Ali Baş Komandanın tapşırıq və tövsiyyələri icra olunur


XALQ.AZ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 13 fevral 2018-ci il tarixdə adıçəkilən qurumun yaradılmasının 6-cı ildönümü qeyd olunmuşdur. Bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.

Daha sonra Xidmətin Aparatının inzibati binasında tədbir keçirilmişdir. Tədbir iştirakçıları respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini bir dəqiqələk sükutla yad etmişlər. Tədbir Dövlət Himninin ifası ilə başlanılmışdır.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlətin Xidmətinin şəxsi heyəti, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev,  “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Fizuli Rzaquliyev, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə, Gəncliyə Yardım Fondunun  vitse prezidenti Ahmet Tecim, Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu, Ordunun Dostları Mətbuat Klubunun icraçı direktoru Seyfəddin Hüseynli, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı,  “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı iştirak etmişlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. General-leytenant A.Rəhimov qeyd etmişdir ki, Sə­fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən müddət ərzində Azərbaycan Respublikasının Pre­zidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İl­ham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, qarşıya qoyulmuş vəzifə və tapşırıqları müvəffəqiyyətlə həyata keçirmişdir. General-leytenant A.Rəhimov diqqətə çatdırmışdır ki, Ölkə Başçısının tələbi hər bir məmurun Azərbaycan Res­publikasının vətəndaşına xidmət göstərməsindən, on­la­rın müraciətlərinə həssaslıqla yanaşılmasından, və­tən­daş-məmur məmnunluğunun təmin edilməsindən iba­rət­dir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşı bu tapşırıq və tövsiyələri rəhbər tutaraq bu gün xidməti fəaliyyətlərini davam et­di­rirlər.

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları oxunmuş, dəvət olunmuş qonaqlar vəxidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılmışlar.

Tədbirdə çıxış edən qonaqlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından keçən 6 il ərzində böyük nailiyyətlər qazanıldığını  və qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirildiyini qeyd etmişlər.

Tədbirin sonunda Xidmətin fəaliyyətindən bəhs edən “Qələbəyə səfərbər ol” sənədli filmi nümayiş etdirilmişdir.