“Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibəti ilə tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev bildirib ki, Xalqımızın dövlətçilik tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Respublikamızın bugun müstəqil dövlət kimi mövcudluğunun əsasını təşkil edir. Azərbaycanın görkəmli vətənpərvər ziyalıları, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və digərlərinin gərgin zəhməti nəticəsində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti azərbaycanlıların ermənilər tərəfindən  məhv edilməsinin qarşısını almış, Xalq Cümhuriyyəti hökumətinin səyi nəticəsində güclü ordu formalaşdırılmış, ermənilərin Dağlıq Qarabağ və Zəngəzura hücumlarının, həmçinin ABŞ və İngiltərənin Naxçıvanı Ermənistana vermək planlarının qarşısı alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmiş və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” haqqında müvafiq sərəncam imzalayıb.

Tədbirə dəvət olunan “Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı çıxışında Xalq Cümhuriyyətinin elan edilməsi ərəfəsində baş vermiş hadisələrdən danışıb: “1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı  Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə  başlandı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirirmişdir”. Akif Aşırlı əsas diqqəti Cümhuriyyət dövründə ordumuzun yaradılmasına yetirib: “Cümhuriyyət dövründə Gəncədə hərbiyyə məktəbi təsis edilmiş, ilk vaxtlarda 1100 nəfər şəxsi heyəti olan ordumuzun sayı 40 minədək artmışdır. Qarabağda erməni daşnaklarına qarşı mübarizə aparan ordumuzun həyata keçirtdiyi əməliyyatlarla öz sözünü dedi”.

Daha sonra çıxış edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifələrindən biridir. Bildirilib ki, bugün Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Cümhuriyyətin dövlətçilik ənənələri uğurla davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir