Ağdaş rayonunda 7 məktəb binası istifadəyə verilmişdir

55

Sentyabrın 16-da Ağdaş rayonunun kəndlərində yeni inşa olunmuş 7 məktəb binasının açılışı olmuşdur.
Xalq.az xəbər verir ki, Qəribli, Şordəhnə, Qaradağlı, Cardam, Kotanarx, Eymur, Qaroğlan kəndlərində tikilmiş müasir təhsil ocaqlarının istifadəyə verilməsi münasibətilə keçirilən yığıncaqlarda çıxış edənlər dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə qayğısından bəhs etmiş, ölkədə gənclərin mükəmməl təhsilə yiyələnməsi, onların nüfuzlu ali təhsil ocaqlarında oxuması, eləcə də bölgələrdə yeni məktəblərin inşa edilməsi sahəsində gördüyü işlərdən danışmışlar. Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş rayonunda orta məktəblər üçün yeni binaların inşası və ya onların əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Natiqlər qeyd etmişlər ki, Bilik günü şagirdlərin istifadəsinə verilən 180 yerlik Qəribli, Şordəhnə, Qaradağlı, Cardam, Kotanarx, Eymur və 80 yerlik Qaroğlan kənd məktəblərinin binaları dövlət vəsaiti hesabına inşa olunmuşdur. Hazırda Ağdaş şəhərindəki 1 nömrəli uşaq bağçası üçün 55 yerlik yeni binanın tikintisi və 11 nömrəli uşaq bağçasının əsaslı təmiri başa çatmaq üzrədir. Bundan əlavə, rayonun Aralbir və Tofiqi kəndlərinin hər birində 220 yerlik, Qülbəndə və Qarağan-Şıxlar kəndlərinin hər birində 180 yerlik və Ərəbşəki kəndində 80 yerlik məktəb binalarının inşası üçün layihə-smeta sənədləri hazırlanmışdır. Cari ildə həmin binaların tikintisinə başlanacaqdır.
Rayon təhsilinin uğurlarından danışan natiqlər bildirmişlər ki, cari ildə Ağdaşın ümumtəhsil ocaqlarını 936 məzun bitirmişdir. Onlardan 6 nəfəri orta məktəbi qızıl medalla başa vurmuşdur. Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 561 abituriyentin 48,5 faizi, yəni 236 nəfəri tələbə adını qazanmışdır. Onlardan 38 nəfəri 500-dən yuxarı, 12 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Ötən illə müqayisədə 2013-cü ildə abituriyentlər daha yüksək nəticələr əldə etmişdir.
Çıxış edənlər Bilik günü münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara müasir məktəblərdə yeni-yeni uğurlar arzulamışlar. Sonra məktəb direktorları, müəllim və şagirdlər, kənd ağsaqqalları çıxış edərək bu yeni təhsil ocaqlarının inşasında əməyi olan insanlara təşəkkür etmiş, elmə, təhsilə daim qayğı göstərən dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq etmişlər.
Sonra binaların açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş, birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyəsi olan çantalar və məktəbli ləvazimatları verilmiş, təhsil ocaqlarının maddi-texniki bazası ilə tanışlıq olmuşdur.