Azərbaycan tolerantlıq baxımından bir sıra ölkələr üçün uğurlu nümunədir

seyx amman

Xalq.az Azərtac-a istinadən xəbər  verir  ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, “Əhl əl-Beyt” İordaniya Kral Akademiyasının həqiqi üzvü şeyxülislam Allahşükür Paşazadə “Əhl əl-Beyt” Kral İslam Akademiyası tərəfindən təşkil edilmiş, islam dövlətlərinin davamlı inkişafı məsələlərinə həsr olunmuş beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
A.Paşazadə öz çıxışında Kral Akademiyasının təşəbbüsü ilə bu mühüm mövzuda konfrans keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Onun sözlərinə görə, Kral Abdullanın ali himayəsi altında “Əhl əl-Beyt” Akademiyası tərəfindən bütün dünya miqyasında islamın təbliğ edilməsi, onun ümumbəşəri dəyərlərinin tədqiq edilməsi, müsəlman elmləri sahəsində mühüm araşdırmalar, dinlərarası əməkdaşlıq, məzhəblərin yaxınlaşdırılması işində uğurlu səylər çox böyük əhəmiyyət kəsb edir.
A.Paşazadə çıxışında qeyd etmişdir ki, Azərbaycanda din layiqli yer tutur. O xüsusi vurğulamışdır ki, dahi siyasi xadim və ümummilli lider, mənəvi irsimizin həqiqi himayədarı Heydər Əliyev ölkəmizdə mənəvi ənənələrin dirçəldilməsində və inkişafında mühüm rol oynamışdır. Şeyxülislam onu da qeyd etmişdir ki, Azərbaycanın indiki Prezidenti İlham Əliyev bu ənənəni uğurla davam etdirir, o, uzun illər ərzində din məsələlərinə, ölkədə konfessiyalararası sülhə və həmrəyliyə çox böyük diqqət yetirir. Bunu xatırlatmaq kifayətdir ki, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakıda mədəniyyətlərarası və dinlərarası dialoq üzrə ənənəvi forum keçirilir.
Allahşükür Paşazadə demişdir: “Etnik və dini tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir. Müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında tolerantlıq, dostluq, qardaşlıq və əməkdaşlıq – bütün bunlar bizim dini icmaların fəaliyyətinin yekunu olan reallıqlar, ənənəvi dini icmaların bütün problemlərini kompleks şəkildə həll edən dövlətimizin siyasətinin həyata keçirilməsinin nəticəsidir. Sevindirici haldır ki, bu gün Azərbaycan bütün başqa sahələrdə olduğu kimi tolerantlıq baxımından da bir sıra ölkələr üçün uğurlu nümunədir”.
Ruhani lider A.Paşazadə konfrans iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat vermiş, belə bir fakta diqqəti cəlb etmişdir ki, təcavüzkar ölkə BMT-nin işğal edilmiş Azərbaycan ərazilərinin danışıqsız azad olunmasını təkidlə tələb edən 4 qətnaməsini yerinə yetirmir. Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində beynəlxalq hüquq normalarına əsaslanan ədalətli və davamlı sülhə nail olmaq üçün bu gün də hər cür səy göstərir. O, Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik nümayiş etdirən müsəlman dövlətlərə təşəkkürünü bildirmişdir.
Qeyd etmək lazımdır ki, konfransın işində 30-dan çox dövlətin nümayəndələri iştirak edir.