150-ə yaxın mənzil sahibinə sənədlər təqdim olunub

Ölkədə daşınmaz əmlakın qeydiyyatının bilavasitə yerlərdə keçirilməsi, xidmətlərin birbaşa olaraq vətəndaşların ünvanlarında göstərilməsi tədbirləri davam etdirilir. Belə tədbirlər respublikanın ucqar bölgələri ilə yanaşı, paytaxtda və digər iri şəhərlərdə yerləşən yeni inşa edilmiş çoxmərtəbəli bina sakinlərini də geniş şəkildə əhatə edir. XALQ.A-ın məlumatına görə, belə tədbirlərin davamı olaraq növbəti “Kütləvi çıxarış” kampaniyası martın 1-də Sumqayıt şəhərində yerləşən bir neçə yeni inşa edilmiş yaşayış kompleksini əhatə edib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşən 2 yaşayış kompleksinin 150 sakininə ünvanlarındaca çıxarışlar verilib. Başqa sözlə 5 bloklu 171 mənzilli bina sakinlərinin müraciət etmiş 100 nəfəri, eləcədə 1 girişli 72 mənzilli yaşayış kompleksinin sakinlərinin müraciət etmiş 50 nəfəri kampaniyadan yararlanıblar. Digər sakinlərdən isə bu kompleksdə yerləşən mənzillərinə dair çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. Çıxarışların vətəndaşlara ünvanlarında təqdim olunması həm məişət, həm də işgüzar fəaliyyətin yerinə yetirməsi üçün bina sakinlərinə əlavə zaman qazandırır. Başqa sözlə kampaniya vətəndaşların məşğulluq prosesinin pozulmadan qeydiyyat xidmətindən yararlanmasına, bu sahədə əlçatanlığın artırılmasın və vətəndaş məmnunluğuna səbəb olur. Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.

Belə yaşayış komplekslərində yerləşən mənzillərin kütləvi qaydada çıxarışla təmin olunması bu sektorda dövlət qeydiyyatına alınmış mənzillərin payını artırır, vətəndaşlara mülkiyyəti ilə bağlı iqtisadi əməliyyatların daha rahat aparılması imkanlarını genişləndirir. Eyni zamanda proses əhalinin mənzil bazarına olan marağı artırmaqla bu əmlakların hüquqi və iqtisadi əməliyyatlara cəlb olunması aktivliyini və rahatlığını təmin edir, belə əmlaklar isə vətəndaşlar üçün əlavə gəlir mənbəyinə çevrilir. Qeyd edilməlidir ki, Bakı şəhərinin müxtəlif rayonlarında, Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin mənzil sahibləri üçün 20-dən çox belə çıxarış kampaniyaları keçirilmişdir. Bu kampaniya çərçivəsində minlərlə mənzil sahibi olan vətəndaşlara bilavasitə ünvanlarda qeydiyyat xidmətləri göstərilmişdir.

Həmin gün bu yaşayış kompleksinin sakinlərinə hüquqi yardım xidməti də göstərilib. Vətəndaşlara çıxarış almaq üçün lazım olan sənədlər barədə məlumat verilib. Həmin sənədlərin hansı qurumdan alınması ilə bağlı məlumatı az olanların suallarını komitənin əməkdaşları cavablandırıb. Bundan başqa kampaniya çərçivəsində sakinlərə bildirilib ki, artıq təkrar bazarda daşınmaz əmlakın, o cümlədən torpaqların, mənzillərin qeydiyyatı tam olaraq onlayn rejimdə həyata keçirilir. Qeyd edilib ki, yeniliklərdən biri olan elektron çıxarışın tətbiqi də prosesin tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Belə ki, artıq elektron çıxarışı olan vətəndaşlar əmlaklarına dair hüquqi və iqtisadi əməliyyatlar apararkən müvafiq qurumlara kağız formasında sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı, ipoteka, girov əməliyyatları aparılarkən tələb olunan arayışlar müvafiq qurumlara komitə tərəfindən onlayn rejimdə təqdim edilir və sənədlər elektron qaydada ərazi qeydiyyat ofislərinə ötürülür. Çıxarışlar isə vətəndaşın istəyinə uyğun olaraq kağız formada təqdim olunur və ya elektron hökumət portalında yaradılan vətəndaşın şəxsi kabinetində yerləşdirilir. Eyni zamanda sakinlərə bildirilib ki, onlar üçün yeni inşa edilən binalardan aldığı mənzilə dair çıxarışların təmin olunması barəsində əvvəlcədən onlayn qaydada məlumat almaq imkanları yaradılıb. Bu məqsədlə komitə tərəfindən yaradılan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmət vətəndaşların istifadəsindədir.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qeydiyyat xidmətlərini birbaşa ünvanlara çatdıran belə sosial tədbirlər vətəndaş məmnuniyyətinin artırılması, daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi, şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Xatırladaq ki, komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir