Alı Alıyev 138 evin təmirinə 6 milyon manat sərf etdi

74

Füzulinin icra başçısı Horadiz qəsəbəsində 138 evinin bərpası  işlərində fəhlələrin də puluna göz dikib 

Son dövrlər Füzuli rayonunda bir sıra korrupsiya halları ilə bağlı mütəmadi olaraq məlumatlar yayılır. İcra başçısı Alı Alıyevin ayağına yazılan bu əməllərin hər birinin altından isə milyonlarla manatlıq yeyinti faktları çıxır. Hərçənd sözügedən rayonun rəhbərliyi bununla bağlı hər hansı bir açıqlama vermək istəmir. Səbəb də «görünən dağa nə bələdçi»dir.

Xalq.az-ın araşdırmalarına görə, icra başçısı Alı Alıyevin daha bir korrupsiya əməlinin üzərinə gün işığı düşüb. Bu dəfə rayonun İcra Hakimiyyəti Horadiz qəsəbəsində evlərin bərpa edilməsi məqsədi ilə büdcənin 6 milyon manatına göz dikib. Həmin məlumatlara görə, Füzuli İcra Hakimiyyəti qəsəbədəki 88 evin bərpa edilməsi üçün bir dəfəyə 2 105 000 manat pul ayırıb. «Perlit» MMC tərəfindən görülən işlər Alı Alıyev üçün kifayət etmədiyindən, icra başçısı daha 2 645 000 manat vəsaiti bu məqsədlər üçün ayırtdırıb. «Kapital Tikinti» MMC tərəfindən həyata keçirilən işlərin alayarımçıq edildiyi isə Horadiz qəsəbəsi sakinləri tərəfindən təsdiqlənir.

Maraqlıdır ki, icra başçısı «Namiq» firması ilə birlikdə Horadizdəki daha 50 evin bərpa edilməsi üçün 1,25 milyon manatın da axırına çıxıb. Üst-üstə 138 evin bərpa edilməsi üçün 6 milyon manatın sərf edilməsi isə inandırıcı görünmür. Normalda bu pulla istənilən rayonda yüzdən artıq evin inşa edilməsi mümkündür. Xüsusən də işçi qüvvəsinin ucuz olduğu əyalətlərdə bu tip işləri daha ucuz başa gətirmək mümkündür. Amma Füzulinin icra başçısı Alı Alıyev bu zaman qiymətləri Almaniya və ya Amerika ilə eyniləşdirməyə nail olub.

Xalq.az-ın əldə etdiyi məlumata görə, bu tikinti-bərpa işlərində çalışan fəhlələr isə vaxtlı vaxtında pullarını ala bilməyiblər. Belə ki, onlara verilməli olan maaşlarını bəzən 3 aylarla ala bilməyiblər. Üstəlik, rəsmi sənədlərdə fəhlələrə verilən maaşla, aldıqları pul arasında da iki dəfə fərqin olduğu vurğulanır.