Şeyxin səfəri-Fotolar

 

 

Özbəkistan Prezidenti Şavkat Mirziyayev “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün Daşkəndə gələn Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin, Türkiyə Din İşləri İdarəsinin sədri Əli Ərbaşın da iştirak etdikləri görüşdə Özbəkistan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin davamlı olaraq inkişaf etdiyi bildirilib.

Allahşükür Paşazadə Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar müxtəlif ölkələrdə keçirilən tədbirlər, Daşkənddə təşkil olunan “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans barədə məlumat verib. Bildirilib ki, bundan əvvəl Türkiyə, İran, Finlandiya və digər ölkələrdə də belə tədbirlər keçirilib və bu istiqamətdə işlər davam edir.

Prezident Şavkat Mirziyayev qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi İslam dünyası üçün zəruri addımdır və bu təşəbbüs bütün müsəlman dünyasında dəstəklənir. Bu məsələ Daşkənd konfransında qəbul olunan bəyanatda da öz əksini tapıb.

Dövlət başçısı Özbəkistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin, təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıb.

Şavkat Mirziyayev bildirib ki, Özbəkistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq yerinə yetirilməsinin tərəfdarıdır.

******

Фото Yaqut Aliyeva.

Daşkənddə keçirilən “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak edən Azərbaycan nümayəndə heyəti qədim Səmərqənd şəhərində olub.
Nümayəndə heyəti əvvəlcə Səmərqənddəki İmam Buxari məqbərəsini ziyarət edib. Qonaqlara məqbərənin tarixi haqqında məlumat verilib. Şeyxülislam və digər qonaqlar kompleksdəki məsciddə namaz qılıblar.

Фото Yaqut Aliyeva.

Фото Yaqut Aliyeva.

****

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Daşkənddə keçirilən “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransdan sonra qonaqlar Buxara şəhərində olublar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Milli Məclisin deputatları Eldar İbrahimov, Siyavuş Novruzov, Hikmət Babaoğlu, Cavanşir Paşazadə və digərlərinin daxil olduğu nümayəndə heyəti şəhərlə yaxından tanış olub və silsilə görüşlər keçirib.

Qonaqlar Buxara ilə tanışlığa Bahauddin Naqşibəndi məqbərəsini ziyarətlə başlayıblar. Onlara Bahauddin Naqşibəndi və məqbərənin tarixi haqqında məlumat verilib. Şeyxülislam kompleksin nəzdindəki Ali Mədrəsəsinin tələbələri ilə görüşüb, onlara xeyir-dua verib.

Mədrəsənin rektoru Xayderxan Yuldaşxujaev şeyxi salamlayıb, mədrəsə haqqında məlumat verib. Sonra qonaqlar kompleksin məscidində namaz qılıb, şeyxülislam Allahşükür Paşazadə kompleksin rəylər kitabına ürək sözlərini yazıb.

Qonaqlar Buxaranın mərkəzindəki Mir Ərəb mədrəsəsində də tələbə və müəllimlərlə görüşüblər.

Mədrəsənin direktoru Elov Jabir bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə bu mədrəsədə təhsil alıb. Onun sözlərinə görə Çeçenistanın birinci prezidenti, mərhum Əhməd Kadırov, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin və digərləri bu mədrəsənin yetirmələridir. Şeyxülislam söyləyib ki, hər dəfə buraya gələndə həm sevinir, həm də kədərlənirəm. Bunu izah etməyə məncə ehtiyac yoxdur. Buranın hər daşı, hər kərpici mənə əzizdir.

Şeyx tələbələrə müraciətlə deyib: Siz gələcəyin alimləri və ilahiyyatçılarısınız, Allahın kəlamlarını insanlara çatdıran adamlar olacaqsınız. Yaxşı təhsil almaq, dini dəyərlərə dərindən yiyələnmək sizin borcunuzdur”. Qonaqlar IX-X əsrə aid İsmayıl Samani məqbərəsi, Samanilər bağı və digər tarixi yerləri gəzərək Buxarada keçirilən “Şəhər Günü” bayramına qatılıblar.

Sonra şeyxülislam Allahşükür Paşazadə Mir Ərəb mədrəsəsində təhsil aldığı illərdə ona dərs deyən müəllimi, şair və alim, azərbaycanlı İbrahim Qasımovun məzarını da ziyarət edib, onun ruhuna dua oxuyub. Bununla da şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyətinin Özbəkistana səfəri başa çatıb.

 

Scroll to top