AŞPA-da Azərbaycanın növbəti uğuru

111

 

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdan indicə məlumat alşmışıq. XALQ.AZ-a daxil olan məlumata görə, bir neçə dəqiqə əvvəl AŞPA-nın plenar iclasında büronun 2 sentyabrda Parisdə keçirilmiş iclasının protokolu təsdiq edilib. Bu ölkəmiz üçün çox vacib və uğurlu nəticədir.

Məlumatda qeyd olunur ki, prosedur qaydalarına əsasən, bir qayda olaraq büro iclaslarının protokolları plenar iclasda təsdiq edilir və bir qayda olaraq bu proses indiyədək texniki xarakter daşıyırdı. Lakin 2 sentyabr tarixli büro iclasında çox gərgin müzakirələr nəticəsində 20 səs lehinə 5 səs əlehinə olmaqla “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması haqqında qərar qəbul edildi və bu tapşırıq aidiyyatı üzrə Siyasi Məsələlər Komitəsinə göndərildi.

E.Süleymanov bilsdirib ki, əlbəttə, bu qərar qəbul edildikdən sonra AŞPA-dakı ermənipərəst qüvvələr və Ermənistan hakimiyyəti ciddi narahatçılıq keçirdi. Hətta AŞPA-nın Baş katibi Voytsex Savitski qərarla razı olmadığını, məruzənin başlığının Ermənistana qarşı təxribat olduğunu və plenar iclasda Büro protokolunun təsdiq edilməsinin qarşısını alacağını bildirdi. Ermənistan tərəfi də bu qərarın qarşısını almaq üçün bütün imkanlarından istifadə etdməyə başladı.

Gözlənildiyi kimi, məsələ müzakirəyə çıxarılan kimi Ermənistan nümayəndə heyəti məruzənin adına qəti etiraz etdiklərini və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar getdiyi bir vaxtda belə bir məruzənin hazırlanmasına dair qərarın qəbul edilməsinin təxribat olduğunu bildirdilər və protokolun təsdiqlənməsinə qarşı olduqlarını diqqətə çatdırdılar. Bir qrup ermənipərəst deputatlar da Ermənistan tərəfini dəstəklədiklərini və əksinə səs verəcəklərini bildirdilər. Məsələ səsverməyə çıxarıldı və səs çoxluğu ilə büronun 2 sentyabr qərarı təsdiq edildi.  Bu, bizi qələbəyə yaxınlaşdıran ciddi bir addımdır və növbəti mərhələ 1 oktyabrda Siyasi Məsələlər Komitəsində məruzəçinin təyin edilməsindən ibarətdir. Şübhəsiz ki, burada da çox böyük gərginlik qaçılmazdır. Gəlin ümid edək ki, düşmənlər bu məsələdə də pis niyyətinə
çatmayacaqdır.