“Azərbaycanda internet azaddır və çox böyük bir müstəvidir” Vüsalə Mahirqızı

XALQ.AZ APA Holdinqin rəhbəri Vüsalə Mahirıqızının yazıçı Cəlil Cavanşirlə müsahibəsini təqdim edir.

Bir neçə gün bundan əvvəl sosial şəbəkədə müğənni Sılanın “Yoruldum” mahnısını paylaşmışdınız. Bilmək istərdim ki, sizin kimi güclü bir qadın həqiqətənmi yorulub?

İstənilən halda musiqi insanın həmin andakı vəziyyətini, əhval ruhiyyəsini ifadə edir. Ümumiyyətlə, mən belə desək, yorulmuram. Sevdiyim işlə məşğulam, istər istəməz işimiz yorulmağa qoymur, həmişə formada saxlayır. Hər zaman əməkdaşlarıma deyirəm ki, biz səhər oyananda axşam nə olacağını bilmirik. Günün sürprizləri olur. Bütün ölkənin sürprizlərini hər kəsdən əvvəl sən bilirsən. Hər şeyi ilk biz bilirik həttə alt qatlarını belə. Ona görə də bu, çox maraqlıdır. Görünür o mahnını paylaşdığım vaxt doğurdan da yorğun olmuşam.

Doğurdanda birinci olmaq darıxıdırıcı və yorucu olur yoxsa həmişə adamda qürur hissi yaradır?

Mən hesab etmirəm ki, kimsə birincilikdən yorulsun. Yaxşı, uğurlu, ruh yüksəkliyi verən birincilik insanı yormur, əksinə stimul verir. Daim özünü formada saxlamaq üçün müəyyən çabalar sərf etmək bəzən yorucu ola bilir. Səmimi deyirəm ki, tanınmış, birinci olmağı istəməmişəm. Bu, mənim üçün gəlib və pis deyil.

Mən sizi ilk olaraq “imza” kimi tanımışam. Yəni Vüsalə Mahirqızı imzası. Əgər şöhrət istəmirdinizsə elə “imza” kimi qalıb davam etmək mümkün idi. Deməli şöhrətə can atmısız?!

Bir sahədə varamsa təbii ki, o sahədə birinci olmağa çalışacam, uğur qazanmaq istəyərəm. Adamlar istəyirlər ki, onları hamı tanısın. Harasa gedəndə APA Holdinqi tanıyırlar, məni yox. Mən bunda qətiyyən kompleks yaşamıram. Ümumiyyətlə, tanınmaq, adamların barmaqla göstərdiyi adam olmaq mənim prioritetlərim sırasında olmayıb. Bunun üçün çalışmamışam. Yaxşı şirkət , biznes qurmaq üçün çalışmışam, amma məhz məşhur olmaq üçün çalışmamışam. Bunun üçün çalışan insanlara da sayğı duyuram. Hər şeydən əvvəl bu da bir hədəfdir.

35

Siz çalışdığınız məsələlərdə nə qədər uğurlu ola bildiniz? Uğurlu bir iş qadını, uğurlu bir media holdinq rəhbəri, hansılara nə qədər nail olduğunuzu düşünürsüz?

Hesab edirəm ki, bu barədə danışmağım təvazökarlıqdan bir qədər uzaq ola bilər amma hər halda Azərbaycanda tanınan bir şirkət varsa, yaxşı bir iş varsa, ortada ən müxtəlif siyasi və iqtisadi gərginliklərdə özünü qoruyub çıxmış bir şirkət varsa, uğurlu demək olar. Əlbəttə ki, burada tək Vüsalənin uğurudur demək doğru olmaz. Bu kollektivin, bizə dəstək verənlərin, yanaşmanın, bizə münasibətin uğurudur. Bütün bu şərtlərin arasında biri də yaxşı idarəetmədir.

APA-nın şöhrətini qısqananlar var. Müəyyən vaxtdan sonra məlum olur ki, bu şöhrəti qazanmaq çətin məsələdir. Bu cür idarəetmə, bu cür formada qalmaq, kollektivin sevimlisi olmaq üçün müəyyən addımlar atılmalıdır. Bunları necə bacarırsınız?

2

Bu xarakter məsələsidir. Burada birincisi bizə münasibətin rolu böyükdür. Əlbəttə ki, müsbət bir dəstək olmasaydı, təbii ki, yaxşı bir iş ortaya qoymaq mümkün olmazdı. Dostlar deyəndə bizimlə eyni kollektivdə olan və mənimlə birlikdə illərdir yol gələn insanları nəzərdə tuturam. O, insanlar ki, hətta bu iş başlayanda onun böyük perspektivləri haqqında elə bir təsəvvürləri yox idi. Hədəflərimiz var idi amma belə bir böyük şirkət olacağını doğurdan da o vaxtlar hədəfləyə bilməzdik. Sadəcə olaraq mənə, bizim gördüyümüz işə, bizə olan münasibətə inanıb, bu işə mənimlə bir yerdə başlayıb, bu işin fəhləliyini edən insanlar var. Onlardan üzü bəri indiki kollektivin özünün də bu məslədə rolu var.  Söhbət sırf idarəetmə tərəfindən gedirsə, mən hesab edirəm ki, hər bir sahənin özünəməxsus idarəetməsi olmalıdır. Yəni bürokratik sistemin idarəetməsi, bir məmur aparatının idarəetməsi ilə bir yaradıcı sistemin idarəetməsini eyniləşdirmək olmaz. Burada münasibətlər sistemi çox böyük rol oynayır.

