30 dövlətin nümayəndəsi Bakıya gəlir

 

46

 

“İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Axar.az xəbər verir ki, bu tədbir sentyabrın 24-25-də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə 30-dan çox dövləti, eyni zamanda Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiya, bir sıra xarici QHT-ləri təmsil edən 50-ə yaxın nümayəndə iştirak edəcək.
İştirakçılar arasında Avropa Şurasının üzv dövlətlərinin və digər ölkələrin ekspertləri, “vahid məkan” prinsipi üzrə fəaliyyət göstərən xarici dövlət orqanlarının yüksək vəzifəli rəsmiləri, Avropa Şurasının Katibliyinin əməkdaşları, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin hazırkı sədri və bir sıra üzvləri olacaqlar. Tədbirə, həmçinin Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının, ölkəmizdə fəaliyyət göstərən özəl şirkətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılacaqlar.