“AŞPA idarə olunan quruma çevrilib” Seymur Orucov

“Avropa Şurası Parlament Assambleyası (AŞPA) digər lobbi ocaqları, mənbələri tərəfindən artıq idarə olunan bir quruma çevrilib”. XALQ.AZ məlumat verir ki ,bunu  SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Sədrin sözlərinə görə, onlar birbaşa və dolayı yolla bu məsələləri maliyyələşdirirlər: “Bununla da hər hansı bir qrupların maraqlarına xidmət edən bir quruma çevrilib. Çünki ən azından normal təfəkkürü olan insan, obyektiv olan bir təşkilat gəlib Azərbaycandakı seçki prosesinə baxıb və yaxud da namizədlərlə cənab İlham Əliyevi bir tərəziyə qoyub ölçüb baxardı ki burada anti-demokratik seçkidən söhbət gedə bilməz. Azərbaycanda seçkilər ərəfəsində hər bir namizədə bərabər şərait yaradılmışdı. Kim harada istəyirdisə gedib orada da mitinqini keçirmişdi. Bir sözlə heç bir məhdudiyyət olmamışdı. Seçkilər kifayət qədər rəqabət mühitində keçmişdi.

Azərbaycan xalqı öz seçimini edib və cənab İlham Əliyevlə inkişafa, tərəqqiyə davam deyib. AŞPA və digər qurumların vassalları olan qeyri-hökumət təşkilatları (“sərhədsiz reportyorlar”, “Amnesty International” və s.) vardır ki, onlar Azərbaycan təsir göstərə bilmirlər. Bu təşkilatların məqsədi odur ki, Azərbaycanın boynuna hansısa öhdəliklər qoysunlar. Azərbaycan Prezidenti İlham Əliyev bunların heç birini bu və ya digər formada yaxına buraxmır, Azərbaycanın milli maraqlarını, dövlətçilik, iqtisadi, siyasi maraqlarını onların ayaqlarına qurban vermir. Onsuzda bunlar qeyri-obyektivdirlər. Qoy onlar gedib Orta Şərqdə baş verən proseslərə öz münasibətlərini bildirsinlər və sonra gəlib Azərbaycanda seçki mühitindən danışsınlar”.


Comments are closed.