Adil Əliyev Azərbaycanın adını Türk Dünyasının şərəfli tarixinə yazdı

adil

Avrasiya məkanında mövcud olan dövlətlərin, yaşayan toplumların coğrafi mənada öz yeri olan əsas faktorlardan biri də Türk Dünyasıdır. Son 23 ildə Türk Dünyası məkanı adına Avrasiya siyasətinin inkişaf etdirilməsi, həm də dünyanın böyük güc mərkəzləri ilə uzlaşma kimi də xarakterizə olunur. Dövlətlərarası münasibətlərlə yanaşı, iqtisadi, elmi, mədəni, hüquqi prosedurların inkişafı yüksək səviyyədə irəli getməklə yanaşı, həmin prosesdə idman sahəsində əldə edilən uğurların da xüsusi əhəmiyyəti vardır. Azərbaycanın bir dövlət olaraq Türkiyə və Orta Asiya türk dövlətləri arasında körpü rolunu oynaması Avrasiya məkanında Türk Dünyası anlamının vüsət götürməsi deməkdir. Bu tarixi məsuliyyəti milli şərəf kimi qəbul edən insanların, dövlət xadimlərinin və inteqrasiyanın sürətlə irəli getməsinin möhtəşəmliyi artıq göz önündədir. Avrasiya və Türk Dünyasının vahid orqanizmə çevrilməsi istiqamətində yeni qurulan infrastrukurlar gələcəyimizin stabilliyi və sabitliyin təməl prinsipi deməkdir. Bu coğrafi məkanda iqtisadi, elmi, mədəni, ticarət, maliyyə, yükdaşıma, idman və digər sahələr yeni inteqrasiyalara, urbanizasiyanın tarixən mövcud olan qavrayışların xarakterik xüsusiyyətlərini də ortaya qoyur.

Azərbaycan Milli Məclisinin üzvü, millət vəkili, Kinq Boks Federasiyasının prezidenti Adil Əliyevin bu yöndə üzərinə düşən tarixi missiyanı şərəflə həyata keçirməsi bir daha onu göstərdi ki, biz dövlət olaraq kadr potensialımızla hər yerdə və hər zaman öyünə bilmək haqqına sahibik. Türkiyənin Kastamon şəhər bələdiyyəsi tərəfindən təsis edilmiş Avrasya İqtisadi Əlaqələri təşkilatının düzənlədiyi törəndə millət vəkili Adil Əliyevin “Avrasiya Xidmət Medalı” ilə təltif edilməsi həm də Azərbaycana olan münasibəti təsdiq etmiş oldu. İlk dəfə idi ki, bu törəndə Azərbaycan haqq etdiyi mükafata layiq görüldü. Azərbaycan adını bu törəndə təmsil edən Adil bəy mənsub olduğu dövlətin necə də səbr və təmkinlə inkişaf etməsi, Avrasiya məkanında Türk Dünyasının uzlaşması, tarixi, mədəni əlaqələrinin rəsmi xarakter daşıması haqqında çıxış edərək bunları söylədi: “17-ci Türk Dünyası Günləri törəni tarixi ədalətin öz yerini tutması, bu prosesin dönməz bir xarakter daşıması deməkdir”. Törənə qatılan Türk Dünyası üzrə mütəxəssislərin, sənət və mədəniyyət xadimlərinin göz yaşlarına səbəb olan və Adil bəyin çıxışında yer alan bu sözlər isə daha təsirli oldu: “Tək diləyim bu törənin 17-ci deyil, 117-ci mərasimlə müşahidə olunsun. Bizlər bunu daha möhtəşəm və daha qüdrətli bir şəkildə qeyd edək. Bu törənin sadəcə Kastamon şəhərində deyil, Türk Dünyasının bütün şəhərlərində keçrilməsi çox vacibdir. Çünki hər bir törən Türk Dünyası dövlətləri arasında birlik və bərabərliyin inkişafı üçün böyük bir örnəkdir”. Onun çıxışını törənə qatılanlar alqışlarla qarşıladığı məqamda, Adil bəy sözünə davam edərək bunları əlavə etdi: “2009-cu il 3 oktyabrında Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızstan dövlətlərinin prezidentləri İlham Əliyev, Abdulla Gül, Nursultan Nazabayev və Almazbek Atambayevin, eləcə də Türkməsitanın müşahidəçi statusunda Türk Dövlətləri İşbirliyi Konseyinin üçüncü, 2013-cü il 15-16 avqust tarixində Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Başçılarının Zirvə Toplantısının Azərbaycanda keçirilməsi bir daha isbat etdi ki, Türk Dünyası arasında inteqrasiya sürətlə inkişaf edir. Bu möhtəşəm tədbirlərdə Türk Dövlətlərinin liderləri arasında imzalanan mühüm sənədlər həm də bundan sonrakı əlaqələrin daha da dərinləşməsi deməkdir”.

