ASA əməkdaşlıq etdiyi qurumların sayını artırır

Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib.

XALQ,AZ xəbər verir ki, yığıncaqda qurumun sədri Mustafa Abbasbəyli, ölkədəki 20 sığorta və 1 təkrarsığorta şirkətinin rəhbər şəxsləri, ilk dəfə olaraq sığorta bazarının əlaqəli qurumları – İcbari Sığorta Bürosu, İcbari Tibbi Sığorta Agentliyi və “Audatex Azerbaijan” MMC-nin nümayəndələri, eləcə də yeni üzvlüyə qəbul olunmuş vasitəçi şirkətlərin nümayəndələri iştirak edib.

M.Abbasbəyli ASA-nın bu ilin I rübdəki fəaliyyəti barədə ətraflı təqdimatla çıxış edib və II rübdə görüləcək işlər barədə danışıb. Sonra Assosiasiyanın əlaqəli qurumlarla əməkdaşlığı və bazarın inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Sədr ASA-nın müəyyən məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Turizm Assosiasiyası, Vəkillər Kollegiyası və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Yığıncaqda sığortaçılar sektordakı problemləri səsləndirib və bu problemlərin ASA-nın nəzdində fəaliyyət göstərən komitələr və işçi qrupları səviyyəsində müzakirə olunaraq həll edilməsinin zəruriliyini bildirib. M.Abbasbəyli komitələrin fəaliyyətinin məhsuldarlığından bəhs edərək qeyd olunan problemlərin müzakirəsinin təşkil ediləcəyini digər zəruri addımların atılacağını bildirib.

Ümumi Yığıncaqda sığorta bazarının inkişaf perspektivləri geniş müzakirə edilib, sığorta xidmətlərinin artırılması, sığorta vasitəçilərinin təhsilinə önəm verilməsi istiqamətində çağırışlar olunub.

Xatırladaq ki, Ümumi Yığıncaq ASA-nın təsisçilərindən ibarət ali idarəetmə orqanıdır və nizamnaməyə uyğun olaraq, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır.

 

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir