Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir

 

Ulu öndər Heydər Əliyevin vəfatından 13 il ötür. Hər il olduğu kimi, dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlir, Ulu Öndərin abidəsi önündən keçərək onun ruhu qarşısında baş əyirlər. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğlunun xatirəsinə ehtiramının parlaq təcəssümüdür. Bu mənzərəni seyr etdikcə bir daha əminlik yaranır ki, ümummilli lider Heydər Əliyevə olan ümumxalq məhəbbəti tükənməzdir.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında əmək kollektivlərinin, təhsil müəssisələrinin nümayəndələri, hərbçilər, bir sözlə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən, hər yaşda olan insanlar var. Vətənini sevən hər bir azərbaycanlı Ulu Öndərin xatirəsini son dərəcə əziz və müqəddəs tutur. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu onun vəfatından ötən on üç il ərzində bir an belə unutmayıb. Bu günlər təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində, o cümlədən xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilir.

İnsanların Fəxri xiyabana axını davam edir. Ziyarətçilər buraya həm də sonsuz qürur hissi və sarsılmaz inamla gəlirlər. Onlar fəxr edirlər ki, Azərbaycan qazandığı uğurlarla beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir, dünyada söz və nüfuz sahibinə çevrilir. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində ölkəmiz inkişaf edir, müstəqilliyimiz daha da möhkəmlənir, ictimai-siyasi sabitlik qətiyyətlə qorunur.

Fəxri xiyabanda yaşanan bu izdiham göstərir ki, Heydər Əliyev itkisi yalnız cismanidir. Mənən isə Ulu Öndər yenə də xalqı ilə birlikdədir və onun parlaq ideyaları gələcəyə gedən yollarımızı işıqlandırır.

 

Scroll to top