AŞPA 1 il ərzində 5-ci prezidentini seçdi

Avropa Şurası Parlament Assambeleyasının (AŞPA) yay sessiyasında isveçrəli deputat Lilian Mori Paskye qurumun yeni prezidenti seçilib. Bu posta yeganə nazmizəd olan Paskye AŞPA-nın bir il ərzində seçdiyi 5-ci prezidentdir.

XALQ.AZ  xəbər verir ki, AŞPA-nın bu ilin yanvarında seçilən əvvəlki prezidenti Mikele Nikoletti martda İtaliyada keçirilən seçkilərdə məğlub olduğundan istefa verib. Nikolettinin siyasi bloku AŞPA prezidentliyinə Mori Paskyeni seçib.

Paskye çıxışında AŞPA-nın əvvəlki prezidenti Mikele Nikolettiyə fəaliyyəti üçün təşəkkürünü bildirib və bir qadın kimi bu vəzifəyə seçilməkdən qürur duyduğunu deyib. Bu günə qədər AŞPA-nın yalnız üç qadın prezidenti olduğunu vurğulayan Paskye, qadınların yüksək vəzifələrdə çalışmasının önəmi və gender bərabərliyinin vacibliyindən bəhs edib.

Qeyd edək ki, Suriyaya səfər etdiyi üçün ötən ilin oktyabrında AŞPA-nın prezidenti, ispaniyalı deputat Pedro Aqramunt istefaya göndərilmişdi. Ondan sonra bu vəzifəni ardıcıl olaraq britaniyalı Rocer Qeyl, Stella Kiriakides və italiyalı Mikele Nikoletti icra ediblər.

 

 

Orxan