Ahh, Şopen… Axı, vərəm zədagan xəstəliyi deyildi – Nuranə Nur

Ahh, Şopen, ahh…

Payıza aid ən gözəl mənzərə…Təbiət özünə çəkilib, özünü çəkib. Qızılı rəng gözümü xumarlandırır, qızıl hərisliyi kimi başımı dumanlandırır .
Payız haqqında ən gözəl şeiri eşidirəm. Misralar kədərli və kövrək. Həsrətdən saralan yarpaqlar bir -bir intihar edir. Buludlar ağaclara təsəlli verir . Ağaclar inciyib sevgilisi- Təbiətdən, barışmır yaza kimi… daha gözəl şeirini yazana kimi.

Ən gözəl rəqsə tamaşa edirəm. Damlaların hərdən şıltaq, hərdən kövrək, titrək rəqsi . Barmaqlarımla qoşuluram bu rəqsə. Bütün vücudumla itirib, tapıram özümü.
Ən gözəl musiqini dinləyirəm – Şopen “Payız valsı” . Özümü Parisin dəbdəbəli konsert salonlarından birində, qarşı sıralarda oturmuş, zərif geyimli nəcib zadəgan qadını kimi hiss edirəm. Fortepianonun sədaları altında nostalji hisslərimlə həzin rəqs edirəm. Göz qapaqlarım musiqinin ritminə uyğun gileylənir. Sanki, ağ dillər titrədikcə əllərim, qara dillər dilləndikcə göz bəbəklərim əsir. İndi, melodiya bitən kimi hamı alqışlayacaq. Mən də göstərişli bir nəzakətlə əlimi əlimə toxundurub, təbəssümlə minnətdarlıq edəcəm.

Ən sevdiyim bəstəkarla görüşürəm, bir- birimizi tanıyırıq, amma xatırlamırıq.
Təxəyyülümdə bu gözəl mənzərəni yaradan Şopen öz musiqisinin zəngin obrazlar dünyası, incə, səmimi duyğular qalereyası ilə həmişə diqqəti cəlb edir. İlk konsertlərindən sonra gənc musiqiçinin qeyri adi istedadı Parisin bütün sənət aləmini heyrətə gətirir. Çox keçmir ki, onun adı Avropada böyük şöhrətli sənət adamları ilə birlikdə çəkilir. Romantik musiqiləri sənət aləminin daha bir möcüzəli səhifəsini açır. Bu parlaq istedad sahibi 21 yaşında vətəni Polşadan əbədi ayrılmış, lakin bütün ömrü boyu doğma diyarının musiqisini daha yeni və yüksək mərhələyə qaldırmış, onu Avropa musiqi mədəniyyətinin ən layiqli və dəyərli hissəsinə çevirmişdir.

Vətən həsrəti onun qayğısız gənclik ruhuna çoşqun məhəbbət və daim sızıldayan kədər gətirir. Doğma Polşanın sevinc və ağrılarını əsərlərində əks etdirir. O, öz yaradıcılığını demək olar ki, bütünlüklə fortepianoya həsr etmiş yeganə bəstəkardır. Həm də virtuoz pianoçu kimi, lirik -romantik musiqiləri dinləyicilərini elə ovsunlayır ki, onu hətta “ fortepianonun şairi” də adlandırırlar. Maraqlıdır, tək bir alətin tembr imkanlarından istifadə etsə də, Şopen musiqisi yeksənək, darıxdırıcı səslənmir. Melodiyalarında bu alətin elə geniş ifadə vasitələrini tapa bilir ki, sanki bütün orkestrin tembr çalarlarından istifadə edir.

Etüdlər, prelüdlər, noktürnlər, valslar, ekspromtlar, mazurkalar, polonezlər, konsertlər, sonatalar, balladalar … bu bəstəkarın yaradıcılıq irsində eyni alətin ifasında müxtəlif janrlara rast gəlmək mümkündür. Bununla belə, hətta məlum janrlara ciddi yeniliklər də gətirmişdir. Məsələn, adətən texniki məşğələ üçün nəzərdə tutulan etüdü yüksək bədii səviyyəyə qaldırmış, polyak mənşəli polonez rəqsini Polşanın şanlı qəhrəmanlıq keçmişini tərənnüm edən sanballı bir əsər kimi təqdim etmişdir. Şopen musiqisinin möcüzəsi onun dinləyicilərin qəlbinə çox asanlıqla yol tapmasıdı.

