ABŞ konqresmendən Azərbaycanla bağlı bəyanat

May ayının 18-də ABŞ Konqresinin üzvü Skot Perri (Respublikaçı – Pensilvaniya) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış edib.

 

XALQ.AZ  ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata əsasən, 1917-ci il inqilabından və Birinci Dünya Müharibəsi zamanı Rusiya qoşunlarının Qafqaz cəbhəsindən çəkilməsindən sonra, Azərbaycanın 28 may 1918-ci il tarixində öz müstəqilliyini elan etdiyi bəyanatda bildirilir. İlk müstəqilliyinin qısa olmasına baxmayaraq, o zamankı ölkənin indiki Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyi və Azərbaycanın 1991-ci ildə müstəqillik əldə edəndən sonra, regionda və dünyada artan vacib rola malik olduğu vurğulanır.

 

Bəyanatda qeyd olunur ki, Azərbaycan ABŞ-ın əsas hərbi müttəfiqlərindəndir. Azərbaycan sülhməramlılarının ABŞ və NATO qüvvələri ilə birgə Kosovo, İraq və Əfqanıstanda xidmət etdiyi, bu gün Azərbaycanın Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasında 120 nəfər qüvvəsinin olduğu bildirilir.

Azərbaycanın enerji sektorunda lider olduğu, dünyanın ilk neft quyularından birinin 1848-ci ildə Bakının cənubunda qazıldığı, Azərbaycanın öz təbii ehtiyatlarını inkişaf etdirdiyi, Trans-Anadolu Kəmərini tikməklə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa yardım etdiyi bəyanatda diqqətə çatdırılır. Azərbaycanın zəngin qaz ehtiyatlarının onun “odlar yurdu” kimi tanınmasına gətirib çıxardığı qeyd olunur.

 

Bəyanatda, ABŞ-ın Azərbaycanın dostluğuna görə minnətdarlıq bildirilir və Azərbaycan xalqına davamlı sülh və əminamanlıq arzu olunur.

 

Bəyanatın mətni ilə https://www.congress.gov/crec/2018/05/18/CREC-2018-05-18.pdf səhifəsində tanış olmaq mümkündür.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir