“Ağgöl” Milli Parkının rəhbəri AFN-i şantaj edir- MÖVQE

“Ağgöl” Milli Parkının rəhbəri AFN-i şantaj edir-

 

Bir neçə gün öncə AFN-də “Ağgöl” Milli Parkı məmurların ov poliqonuna çevrilib” başlıqlı məqalə dərc edilib. Sərlövhədən də göründüyü kimi, məqalədə Milli Parkdakı qanun-qaydalara zidd hallardan bəhs edilirdi.

Ağcabədi sakinləri ilə söhbətdən qaynaqlanan yazıda bir çox məmurlara Ağgöl ərazisində ov imkanının yaradılmasından, yerli əhalinin “hörmət” qarşılığında orada heyvanlarını otarmasından, nəhayət Milli Parkın direktoru Loğman Mehdiyevin keçmiş MTN rəhbərliyi ilə əlaqələrinin olmasından bəhs edilirdi. Yazıda bildirilirdi: “Ağgöl” Milli Parkı oranın rəisi Loğman Mehdiyev və onun himayədarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Rövşən Cəlilovun (hansı ki, L.Mehdiyev həmişə deyir ki, R.Cəlilovun qaynı ilə yaxın dostdur) şəxsi mülkünə çevrilib. L.Mehdiyev və R.Cəlilovun bütün tanış məmurları qış aylarında şənbə-bazar günlərini bu dövlət qoruğunda vaxtlarını səmərəli keçirirlər. Qadağan olunmuş quşlar məmurlar tərəfindən vurulur. Qış vaxtı isə Loğman Mehdiyev oranı bazara çevirir. Ovçulardan pul alaraq parka buraxır, hətta adları Qırmızı Kitaba düşən quşları ovlatdırır”. Bütün deyilənləri əks etdirən, vaxtilə internet mediada yayılan fotolar da yazıya əlavə edilmişdi.

Yazı çapa hazırlanarkən zəng gəldi

Yazı çapa hazırlanarkən ETSN mətbuat xidmətinin rəhbəri İradə İbrahimovadan L.Mehdiyevin əlaqə nömrəsini istədik, zəng edib qarşı tərəf kimi münasibətini almaq üçün. Müəyyən dəqiqləşmələrə ehtiyac olduğu, həmçinin məsələ ilə bağlı bizə danışan sakinlərin əlavə məlumatlar verəcəklərini dediyi, üstəlik şənbə-bazar öncəsi olduğu üçün yazı bir neçə gün gecikdi. Səhv etmiriksə, həftənin 1-ci günü L.Mehdiyev zəng edərək onunla bağlı yazı dərc etdiyimizi(?) dedi. Bildirdik ki, yazı dərc edilməyib, amma hazırlanma mərhələsindədir. L.Mehdiyevdən elektron ünvan istədik, bildirdik ki, yazını göndərəcəyik, oxuyub tanış olub mövqeyini bildirsin. Göndərdik. Lakin L.Mehdiyev hər hansı açıqlama vermədi. Bizi rayona dəvət etdi, bütün xərclərimizi özü çəkəcəyini bildirdi. Gələcəkdə yolumuz düşərsə baş çəkəcəyimizi bildirib təkidlə rəsmi mövqe istəsək də, Milli Parkın direktoru imtina etdi. Yazını yenə dərc etmədik, hər halda ciddi məsələlərdən söhbət gedirdi, qarşı tərəfin mövqeyinə ehtiyac vardı.

“Ağgöl” Milli Parkının rəhbəri AFN-i şantaj edir-

Loğman Mehdiyevin “şantaj üsulu” və nazirliklə centlemen anlaşmamız

Bu dəfə həmkarlarımız bizə zəng edərək L.Mehdiyevin onu şantaj etdiyimizi, ondan pul istədiyimizi dediyini bildirdilər. Bizi prokurorluğa verəcəyilə hədələyən direktor haqqında yazılan yazını dərc etməyin qarşısını belə almağa çalışdı. Lakin biz bu olaydan sonra yazını dərc etməyə qərar verdik.
Bu dəfə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bizi yığaraq yazının saytdan çıxarılmasını xahiş etdi. İradə xanımın diqqətinə L.Mehdiyevin bizi şantaj etdiyini çatdırdıqda çox təəccübləndiyini bildirdi. Belə olduqda bizdən nazirliyin aparat rəhbəri R.Cəlilovun adının yazıdan çıxarılmasını xahiş etdi. Bildirdi ki, L.Mehdiyev onun adından istifadə edir. AFN portalının demək olar ki, bütün kollektivi İradə xanımı illərdir tanıyır, onun bir mətbuat xidməti rəhbəri kimi işinin öhdəsindən çox yüksək səviyyədə gəldiyini hamımız bilir və dəyərləndiririk. Üstəlik, İradə xanım nazir Hüseyn Bağırovun da şəxsən saytımızı tanıdığını, izlədiyini, bizə hörməti olduğunu bildirdi. Bu baxımdan xahişini yerə salmadıq və R.Cəlilovun adını yazıdan çıxarmağa razılıq verdik.