Avrasya İqtisadi Əlaqələri təşkilatının başqanı Hikmət Ərən qeyd etdi ki, bizim qurum Türk Dünyasında siyasi, iqtisadi, mədəniyyət, idman və digər yönlərdə xidmət edən bütün prosesləri diqqətlə izləyir və bu mənada əməyi olanları ödülləndiririk. Adil Əlyev millət vəkili olaraq ortaya qoyduğu fəaliyyətləri, eləcə də Türk Dövlətləri arasında idman sahəsində müasir əlaqələrin inkişaf etməsində müstəsna xidməti olan bir insandır. Biz təşkilatımız adına onun simasında Azərbaycana olan sevgimizi də nümayiş etdiririk. Eyni zamanda bundan qürur duyuruq. Millət vəkili Adil Əliyev törənə qatılanlara Türk Dünyasında Azərbaycanın strateji yerini və mövqeyini bir daha izah edərək bildirdi ki: “Bu gün Bakı-Tiflis-Qars dəmir yolunun inşa edilməsi həm də tarixi İpək Yolunun modernləşməsi deməkdir. Azərbaycanın prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında bu projelərə xüsusi olaraq önəm verməsi Türk Dünyası arasında inteqrasiyanın təməl prinsiplərə sadiq olduğunu sübut edir. Çünki, qloballaşan dünyada iqtisadi, mədəni və ictimai mənada inteqrasiyanın öz tarixi ənənələrinə söykənilməsi Türk Dünyası üçün çox vacibdir. Bu projelər beynəlxalq aləmdə səslərin dəyişməsi, strateji əhəmiyyət daşıyan hədəflər deməkdir. Azərbaycan dövlət olaraq buna inanır və bu yolu davam etdirir”. Kastamon şəhərində Avrasya İqtisadi Əlaqələri təşkilatı tərəfindən keçirilən “17-ci Türk Dünyası Günləri”nə Türkiyənin demək olar ki, yüzdən artıq KİV-i törəni geniş şəkildə işıqlandırdılar. Faktiki olaraq, bütün xəbərlərdə, reportajlarda ana xətt kimi Türk Dünyası arasında inteqrasiyanın vacib olmasına xüsusilə önəm verildi. Mİllət vəkili Adil Əliyev bu imkandan istifadə edərək Azərbaycanla bağlı bütün həqiqətləri bir daha mətbuata açıqladı. O, xüsusilə Xocalı soyqırımı ilə bağlı Ermənistanın təcavüzkar siyasətini və ermənilərin Rusiya dövlətinə arxayın olaraq törətdikləri vəhşilikləri haqqında media mənsublarına, törəndə iştirak edən elm və dövlət xadimlərinə, iş adamlarına çatdırdı. Adil bəy qeyd etdi ki, Azərbaycan sülhməramlı siyasət yürütdüyü üçün bu gün inkişaf edir. Çünki, harada stabillik və sabitlik varsa, dünya ilə inteqrasiyanın güvənliyi də məhz bu mənada paralel olaraq inkişaf edir. Törəndə müşahidə etdiyimiz əsas amillərdən biri də Azərbaycan və Türk Dünyası həqiqətlərinə önəm verməyən, bunun üstündən hər zaman sükutla keçən medianın fəal şəkildə iştirak etməsi, bu barədə daha çox informasiya və təhlilləri ortaya qoyması oldu. Törəndə maraqlı görünən faktlardan biri də Türkiyənin siyasət, elm, mədəniyyət və s. sahələri təmsil edən şəxslərin olduqca fəal iştirak etməsi idi. Yüksək intellektual və elmi səviyyəyə malik olan insanların qatıldığı bu möhtəşəm törəndə millət vəkili Adil Əliyevin “Avrasiya Xidmət Medalı” ilə təltif edilməsi qürurverici bir hadisə idi. Bu, idmançılarımızın hər zaman sevə-sevə dedikləri kimi: “Bu yüksək mükafat Azərbaycana verilən ədalətli qərarın qiymətidir” anlamını xatırlatdı.

