AMEA-nın Adlı mükafatları onlara verildi

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağında AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatları sahiblərinə təqdim olunub.

XALQ.Az  xəbər verir ki, yarımkeçiricilərdə elektrikkeçirmə mexanizminin aktual problemlərinə həsr olunmuş fundamental elmi tədqiqatlarına, nadir torpaq elementləri ilə aktivləşdirilmiş birləşmələr əsasında effektiv rəngli lümenessent şüalanma mənbələrinin tədqiqinə verdiyi mühüm töhfələrə görə akademik Bahadır Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına mükafatları  ilə təltif olunublar.

Qeyri-kovalent əlaqələrin, “dopinq” və “spayder” effektlərinin zərif üzvi sintez reaksiyalarında və molekulların dizaynında rolunun müəyyən edilməsində, aktiv nanoquruluşların sintezi, müxtəlif mühitlərdə stabilləşdirilməsi və tətbiqi sahəsində tədqiqatlara görə akademik Abel Məhərrəmova AMEA-nın akademik Yusif Məmmədəliyev adına, “Dünya palçıq vulkanları atlası” (Azərbaycan, rus və ingilis dillərində) adlı fundamental elmi əsərinə, eləcə də unikal təbiət hadisəsi olan palçıq vulkanizminin geologiyasının, geotektonikasının, geokimyasının və mineralogiyasının öyrənilməsi sahəsində çoxillik elmi fəaliyyətinə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyevə AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan və Yaxın Şərqin erkən orta əsrlər tarixinin mənbəşünaslıq, regionun sosial-iqtisadi, siyasi-mədəni problemlərinin və tarixi coğrafiyasının tədqiqi, təhlili və təbliğinə görə akademik Nailə Vəlixanlıya AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı verilib.

Qeyd edək ki, xalq rəssamı Tahir Salahov orijinal üslubu və elmi əsaslı təkraredilməz yaradıcılığı ilə müasir Azərbaycan rəngkarlıq məktəbini dünya səviyyəsində tanıtdığına görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatına layiq görülüb.

Xatırladaq ki, mükafatlar üzrə müsabiqə Rəyasət Heyətinin 15 fevral 2018-ci il tarixli qərarı ilə elan edilib. Rəyasət Heyəti bu il aprelin 5-də keçirilən iclasında müsabiqənin nəticələrinə uyğun olaraq alimlərin sözügedən mükafatlara layiq görülməsini qərara alıb.

***

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdimetmə mərasimi də keçirilib.

Tədbirdə bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin 27 iyun 2014-cü il tarixli Fərmanına əsasən sözügedən medalla təltif etmək səlahiyyəti Akademiyaya verilib. Müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim edildiyi vurğulanıb. Nəzərə çatdırılıb ki, Qızıl medala namizədlər seçilərək onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim olunub. Rəyasət Heyəti 5 aprel tarixli iclasında müsabiqənin nəticələrini nəzərə alaraq alimlərin medala layiq görülməsi barədə qərar qəbul edib.

Beləliklə, dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinin aktual problemlərinə həsr edilmiş fundamental elmi tədqiqatlarına, Xəzər dənizində neft və qaz yataqlarının kəşf olunması və Azərbaycanda neft sənayesinin inkişafındakı böyük xidmətlərinə görə AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə və müasir plazma fizikasının yaradılmasına verdiyi fundamental elmi töhfələrinə, beynəlxalq kooperasiyalı kosmik texnologiyaların əldə etdiyi yüksək elmi nəticələrinə və Azərbaycanda kosmik texnologiyaların inkişafındakı böyük xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif ediliblər.

 

 

Orxan