“Avtoş”-luq edən “Shacman” aşdı (VİDEO)

Yük maşınlarının iştirakı ilə törədilən yol qəzaları nəinki bölgələrdə, elə paytaxt Bakıda da az deyil.

XALQ.AZ Avtosfer.az saytına istinadən həmin qəzalardan birinin görüntüsünü təqdim edir. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza paytaxtın “beşmərtəbə” adlanan ərazisində baş verib.

Yüksək sürətlə hərəkət edən “Shagman” markalı yük maşını sağa dönərək “Azdrama” tərəfə qalxmaq istəyir. Lakin onun hərəkət sürəti olduqca yüksəkdir və belə sürətlə o cür döngəyə girmək mümkün deyil. Elə bu cür də olur. Yük maşını dönməyə çalışdığı anda iki təkər üstə qalxır və gəldiyi sürətlə də aşır. Amma aşana qədər bir neçə metr məsafə qət edən “Shagman” yol kənarında dayanmış “Mercedes” markalı minik maşınının üstünə yuvarlanır və səkiyə yıxılır. Əlbəttə, biz bu görüntüləri sadəcə bir qəza görüntüsü olaraq təqdim etmirik. Məqsədimiz odur ki, bu cür görüntülərdən nəticə çıxaranlar olsun. Məsələn, yəqin ki, bu videonu izləyəndən sonra heç bir “Shagman” sürücüsü həmin ərazidə sürət həddini aşmayacaq. Biz buna, sadəcə, inanmaq istərdik. Lakin bu videogörüntüdən belə aydın olur ki, “Shagman” sürücüsü özünü “beşmərtəbə”də avtoxuliqanlıq edən “07” sürücülərinə bənzətmək istəyib və onların hərəkətlərini təkrar etməyə çalışıb. Axırı isə belə oldu.

XALQ.AZ həmin qorxunc qəzanın videosunu təqdim edir: