70 yaşlı şəhər meri işinin öhdəsindən gələ bilmir

Mer

Vəzifəsində yol verdiyi müxtəlif nöqsanlar onun ölkə rəhbərliyi yanındakı nüfuzunu əməlli-başlı sarsıdıb

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun başı üzərində «qara buludlar» dolaşır. Son vaxtlar paytaxt meri haqqında yayılan məlumatlar onun gələcək vəzifə taleyinin heç də yaxşı olmadığını göstərir. «Sovetski»də aparılan söküntü işlərində əsas sima olan mer bəzi vətəndaşların etirazı ilə üzləşib. Belə ki, sökülən evlərinə görə təklif olunan kompensasiyanın azlığından şikayət edən paytaxt sakinləri icra başçısına məbləği artırması ilə bağlı xəbərdarlıq ediblər. 
Belə olmayacağı təqdirdə, evlərini boşaltmayacaqlarını söyləyiblər. Çıxan xəbərlərə görə, dövlət «Sovetski»də aparılan söküntüyə görə orda yaşayan sakinlərə mənzillərinin bir kvadratmetrinə görə 2 min manat kompensasiya müəyyən edib. Lakin BŞİH rəhbəri həmin məbləğə «düzəliş» edərək qiyməti 1500 manata salıb. Bundan xəbərdar olan sakinlər israrla dövlətin ayırdığı kompensasiyanı istəyirlər. Artıq neçə gündür ki, «Sovetski» sakinlərinin etirazı səngimək bilmir. Onlar bu günə qədər müxtəlif formada etiraz aksiyaları təşkil ediblər. Vətəndaşlar tələblərinin qarşılanmayacağı halda, Prezident Administrasiyasının önünə gedib şikayətlərini bildirəcəklərini deyiblər. Şəhər merinin başı qalmaqaldan açılmır.
O həm də oğlu İsrafil Abutalıbovla bağlı gündəmə gəlib. Belə ki, bu günlərdə icra başçısının oğlunun Suriyada gedən qanlı döyüşlərdə iştirak etməsi barədə informasiya yayılıb. Deyilənə görə, dövlət məmurunun oğlu vəhabilərə qoşularaq Bəşər Əsəd rejiminə qarşı döyüşür. Medianın gündəminə bomba kimi düşən xəbər cəmiyyətdə də böyük səs-küyün və müzakirələrin yaranmasına səbəb oldu. Bəziləri bu xəbərə inansa da, bir çoxları merin oğlunun belə addım atmasının mümkünsüz olduğunu ifadə etdilər. Məsələ ciddi şəkil aldığı üçün Hacıbala Abutalıbov da münasibət bildirməli oldu. «Bu xəbərlər tamamilə yalandır. Deyilənlər cəfəngiyyatdır. Belə bir şey ola bilməz», deyən icra başçısı oğlunun Suriyaya getmədiyini vurğuladı. Xatırladaq ki, İsrafil Abutalıbovun vəhabi dini cərəyanına qoşulması barədə hələ bir neçə il əvvəl mətbuatda yazı getmişdi. 
Məmur oğlu özü də dolayı yolla bunu təsdiq edib. Qəzetlərdən biri yazmışdı ki, İsrafil Abutalıbovun bu yola düşməsinə səbəb şəxsi həyatında baş verən problemlərdir. İddialara əsasən, merin oğlu bu dini cərəyana Londonda olarkən qoşulub və o vaxtdan ayrıla bilməyib. BŞİH rəhbəri haqqında mənfi yüklü bilgilərin birdən-birə ortaya atılması bizdə şübhələrin yaranmasına səbəb oldu. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, bəzi maraqlı qüvvələr Hacıbala Abutalıbovu sıradan çıxarmaq niyyətindədir. 
Elə bu səbəbdən də merin barəsində bildikləri bütün ilginc məlumatları mediaya ötürürlər. Mənbəmiz deyir ki, artıq yuxarı dairələr belə Bakı Şəhər İcra Hakimiyyəti başçısının fəaliyyətindən razılıq etmir. İcra hakimi son vaxtlar vəzifəsində yol verdiyi nöqsanlara görə ölkə rəhbərliyi yanında nüfuzunu böyük ölçüdə itirib: «Gələn ayın ortalarına kimi Bakı Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin oluna bilər. Hacıbala müəllim postunu təhvil verməyə hazırlaşır. O özü də taleyi ilə barışıb və tezliklə vəzifədən alınacağı xəbərini eşidib». BŞİH-in yeni rəhbərinin kim olacağına gəlincə qaynağımız qeyd etdi ki, Hacıbala Abutalıbovun yerinə ən real namizədin kim olması haqqında növbəti sayımızda tam təfərrüatlı məlumat verəcəyik. 
Qeyd edək ki, Hacıbala Abutalıbov 1944-cü ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər baş nazirin müavini vəzifəsində çalışıb. 2001-ci ilin yanvar ayından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

xalqxeber.az