Adil bəyin bu yaxınlarda Qazaxıstanda Türk Dünyası adına keçirilən toplantıların birində dediyi bir sözü orada hamının göz yaşlarına səbəb olmuşdu: “Biz fərqli toplum və adları daşısaq da unutmaq olmaz ki, hamımız Türk Atanın övladlarıyıq”. Onun layiq görüldüyü “Avrasiya Xidmət Medalı” uzun müddət çəkdiyi zəhmətin mükafatı kimi qəbul edilməlidir. Bu möhtəşəm törəni seyer etdikcə içimdə böyük bir qürur hissi keçdi. Türk Dünyasının möhtəşəm gələcəyinin olacağına olan inamımız vüsət götürməkdə və inkişaf etməkdədir. Deməli tarixi coğrafiyamız, mədəni dəyərlərimiz etibarlı əllərdədir. Törəni keçirən ev sahibi və Kastamon bələdiyyəsinin başqanı kimi Ərdoğan Bektaş çox haqlı olaraq dedi ki: “Dünya indi yaşadığı döyüşlərə görə, Osmanlı dönəmindəki sülh və dincliyə həsrət qalıb”. “17-ci Türk Dünyası Günləri” ilə bağlı qəzet səhifələrini, internet portallarını bir-bir izlədikdə müşahidə olunan əsas məqamlara diqqət edirəm. Bu, Avrasiya məkanında Türk Dünyası anlamının dünya birliyi tərəfindən məqbul hesab edilməsi faktına önəm verilməsi kimi fəlsəfənin qiymətləndirilməsidir. Heç bir kimsənin Avrasiya qitəsini öz inhisarına almaq üçün çaba göstərməsinə ehtiyac yoxdur. Çünki, bizlər artıq ortaçağın dəyərləri ilə deyil, üçüncü minilliyin şərtləri daxilində yaşamaq və məlum coğrafiyanın hüdudları içində sabit inkişaf yolunu hədəf olaraq ortaya qoymağı bacarmalıyıq. Türk Dünyasının tərkib hissəsi olan dövlətlər məhz bu yolu seçmişlər. Bu yöndə əmək verən, taleyini bağlayan insanların haqlı olaraq ödülləndirilməsi, həmin mükafatların mənası bir daha sübut edir ki, bizim yolumuz haradır. “Avrasiya Xidmət Medalı” ilə millət vəkilimiz Adil Əliyevin təltif edilməsi bizdə bir qürur hissi yaratdı. Çünki, Avrasiya məkanında hər zaman türk xaqanları yasalar içində hərəkət etməyi hədəf seçmişdilər. Hamının hüzur və barış içində yaşamasının yasaları isə bundan ibarət idi: “Bir günlük ədalət yüz günlük ibadətdən daha yaxşıdır”, “Biləyi güclü olan birini, elmi güclü olan isə minini yıxar”, “Düşmənlik deyil, ədalət qalib olacaq”, “Dövlət işlərinin doqquz hissəsi qurul, tədbir və istişarə, digər hissəsi isə qılınc ilə yerinə yetirilər”, “Ən böyük güc ədalətdədir”… Artıq bu dərin məntiq yenidən öz yerini bulmağa başlamışdır. Günaydın Azərbaycan. Günaydın Türk Dünyası. Günaydın Avrasiya…

Ə. Yusifoğlu

Jurnalistlər Birliyinin üzvü