redaksiyamıza məlumat daxil olub. Məlumatda qeyd olunur ki, adıçəkilən təhsil müəssisəsində tələbələrdən müxtəlif bəhanələrlə pul yığılır, sinif jurnalları müəllimələrə baha qiymətə satılır, müəllimlər isə öz növbəsində, məcburiyyət qarşısında qalıb jurnalın pulunu tələbələrdən çıxarırlar.

12 saylı Bakı peşə liseyində az qala anarxiyanın hökm sürdüyünü vurğulayan məlumatlı şəxsin iddiasına görə, təhsil ocağında maraqların təmin olunması əsas meyarlardan birinə çevrilib: «Bu gün Eynulla Qasımovun rəhbərlik etdiyi peşə liseyində bir çox tələbələrin adları sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmir, bunun əvəzində isə rəhbərliyin «tələb»lərini nöqtə vergülünə kimi icra edirlər. Dərsdə iştirak etməyən tələbələrin hər biri bir ay üçün 80-100 manat civarında xərcə düşməlidirlər. Əks halda, onların liseydə təhsil almaları çətin və müşkül məsələyə çevrilə bilər. Məhz elə buna görə də 12 saylı Bakı peşə liseyində təhsil alan şəxslərin bir çoxu irəli sürülən «şərt»lərlə razılaşmaq məcburiyyətində qalırlar». Adıçəkilən peşə liseyində imtahanların keçirilməsi zamanı bir sıra özbaşınalıqlara imza atıldığını deyən məlumatlı şəxs bildirir ki, imtahanlarda uğursuzluğa düçar olan tələbələr hər kəsiri «düzəltmək», yaranmış problemi aradan qaldırmaq üçün təxminən, 50-100 manat ödəməlidir: «Əgər Təhsil Nazirliyi, eləcə də digər müvafiq dövlət orqanları bircə dəfə 12 saylı liseydə obyektiv araşdırma aparsalar, o zaman məlum olacaq ki, Eynulla Qasımovun bir sıra əməlləri nəticəsində sözügedən peşə liseyində təhsildən əsər-əlamət belə qalmayıb. Elə buna görə də liseyin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri təşkilat, müəssisə, idarə və şirkət rəhbərləri tərəfindən qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Bütün bunların məsuliyyəti isə birbaşa liseyin direktorunun üzərinə düşür. Çünki o, işinin öhdəsindən layiqincə gəlməyi bacarmadığı, liseydə hərc-mərcliyi yığışdıra bilmədiyi və ya məqsədli şəkildə yığışdırmadığı üçün məzunların böyük əksəriyyəti işsiz, küçələrdə veyil-veyil gəzirlər».

E. Qasımovun uzun müddətdir ki, liseydə yol verilən özbaşnalıqları və qanun pozuntularını Təhsil Nazirliyinin diqqətindən məharətlə yayındırmağı bacardığını qeyd edən mənbənin iddiasına görə, bir sıra «vacib mərhələ»ləri keçdikdən sonra adıçəkilən liseyə qeyri- qanuni tələbə qəbulu həyata keçirilir: «Eynulla Qasımov bunu əsasən özünə yaxın bildiyi şəxslər vasitəsilə reallaşdırır. Və sonda əldə olunmuş «qənimət» 60-ın 40-a prinsipilə bölüşdürülür. Söz yox ki, bütün bunlar ümumilikdə ölkənin təhsil sisteminə, eyni zamanda hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyyəsinə mənfi təsir göstərir».

Məlumatlı şəxs E. Qasımovun Ceyranbatan qəsəbəsində yerləşən peşə liseyinin direktoru olduğu dönəmlərdə yol verdiyi ciddi nöqsanlardan danışarkən bildirdi ki, o, adıçəkilən təhsil müəssisəsinə təyinat aldıqdan bir müddət sonra liseyin əvvəlki direktorunu və digər rəhbər şəxsləri həbs etdirəcəyilə hədələyib: «Əslən Sabirabad rayonundan olan Eynulla Qasımov Ceyranbatan peşə liseyinə rəhbərlik etdikdən bir qədər sonra liseyin ondan öncəki direktorundan, müavinlərdən, eləcə də mühasibdən pul yığıb və bildirib ki, əgər onun dediklərinə əməl olunmasa, o zaman onları tutduracaq. Odur ki, liseyin əvvəlki direktoru, müavinlər və mühasib məcburiyyət qarşısında qalıb Eynulla Qasımovun istəklərini reallaşdırıblar…»