Tanımadığımız insanlar bizə təklif etdilər ki…

Lakin L.Mehdiyev yenə geri çəkilmədi. Bu dəfə redaksiyamıza Ağgöl Milli Parkına heç bir aidiyyəti olmayan bir ünvandan (quliyevnecef@mail.ru) təkzib(?) daxil oldu. Hansı ki, bundan əvvəl L.Mehdiyev bizə başqa ünvan (aggol60@mail.ru) təqdim etmişdi və biz yazını tanış olmaq üçün həmin ünvana göndərmişdik. İkinci ünvandan gələn mətni təqdim edirik:
03.02.2017-ci il, saat 15:46-da “Məmurların ov poliqonuna çevrilmiş Ağgöl Milli Parkı” haqqında dərc etdiyiniz böhdan xarakterli materialın heç bir əsası yoxdur. Odur ki, əsası olmayan materialın yanlış olduğu barədə təkzib verməyinizi xahiş edirəm. Qarşı tərəf olaraq biz bunu şifahi olaraq sizin 055-260-69-84 nömrəli mobil telefonunuzada danışıq şəklində bildirmişik. Əks tədbirdə aidiyyati üzrə məhkəməyə müraciət edəciyik.
Həmin ünvana geri yazaraq təkzib mətninin düzgün seçilmədiyini qeyd etdik. Diqqətlərinə çatdırdıq ki, mətni müvafiq qanunlara uyğunlaşdırıb göndərsinlər dərc edək. Və onu da bildirdik ki, haqqımızda böhtan xarakterli məlumat yaydığı üçün biz də L.Mehdiyev haqqında qanuni tədbirlər görülməsi üçün müvafiq addımları atacağıq. Bundan sonra başladı müxtəlif insanlar bizə zəng edərək yazının saytdan çıxarılmasını təklif etməyə. 050 211 20 03 nömrəsindən zəng edən və özünü “Mozalan” jurnalının baş redaktoru kimi təqdim edən Mövsüm müəllim yazını çıxarıb onunla görüşməyimizi təklif etdi. Lakin bu dəfə də imtina etdik.

“Ağgöl” Milli Parkının rəhbəri AFN-i şantaj edir-

“Ağgöl” Milli Parkının rəhbəri AFN-i şantaj edir-

Məlumatsız həmkarlarımızın qeyri-peşəkar məsləhəti

Nəhayət, bu gün saytlara baxırıq və L.Mehdiyevin yenə də həmin şantaj, böhtan mövqeyindən çıxış etdiyini, saytımızın ünvanına eynixarakterli ittihamlar səsləndirdiyini görürük. Çox təəssüflə qeyd edirik ki, bəzi həmkarlarımız hətta bir qədər uzağa gedərək, bizi yalan məlumat yaymaqda, mətbuat adına qara ləkə olmaqda ittiham ediblər. Guya Milli Parkdan reportaj tipində hazırlanan yazıda müəllif (?) öz qənaətini bölüşüb. Bunun jurnalistikanın hansı janrına aid olduğunu deməkdə biz də çətinlik çəkirik.
P.S. Bu yazı çapa hazırlanarkən özünü Ağcabədi rayon prokurorunun köməkçisi kimi təqdim edən bir nəfər zəng edərək L.Mehdiyevin saytın baş redaktoru Qafarov Səbuhi haqqında şikayət ünvanladığını bildirdi. Məsələni qeyd etdiyimiz kimi onun da diqqətinə çatdırdıq. Və bildirdik ki, L.Mehdiyev iddiasını sübut edə bilməsə (hansı ki, bunu sübut edə biləcək heç bir fakt yoxdur-red.) biz də böhtana görə onun barəsində müvafiq tədbirlərin görülməsi üçün əks iddia qaldıracağıq.
Bir daha qeyd edirik ki, L.Mehdiyevdən hər hansı pul, “hörmət” istəməmişik. Milli Park direktoru AFN-ə və onun rəhbərliyinə açıq-aydın şər-böhtan atır. Bununla bağlı AFN rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət hazırlayır. Qanunlarımızın yaratdığı imkandan istifadə edərək haqqımızda bu cür rəy yaradan, böhtan atan şəxsin məsuliyyətə cəlb olunması üçün əlimizdən gələni edəcəyik.

AFN-in redaksiyası