Mən hər zaman deyirəm ki, yaradıcılıq prosesində maliyyə çox önəmlidir. Şəraitin olması çox vacibdir. Onlar qədər önəmli olan başqa bir şey isə münasibətlər sisteminin qurulması və qorunmasıdır. Ümumiyyətlə, insanlara onların olduqları yerdə olduqlarını, lazım olduqlarını, əhəmiyyətli olduqlarını hiss etdirmək lazımdır. İnsanlar bunu hiss eləməlidirlər. Sadəcə boğazdan yuxarı sözlərlə, müsahibələrdə deyilmiş gözəl sözlərlə yox. Həyat fəaliyyətlərində olduqları yerdə olduqlarını, lazım olduqlarını hiss etdirmək lazımdır.

O, insanlar işlədikləri yerdə gərçəkdən də önəmli olduqlarını hiss etsələr ora canlarını qoyacaqlar. Hesab edirəm ki, işin məhz bu münasibətlər sistemi hissəsini qurmaq lazımdır. Yaradıcı adamlarla işləmək əslində  çətin deyil. Çünki yaradıcı adamlar imzaları üçün çox ciddi qayğı hissi keçirən adamlardır. Onlar heç vaxt istəməzlər ki, utanacaqları bir iş yerində işləsinlər. Onlar hər zaman istəyəcəklər ki, özləri nə bacarırlarsa, o iş yeri üçün enerji sərf etsinlər. Bu baxımdan əgər siz onlara hiss etdirsəniz ki, bu yer həm də onlarındır, bu yerin uğuru onlara lazımdır, onlar bunu qoruyacaqlar. Sadəcə münasibətlər sistemini normal qurmaq, insanları iş prosesində rahat buraxmaq lazımdır. Bu, qəti şəkildə xaos demək, qəti şəkildə prinsiplərin pozulması demək deyil.

5

Ümumiyyətlə APA Holdinqdə adamlar üçün prinsiplər qoyulmayıb, prinsiplərə uyğun adamlar seçilib. İnsanlar da o prinsiplərə uyğunlaşıb işləyirlər, ya da işləmirlər. Şərtlər hamı üçün bərabədir. Mən demirəm ki, bizdə ədalət prinsipləri pozulmur . Bizdə də pozulduğu vaxtlar da olur, müəyyən problemlər də. Ümumiyyətlə iş yeri varsa orada problemlər qaçılmazdır. Müəyyən yanaşmalarda da, mənim də yanaşmalarımda qüsurlar olur. Əgər məndən aşağılar iş prosesində ədalətsizlik edibsə, mən onları çağırıram, danışıram, bu məslələri qalmaqalsız həll etməyə çalışıram. Ümumiyyətlə bizim sistemimizdə mən heç zaman rəhbərlərimizin öz əməkdaşları ilə konfliktə getdiklərini görməmişəm. Hətta xırda bir narahatlıq varsa belə, mən çalışıram ki, o adamlar bir yerdə işləməsinlər.

Yaxşı şeylərdən biri də eqodur. Yazdığının, imzasının qədrini bilməyən əməkdaş mənim şirkətimin qədrini hardan biləcək? İnsanlar əgər özlərinə arxayındırlarsa, hesab edirlərsə ki, onların yaradıcı qabiliyyətinə istənilən yerdə yer var, onlar istənilən müstəvidə özlərini doğrulda bilərlər. O insanlar çox rahat və zərərsiz olurlar. Onlar real insanlar olurlar. Özünə hörmət edən adamla işləmək çox rahatdır. Yaradıcı adamların böyük əksəriyyəti çox ciddi şəkildə özlərinə hörmət edirlər. Mən çox şadam ki, bizim belə bir kollektivimiz var. Çox şadam ki, bu cür yaxşı imzalar bir yerdə işləyə bilirlər. Adamlar oturduqları kresloları dolduranda heç vaxt problem olmur.

Sosial şəbəkədə siz yazan statusları əməkdaşlar “like” etməsə buna necə reaksiya verirsiz?

Mən ümumiyyətlə bizim əməkdaşlardan bir neçə dəfə xahiş etmişəm ki, mənim statuslarımı “like” etməsinlər, yaxşı şərhlər yazmasınlar. Bizim əməkdaşların böyük əksəriyyəti dostluğumda yoxdur.

