Abşeronda “Buxarlanma”

 

74

Müdir Yusif Ələsgərov dövlət büdcəsindən ayrılan pulları dədəmalı kimi istifadə edir, ortada isə camaat əziyyət çəkir

Abşeron Suvarma Sistemləri İdarəsinə dövlət tərəfindən ayrılan pulların böyük qismi «buxarlanır». Araşdırmalara görə, idarənin rəisi Yusif Ələsgərovun «buxarlatma siyasəti» nəticəsində büdcəyə milyonlarla manat zərər dəyib. Üstəlik, Abşeron camaatının su problemi hələ də həllini tapmayıb.

Qeyd edək ki, Yusif Ələsgərov 1998-2000-ci illər Bakıelektrikşəbəkə İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. Onun belə yüksək vəzifədə çalışması isə keçmiş nazir Fərhad Əliyevin sayəsində mümkün olub. Hətta sabiq nazir onun daha böyük postlar fəth etməsi üçün gərəkən yardımları göstərəcəyini də vəd edib. Amma…

İşin amması odur ki, Yusif Ələsgərov böyük bir səhvin güdazına gedir. Bakıda elektrikin kəsilməsindən sonra Heydər Əliyevin göstərişi ilə sözügedən şəxs işdən azad edilir. Həmin vaxt keçirilən müşavirədə çıxış edən Ələsgərov hamının gözünün içinə baxa-baxa yalan danışır ki, guya, generatorlar və xüsusi avadanlıqlar quraşdırıblar. Ancaq paytaxtın bir neçə saat qaranlıqda qalması fonunda hətta strateji obyektlərin belə elektrik enerjisi ilə təmin edilməsi mümkün olmamışdı. Təbii ki, bu Heydər Əliyevin diqqətindən yayınan məsələ deyildi. Və onun baş direktora məzəmmətedici baxışlarla baxması kifayət edir ki, Yusif Ələsgərov şəkər xəstəliyinə tutulsun. Beləliklə, onun elektrik sektorunda «işığı sönür».

Həmin olaydan bir müddət sonra o, Abşeron Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə gətirilir. Qeyd edək ki, bu idarə suvarma mənbəyi Ceyranbatan su anbarı olan Abşeron magistral kanalı vasitəsilə Abşeron rayonunun əkin sahələrini suvarma suyu ilə təmin edir. Abşeron suvarma sistemi 73,2 km Abşeron magistral kanalı, 33,6 km qol kanaldan, 1500 km qapalı şəbəkə, 213 ədəd hidrotexniki qurğudan və 31 nasos stansiyadan ibarətdir.

Əli pula öyrəşmiş Ələsgərov burada da dinc oturmur. Heç otura da bilməz. Çünki ortada milyonlarla manat vəsait dövr edir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət pulu hesabdan çıxarılaraq xərclənsə də, bu avadanlıqların heç “tozu da silinmir”.

Araşdırmalara görə, əsas yeyinti mənbələrindən biri də Abşeron magistral kanalında mexanizmlərin gücü ilə lildən təmizləmə işləridir. Burada Su və Melorasiya Təsərrüfatı ASC ilə “birgə əməkdaşlıq” nəticəsində çoxlu pul mənimsənilmişdir. Pirşağı, Məhəmmədi, Məmmədyarov, Bilgəh, Binə, Hövsan, Zirə nasos stansiya binaları və onların gözətçi binalarının əsaslı təmir edilməsi də korrupsiya ilə müşahidə olunur. Üstəlik, hər il yay-payız aylarında qışa hazırlıq adı altında idarəyə məxsus olan maşın mexanizmlərinin təmir olunması və saxlanması üçün bağlı bokslar, nasos elektrik mühərriklərinin və elektrik avadanlıqlarının saxlanması üçün anbar tikintisi, işçilər üçün isti geyimlər alınması zamanı xərclər süni surətdə şişirdilərək, milyonlarla manat dövlət vəsaiti “həzm-rabe”dən keçirilmişdir.

Bundan başqa keçmiş “Subtropik” sovxozunun torpaqlarını münbitləşdirmək üçün tikilmiş kollektor-drenaj sisteminin təmizlənib təmir olunması, nasos stansiyasının rekonstruksiyası zamanı xeyli pul “korrupsiyaya” yem olub.

Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərov, “İFAT” təşkilatı ilə korrupsiya əlaqəsinə girərək, Yuxarı Pirşağı kanaldında təmizləmə, təmir işləri aparmış, Mehdiabad, Saray kəndlərinin ərazilərini suvarma suyu ilə təmin etmək adı altında Binəqədi, Saray-1, Novxanı nasos stansiyaları təmir olunmuş, onların təzyiqli boru xətləri yenilənmiş, nəticədə isə rəis və onun partnyorları çoxlu pul qazanmışlar.Jam.az

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.