2020-ci illlərdən sonra Azərbaycan 40 milyard kub metr təbii qaz hasil edəcək

natiq aliyev

“TAP layihəsinin Avropa ölkələri tərəfindən seçilməsi heç də NABUKO layihəsinin reallaşmayacağı demək deyil. Hesab edirəm ki, NABUKO layihəsi hələki öz əhəmiyyətini itirməyib”. SİA-nın xəbərinə görə, sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında belə deyib. Nazir bildirib ki, bunun əsas səbəbi Türkiyə və Bolqarıstan arasında davam edən sıx əlaqələrin mövcudluğu və layihə vasitəsilə Ruminiyanın, Almaniyanın və digər Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunacağıdır: “Azərbaycan İtaliyaya TAP boru kəməri vasiləsilə 10-11 milyard kub metr təbii qaz nəql edəcək. Düşünmürəm ki, Avropa İtaliyadan şimal ölkələrinə qaz daşınmasını sərfəli hesab etsin. Hesab edirəm ki, Şimali Avropa ölkələrinə Türkiyə vasitəsilə təbii qazın daşınması daha sərfəli olacaq”.

Natiq Əliyev TAP və NABUKO layihələrinin reallaşmasının Azərbaycanın təbii qaz hasilatına müsbət təsir göstərəcəyini qeyd edib: “Burada əsas məsələ əldə olunacaq təbii resursların həcmidir. Yəni Azərbaycanda yaxın 10-15 il ərazində təbii qazın hasilatı və emalı nə qədər olacaq? Mən hesab edirəm ki, TAP layihəsinin seçilməsi neft-qaz ehtiyatlarının artımına, təbii qaz hasilatının çoxaldılmasına təkan verəcək. Bu layihənin həyata keçirilməsi Azərbaycanın xarici ölkələrdə partnyor olduğu şirkətləri təbii qaz ehtiyatlarını hasilata çevirməyə məcbur edəcək. Əminəm ki, Azərbaycanın qaz hasil etmək imkanları çox böyükdür və zəngindir. Bu layihələr tezliklə həyata keçirilsə 2020-ci illərdən sonra Azərbaycan təxminən 40 milyard kub metr təbii qaz hasil edə bilər”.