Astara icra başçısı görüş keçirib

 

54

Suparibağ inzibati ərazi dairəsi nümayəndəliyinə Suparibağ, Rudəkənar, Qapıçıməhəllə, Məscidməhəllə, Seləkəran kəndləri daxildir. Rayon İcra hakimiyyətinin başçısı bu kəndlərin hər birində bir neçə dəfə əhali ilə görüşmüş, problemlərini dinləmiş, həlli üçün tədbirlər həyata keçirmişdir. Ərazi nümayəndəliyində 5635 nəfər, Suparibağ kəndinin özündə isə 1168 nəfər  əhali yaşayır. Əsas məşğuliyyətləri tərəvəzçilik, çəltikçilik, heyvandarlıqdır.

3 iyul tarixində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ kəndində əhali ilə növbəti dəfə görüşmüşdür. İcra başçısı əhalini salamlayaraq ötən müddət ərzində sakinlərin təklifləri əsasında nümayəndəliyin ərazisində görülən işləri sadalamış, əhalini narahat edən digər məsələlər barədə onları dinləməyə hazır olduğunu nəzərlərinə çatdırmışdır. Qeyd etmişdir ki, nümayəndəliyin xeyli ərazisini əhatə edən Ərçivan-Şuvi-Qapıçıməhəllə dairəvi yolu, Suparibağ-Seləkəran və Seləkəranla Astara şəhərinin Giləkəran yaşayış massivini birləşdirən   avtomobil yolları asfaltlaşdırılmış, Rudəkənar kənd ümumi orta məktəbinin yeni binası istifadəyə verilmiş, Suparibağ kənd tam orta məktəbi üçün inşa edilən binanın tikintisi başa çatdırılmaq üzrədir. Kəndə qaz və elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuşdur. Bunlar Ulu Öndərimiz Heydər Əliyevin uğurlu siyasətini müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Astaraya göstərdiyi diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

İcra başçısı rayonun bütün qəsəbə və kəndlərinin, o cümlədən, Suparibağ inzibati ərazi dairəsinə daxil olan kəndlərin problemləri ilə tanış olduğunu söyləmiş, lakin yerlərdə əhali ilə görüşmək və onları narahat edən məsələləri bir daha öyrənmək, həlli yollarını birgə axtarmağı məqsədəuyğun hesab edərək görüşə gəldiyini əhalinin nəzərinə çatdırmışdır.

Əhalinin müxtəlif təbəqələrindən olan yüz nəfərdən çox vətəndaşın iştirak etdiyi səyyar qəbul və görüşdə sakinlər Respublikada və rayonumuzda görülən işlərə görə Prezident  İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq etmiş, ölkəmizin daha da çiçəklənməsi naminə görülən işlərdə ölkə rəhbərinə daim dəstək olacaqlarını söyləmişlər. Kənd sakinlərindən Rahim Həsənov, Abuzər Əsgərov, Aydın Məcidov, Salam Quliyev,  şəhid atası İsaq Məmmədov,  Məmməd Məmmədov  və başqaları çıxış edərək Suparibağ kənd tam orta məktəbi üçün inşa edilən binada tikinti işlərinin keyfiyyətlə aparılaraq başa çatdırılması, köhnəlmiş elektrik dirəkləri və naqillərinin yenisi ilə əvəz edilməsi, Qapıçıməhəllə kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisi, Suparibağ kənd uşaq bağçasının əsaslı təmiri, kənddəki futbol meydançasının ətrafında abadlıq işlərinin aparılması və digər məsələlər barədə arzu və təkliflərini söyləmişlər.

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev görüşə gəldikləri üçün kənd sakinlərinə minnətdarlıq edərək qeyd etmişdir ki, bütün sahələrdə sürətlə inkişaf edən müstəqil respublikamızın timsalında rayonumuzun siması da gündən-günə dəyişir. Yeni məktəb binaları tikilir, şəhər, qəsəbə və kənd avtomobil yolları yenidən qurularaq asfaltlaşdırılır, şəhərin ayrı-ayrı küçələrində hasarlar ən müasir qaydada hörülür, yeni istirahət parkı və bulvar salınır. Tikinti-quruculuq və abadlıq işləri artıq  şəhər hüdudunu aşaraq qəsəbə və kəndlərə, ucqar yaşayış məntəqələrinə keçmişdir. Təkcə bu il ərzində rayonumuzun şəhər və kəndlərində on kilometrlərlə yol asfaltlaşdırılmış, yaxud, təmir edilərək avtomobillərin rahat hərəkəti təmin olunmuşdur. Bu cür geniş  miqyaslı işlər yalnız yüksək iqtisadi bazası olan ölkələrdə mövcuddur.

Suparibağ nümayəndəliyinin ərazisində də ciddi bir problem qalmayıb. Sosial-iqtisadi inkişaf və abadlıq sahəsində müəyyən işlər görülmüşdür.

Sadaladığınız məsələləri də diqqətlə dinlədik. Gördüyünüz kimi bir sıra məsələlərin yerindəcə həlli üçün tapşırıqlar verildi. Əmin ola bilərsiniz ki, digər məsələlərin həllini də diqqətdə saxlayacağıq. Elektrik təsərrüfatının tamamilə yeniləşdirilməsi böyük bir dövlət layihəsinin tərkib hissəsidir. Ancaq aparılan təmir işləri nəticəsində əhali dayanıqlı elektrik enerjisi ilə tam təmin olunur. Qapıçıməhəllə kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisi yaxın gələcəkdə həllini tapacaqdır. Suparibağ kənd uşaq bağçasının da cari təmirinə mümkün olan köməklik göstəriləcəkdir.

Bu kəndə əhali ilə yeni görüşlərə gələcəyini söyləyən icra başçısı Suparibağ kənd tam orta məktəbin mövcud vəziyyəti ilə tanış olmuş, uşaq bağçasında uşaqlara göstərilən xidmətlə maraqlanaraq tövsiyə və tapşırıqlarını vermişdir.

 

55