“Aydın Əliyev Azxeber.com-a qarşı iddiasını geri götürəcək”

Dövlət Gömrük Komitəsinin (DGK ) sabiq sədri Aydın Əliyev “azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov və baş redaktor Hacıbəy Heydərliyə qarşı iddia ərizəsini geri götürəcək.

Bu barədə vəkil Adəm Məmmədov bildirib.

Vəkil deyib ki, A.Əliyevin vəkili bir neçə saat ərzində ərizəsini geri götürmək üçün məhkəməyə müraciət edəcək: “Aydın Əliyevin vəkili ilə danışdım. O söylədi ki, müvəkkili iddia ərizəsini geri götürəcəyini bildirib. Bir neçə saat ərzində ərizə Binəqədi Rayon Məhkəməsinə təqdim ediləcək”.

Qeyd edək ki, DGK-nın sabiq sədri A.Əliyev “azxeber.com” saytının baş direktoru Ə.Ağalarovu və baş redaktor H.Heydərlini məhkəməyə verib. A.Əliyev hər iki şəxs barəsində xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

O, bu il yanvarın 16-da məhkəməyə müraciət edərək Ə.Ağalarov və H.Heydərlinin Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalarını istəyib.

Ə.Əliyev şikayət ərizəsini belə əsaslandırıb: “Azxeber.com saytında “Gürcüstan Respublikasında həbs edilən DGK-nin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş – Təfərruat” başlıqlı məqalədə məni ağır cinayət etməkdə iştirakçılıqda ittiham edərək şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yayaraq mənə böhtan atmışlar”.

Xatırladaq ki, A.Əliyev yeni hökumətin tərkibində yer alımayıb.