AGAT forum keçirdi

 

03

Londonda “Azərbaycanın Avropaya inteqrasiyası modeli” mövzusunda Forum keçirilmişdir

Londonda, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT), Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Avropaya inteqrasiyası modeli” mövzusunda Forum keçirilmişdir.
Xalq.az  xəbər verir ki, tədbirdə Böyük Britaniya ictimaiyyətinin nümayəndələri, regionumuza maraq göstərən ekspertlər, gənc fəallar, işgüzar dairələrin, QHT-lərin və Londondakı diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.
Tədbiri açan AGAT-ın sədri Gülsel Səfərova təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat vermiş, Forumun əhəmiyyətindən danışmışdır.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ölkəmizin son illər ərzində uğurlu inkişafı, Avropa İttifaqı(Aİ) ilə qarşılıqlı münasibətlərinin dinamikası, bu sahədə əldə olunmuş nailiyyətlər haqqında məlumat vermişdir.
Ölkəmizin xarici siyasət tarixinə nəzər salan səfir Avropaya inteqrasiyanın bu siyasətin ən mühüm hissəsi olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, münasibətlərimizin əsası 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Azərbaycanın Avropa Qonşuluq Siyasətinə qoşulması ilə qoyulmuşdur. 2006-cı ildə bu siyasət çərçivəsində qəbul edilmiş Fəaliyyət Planı, 2009-cu ildə qoşulduğumuz Şərq Tərəfdaşlığı təşəbbüsü, həmçinin enerji sahəsində əməkdaşlıq sənədləri Aİ ilə ikitərəfli və çoxtərəfli münasibətlərin daha da genişlənməsinə zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin son 10 ildə Brüsselə səfərləri, habelə 2011-ci və 2012-ci illərdə Aİ Şurası və Avropa Komissiyası prezidentlərinin Azərbaycana səfərləri bu münasibətlərin inkişafına böyük təkan vermiş, bərabərhüquqlu və qarşılıqlı hörmət üzərində qurulmuş səmərəli əməkdaşlığı təşviq etmişdir. Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu diqqətə çatdıran səfir Fəxrəddin Qurbanov ötən il bu qurum ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payının 41 faizi ötdüyünü, bu ilin ilk 6 ayında isə 43,7 faiz olduğunu vurğulamışdır. Son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanda əsas kapitala yönəlmiş və qeyri-neft sektoruna qoyulmuş birbaşa investisiyalarının ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 51 faiz və 36,5 faiz olmuşdur. Avropa İttifaqının 20 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, Aİ-nin 17 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, 13 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılmışdır. Azərbaycanın sürətli inkişafı bir sıra Avropa ölkələrinə də investisiya qoyuluşu üçün imkan yaratmışdır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və Trans-Adriatik təbii qaz boru kəməri layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat qeyd etmişdir ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunmuşdur. Nəticədə bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından qovulmuşdur. Ermənistan BMT və digər qurumlar tərəfindən beynəlxalq hüququn pozulması kimi xarakterizə olunan işğala son qoymaqdan imtina edir. Bu münaqişə ölkəmizin Avropaya inteqrasiyası prosesinə mənfi təsir edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin mövcud vəziyyəti, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində görülən işlər, müzakirə edilən sazişlər üzrə aparılan danışıqlar, habelə bu sahədə nəzərdə tutulmuş tədbirlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.
SAM-ın aparıcı elmi işçisi, enerji üzrə ekspert Gülmira Rzayeva enerji təhlükəsizliyi baxımından Azərbaycanın regionda əsas rola malik olduğunu, 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi”nin mühüm əhəmiyyət daşıdığını, yanacaq mənbəyi kimi son illər qaz istehsalına marağın daha da artdığını xatırlatmışdır. Strateji rolu gündən-günə yüksələn təbii qazın istehsalında Azərbaycanın mühüm rolunu diqqətə çatdıran məruzəçi 2017-ci ildən sonra “Şahdəniz-2” yatağının istismarı və qazın Avropa bazarlarına çıxarılmasının perspektivlərindən, 2025-ci ildə qaz hasilatının 50-55 milyard kubmetrə çatacağından danışmışdır. Azərbaycanın üç dəhlizdən Avropaya qaz ixrac etdiyini vurğulayan G.Rzayeva Xəzər dənizindən çıxarılan qazın Avropa üçün vacibliyini diqqətə çatdırmışdır.
Təqdimat ilə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “TASİM/EuroCA” layihəsinin aparıcı mütəxəssisi Səbinə Həsənova layihə haqqında ətraflı məlumat vermiş, ölkəmizin Avropaya inteqrasiyasında əhəmiyyətli rola malik olduğunu diqqətə çatdırmışdır.
Daha sonra məruzəçilər iştirakçıların suallarını cavablandırmışlar.
Sonda qəbul təşkil edilmiş, qonaqlar milli mətbəximizin ləziz təamlarından dadmışlar.