Artur Rasizadə “Azərbaycan dünya ölkələri içərisində özünə layiqli yer tutub”

artur rasizade hesabat (1)

“Azərbaycan vaxtilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və cənab prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünya ölkələri içərisində özünə layiqli yer tutub”. XALQ.AZ-ın xəbərinə görə, bunu baş nazir Artur Rasizadə Milli Məclisdə hökumətin 2016-cı il fəaliyyətinə dair hesabatını təqdim edərkən deyib.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə ÜDM-nin həcmi 3, dövlət büdcəsinin nominal gəlirləri 20, əsas kapitala qoyulan investisiyalar 3, qeyri-neft məhsullarının ixracı 3, əhalinin nominal gəlirləri 8, orta əmək haqqı isə 6,4 dəfə artıb.

Onun sözlərinə görə, sosial yönümlü layihələrə 2016-cı ildə ümumilikdə 303,9 mln. manat vəsait, yəni dövlət əsaslı vəsait qoyuluşunun 10,1%-i nəzərdə tutulub: “Qaçqınların və məcmuri köçkünlərin sosial-yaşayış şəraitinin yaxşılaşdırılmasına dair tədbirlərin maliyyələşdirilməsinə 8,2 mln. manat, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşunun 0,3%-i həcmində vəsait ayrılıb”.

Artur  Rasizadə hesabatı təqdim edərkən Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin fəaliyyətini də tənqid edib:

“2016-cı ildə ölkənin maliyyə-bank sektorunda mövcud olan çətinliklər, onu mürəkkəb il kimi xarakterizə etməyə əsas verir. Dünyada gedən mənfi iqtisadi proseslərdən dolayı tədiyyə balansında kəsir yaranmışdı. Bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin əhəmiyyətli maliyyə qurumu Beynəlxalq Bankın keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti vəziyyəti daha da ağırlaşdırmışdı. Vəziyyəti nəzərə alan dövlət başçısı maliyyə sektorunda dövlət idarəçiliyini gücləndirmək, makroiqtisadi dayanıqlılığın saxlanılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaratdı. Mövcud problemlər araşdırılaraq, tədbirlər planı hazırlanıb və aidiyyatı dövlət orqanları tərəfindən icrasına başlandı”.