ABŞ İtaliyanı TAP-ın tikintisini davam etdirməyə çağırır

ABŞ İtaliyanı Trans-Adriatik Boru Kəməri (Trans-Adriatic Pipeline, TAP) layihəsinin tikintisini davam etdirməyə çağırır, çünki bu kəmər Xəzər dənizindən Avropaya qaz nəqlində vacib rol oynayır.

Finans.az-ın məlumatına görə, bunu İtaliyanın “La Stampa” nəşrinə ABŞ Dövlət Departamentin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi ABŞ və Avropa üçün əsas strateji əhəmiyyət daşıyır: “Bu zəmanət bizim Avropa müttəfiqlərin və tərəfdaşların milli təhlükəsizliyi və bununla da birgə qlobal çağırışlara cavab verməsi üçün fundamental xarakter daşıyır”.

Dövlət Departamentindən bildiriblər ki, ABŞ ümumi dəyəri 40 mlrd. dollar olan Cənub Qaz Dəhlizi (CQD) layihəsinə birbaşa yatırım etməsə də, Xəzərdən ilk qazı Avropaya çatdıracaq layihəyə qətiyyətlə dəstək verir.

“Cənub Qaz Dəhlizi uğurla icra olunur. CQD-nin son hissəsi olan TAP-ın tikintisində gecikmələr olub, amma biz bilirik ki, indi TAP lazım olan bütün icazələrə malikdir. Ona görə biz italyanları boru kəmərinin tikintisini davam etdirməyə çağırırıq, çünki bu, Xəzər dənizindən Avropaya qaz nəqlinin əsas dəhlizidir”, – deyə Dövlət Departamentin nümayəndəsi bildirib.

Qəzet bildirir ki, TAP-ın icrası dayanacağı halda rəsmi Romanın ödəyəcəyi zərərin miqdarı 43-70 mlrd. dollar təşkil edə bilər.