Aparıcıya qarşı kampaniya başladı

Teleaparıcı Lalə Azərtaşın “Atv Kulis” proqramında işlətdiyi ifadələr qalmaqala səbəb olub.

XALQ,AZ xəbər verir ki, aparıcının “Lazım gələndə, qızlarımı döyürəm. Qızını döyməyən, dizini döyər” deməsi sosial mediada etirazla qarşılanıb.

İstifadəçilər Azərtaşı günahlandıraraq, uşaqlarını döyməsinin düzgün olmadığını deyiblər. Hətta Facebook-da aparıcıya qarşı kampaniya da başladılıb.

#qızımolsa həşteqi ilə paylaşılan statuslardan bəzilərini təqdim edirik:

“Lalə Azərtaş adlı bir nəfər (deyəsən, tanınmış adamdır) müsahibəsində deyib ki, “mən qızlarımı döyürəm, çünki qızını döyməyən dizini döyər”.

Qızım olsa, onu heç vaxt döyməyəcəyəm, heç bir cinsi fərq qoymayacağam, çünki uşağı döymək ayıbdır, uşağı ən azı psixi cəhətdən travmalı edir, onun gələcəyini şübhə altında qoyur, uşaqlar, ümumiyyətlə insanlar arasında cinsi fərq qoymaq isə geriçilikdir, ziyanlı, patriarxal düşüncədir.

Qızını döyməyən dizini döyməz, əksinə, qızını döyən cəmiyyətə yeni hüquqsuz, bədbəxt qadınlar verər”.

“Birincisi o atalar misalında döymək – formaya salmaq mənasındadır. Yəni, qızını vaxtında formalaşdırmayan, insani keyfiyyətlər aşılamayan, peşman olar. Dəmiri isti-isti döyərlər – formaya salarlar atalar sözündə olduğu kimi.

İkincisi bir ictimai insanın belə düşünməsi acı gerçəkdir. İnsanı tərbiyə etmək üçün onu döymək lazım deyil. Uşaqlar isə döyüləndə tərbiyələnmir, sırtıqlaşır, travma alır. Uşaqları kiçik yaşından şiddətə öyrətməyin. Nəinki qızları, heç bir canlını incitmək olmaz”.

“Kaş qızım olsa, dizimi yerə atıb onu qucaqlayardım. Qoy dizimi yerlər döysün!”

“Qızım olsa, döymərəm qoyub qabağıma saçın darayaram, hörərəm”.

Qeyd edək ki, sözügedən həşteqlə edilən paylaşımlar hələ də davam edir.

Lalə Azərtaşdan isə məsələ ilə bağlı heç bir açıqlama gəlməyib.

 


Elgün