Musiqiləri ilə insanları belə valeh edən bir musiqiçinin gərək ki, böyük sevgisi olsun. Şopen çox məşhur olsa da, maddi durumu bir o qədər də yaxşı olmur. Qazanc mənbəyi fortepiano dərslərinə görə aldığı qonarar idi. Maddi durumuna görə qraf qızına olan sevgisi nakam qalır. Qraf qızını məhşur olsa da, əmək haqqı hesabına yaşayan musiqiçiyə verməyə razı olmur. Şopenin bu “ sevgi əsəri “ bəstələnməmiş qalır.

10 il sonra bəstəkar əsl sevgisini tapır. Fransız yazıçısı, əsərlərini Corc Sand təxəllüsü ilə çap etdirən Avrora Düdevanla tanış olur. Cəmiyyətin bütün qayda -qanunlarına qarşı çıxan, üç uşaq anası, özündən altı yaş böyük olan, kişi paltarı geyinən, kişi görkəmli bu qadın əvvəllər onun diqqətini heç cəlb etmir. Lakin sonralar onun dərin musiqi duyumu və bədii isdedadı ilə “Polşanın Motsartını” təəccübləndirməyi və özünə valeh etməyi bacarır. Onlar Sandın bağ evində görüşürdülər. Bəstəkar bu qadına aşiq olmuşdu, birgə yaşadıqları on il , Şopenin yaradıcılığının ən parlaq dönəmi olur. Bəstəkar özünün ən yaxşı sonata və noktürnlərini məhs bu illərdə yazır. Sağlamlığında yaranan problem və Sandın uşaqları böyüdükdən sonra münasibətlərinin düz gəlməməsi bu cütlüyün ayrılığına səbəb olur. Bu ayrılıq gözlənilməz olur. O, indi ilk gördüyü gün sevə biləcəyini ağlına gətirə bilmədiyi qadından ayrılığını ağlına gətirə bilmirdi . Sand isə düşünür ki, o hələ gəncdir və ömrünü xəstə adama həsr edə bilməz. Bu ayrılıq bəstəkarın xəstəliyini daha da ağırlaşdırır.  Şopen təkliyini unutmaq üçün daha çox çalışır, konsertlər verir və məşhurluğu daha da artır. Ulduzu daha çox parlasa da , səhhəti günü gündən pisləşirdi. Jorj Sand isə bu ərəfələrdə sənət koryerasında geriləməyə başlayırdı.

Ahh , Şopen ahh… Axı, vərəm zədagan xəstəliyi deyildi… Görünür o, bu xəstəliyə həsrətdən yoluxmuşdu. Əvvəl musiqisini bütün dünyaya eşitdirmək üçün vətənindən uzaqlara can atmaq həsrəti, daha sonra uzaqlardan vətən həsrəti…

1848 ci ilin fevral ayında, 38 yaşında Pleyel konsert salonunda sənət həyatında ən böyük konsertini verir və Paris onu son dəfə alqışlayır. Həmin ilin aprelində konsert vermək üçün Londona gedir. Londonda Kraliça Viktoriyanın qarşısında piano çalır. İngiltərə onu bağrına bassa da, Şopen burda özünü yad hiss edir. Yenidən Parisə dönür və Corc Sandla yaşadığı bağ evinə bənzəyən ev alır. Ömürünün axırına kimi bu evdə , sevgisinin xatirələri ilə yaşayır. Bu evdə o tez-tez “Cənazə marşı” kimi tanınan 35 -ci sonatasını çalır. Dinləyən hər kəs bu əsərin onun üçün vida əsəri olduğunu hiss edirdi. Şopen həmişə bu əsəri çalanda dinləyiciləri tərəfindən nə qədər çox alqışlansa da , pianonun qapağını örtər və səhnəni tərk edərdi.

Nə qədər paradoksal olsa da “Cənazə marşı” kimi tanınan bu möhtəşəm əsər Şopeni əbədi yaşadır. Vəsiyyəti ilə öz cənazəsində Motsartın “Rekviem”i çalınır. Daha sonra dünya şöhrətli dəfn marşı və digər sonataları səslənir. Bəstəkarın yazıçı sevgilisi onun dəfninə gəlmir. Cənazə məzara endiriləndə dostları onun vəsiyyətilə ürəyini vətəni Polşaya aparırlar. İndiyə kimi dahi bəstəkarın ürəyi spirtdə saxlanılmış halda, Varşavada Müqəddəs Xaç kilsəsinin sütunlarından birində qorunur.
Şopen təkcə musiqişünaslıqda deyil, bütün dünya mədəniyyəti tarixində iz qoymuş fenomen şəxsiyyətdir. O heç vaxt opera , simfoniya yazmamış və bununla musiqisini müstəqil bədii sənətə çevirərək, bütün dünyaya sübut etmişdir.
Ahh, Şopen, mənə elə gəlir sən də məni tanıdın. Bir-birimizi tanıyırıq, amma xatırlamırıq.