Ağdaşda gənclərlə görüş keçirilmişdir

tofiq

Ağdaş rayonunda bu il tələbə adını qazanmış gənclərlə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, rayon təhsil şöbəsinin müdiri Lütvi Paşayev bildirmişdir ki, Ağdaşda təhsil islahatlarının davamlı şəkildə həyata keçirilməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Şagirdlər respublika fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında daim uğurlar qazanırlar.
Tələbələri və onların valideynlərini təbrik edən rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov dövlətin milli təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Məlumat verilmişdir ki, cari ildə Ağdaşın ümumtəhsil ocaqlarını 936 məzun bitirmişdir. Onlardan 6 nəfəri orta məktəbi qızıl medalla başa vurmuşdur.
Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 561 abituriyentin 48,5 faizi, yəni 236 nəfəri tələbə adını qazanmışdır. Onlardan 38 nəfəri 500-dən yuxarı, 12 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Ötən illə müqayisədə 2013-cü ildə abituriyentlər daha yüksək nəticələr əldə etmişdir.
Bu il rayonda tələbə adını qazanan abituriyentlər arasında ən yüksək nəticəni isə Ləki qəsəbə tam orta məktəbinin məzunu Nərmin Xəlilova əldə etmişdir. O, imtahanda 681 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olmuşdur.
Tədbirdə 600-dən yuxarı bal toplamış 12 məzuna qiymətli hədiyyələr təqdim olunmuşdur.
Yerli incəsənət kollektivinin çıxışları görüşə xüsusi çalar qatmışdır.