Mediada da yazılmış və yazılmamış qanunlar var. Jurnalistlər yetişdirmiş bir insanı mən mətbuat konfransına göndərə bilmərəm. Mətbuat konfransına getmək pis iş deyil. Onun üçün biz də gənc kadrlar var. Onların yetişməsinə, təcrübə toplamasına böyük ehtiyac var. Bütün hallarda mənə münasibət iş prinsipində rol oynamır. Mənim üçün hansısa əməkdaşın mənə olan münasibəti maraqsızdır. Rəhbərlikdə olan şəxslər var, əlbəttə onların mənə olan münasibəti və mənim də onlara olan münasibətim çox önəmlidir. Mənim statuslarımı “like” edirlərmi, etmirlərmi bu məslələr ümumiyyətlə mənim marağımda deyil. Bunlar mənim üçün prioritet deyil. Orada da, jurnalistikadan başqa heç bir şeyə münasibət bildirmirəm. Özümü universal ekspert hesab etmirəm. Bu sahə ilə bağlı məsələlər varsa münasibət bildirə bilərəm. Mən bu qurumun təmsilçisiyəm, qurum haqqında məslələrə yaxşı ya pis münasibət bildirə bilərəm. Sosial şəbəkədə mən heç vaxt öz əməkdaşlarımıza mesaj göndərməmişəm.

5

Holdinqin əvvəlcə son beşiyi “kulis” idi, sonradan APA televiziyası gəldi. İndi də mənə elə gəlir “kulis” özünü son beşik kimi aparır. Bu nədən irəli gəlir?

Kulis həmişə bizim ərköyün qurumumuz olacaq çünki, orada yaradıcı adamlar var və mən hər zaman onlara elə yanaşıram. Amma onlar da şirkətin prinsiplərindən kənar heç nə etmirlər. Prinsip hamı üçündür. Amma ümumi münasibətdə o yazılmamış qanunlar hissəsinə keçəndə “kulis” bizim üçün doğurdan da yaradıcı insanlarla bağlı bir yerdir. Ora əhvalla, ovqatla bağlı bir yerdir. Amma son zamanlar biz daha çox sosial şəbəkələr üzərindən işləməyə, sosial media ilə bağlı iç-içə qurumlarımızın inteqrasiyasına başlamışıq. Bizdə ən uğurlu inteqrasiyasını edən qurumlardan biri elə “kulisdir”. “Kulis” canlı yayımlar, virtual layihələr edir. Şirkətin prinsiplərinə tamamilə uyğunlaşırlar. Bizim şirkət olaraq prioritetlərimizdən biri odur ki, onlar burada işləyib, aldıqları məvaciblə rahat sosial həyatlarını qursunlar və ədəbiyyata da tövhə versinlər. Mən demişəm ki, sizin burada olduğunuz müddətdə ən çox sizdən gözlədiyimiz şeylər bu saytla bağlı kitabların, əsərlərin ortaya qoyulmasıdır.

“Kulis”i baş tutmuş layihə hesab edirsinizmi?

Əlbəttə! “Kulis”in missiyası cəmiyyətdə maarifləndirmənin aparılması, cəmiyyətdə münasibətlər sisteminə, bu dövlətin hüquqi cəmiyyətinin münasibətlər sisteminə ədəbi bir baxışdır. “Kulis” bu məsələnin öhdəsindən kifayət qədər yaxşı gəlir. Cəmiyyətdə sekulyarizmin artırılmasında “kulis”in kifayət qədər ciddi rolu var. Yeni imzaların tanınması, işıqlı gənclərin ortaya çıxarılması “kulis”in məqsədi idi. “Kulis” cəmiyyətdə indiki radikal meyillərin artdığı zamanda daha çox liberal meyillərin yayılmasına şərait yaratdı. Bizim ayağımıza buxov olmuş mental dəyər adı altında bizə təbliğ olunan müəyyən cəhalət formaları var ki, onlara qarşı təbliğatın aparılması “kulis”in missiyası idi və “kulis” öz misiyasının öhdəsindən kifayət qədər yaxşı gəlir.

Parlaq, işıqlı imzalar olsun ətrafımızda. Kulis maarifləndirmə müstəvisində internet sahəsində bu misiyanı həyata keçirir. Bizim burada heç vaxt biznes gözləntilərimiz olmayıb. Şirkət bunu öz qazanaclarından məhz bu cəmiyyət üçün ayırdığı bir investisiya hesab edir. Hesab edirəm ki, “kulis” o investisiyanı kifayət qədər yaxşı dəyərləndirir.

4

Son zamanlar baş verən iqtisadi proseslərin, qiymət artımlarının mediaya təsiri necə olacaq?

Təbii ki, yaxşı olmayacaq. Əlbəttə ki, media ilə bağlı sıxıntılar var. Devalvasiyadan sonra biz də öz xərclərimizə baxmışıq. Bu təkcə Azərbaycanla bağlı bir proses deyil. Bu, bütün dünyada qolobal böhranın tərkibidir. Media ilə bağlı məsələdə sıxıntı ondan ibarətdir ki, biz başqa şirətlərin piarları ilə məşğul olmaqla pul qazanırıq. İstənilən şirkət də qlobal böhran vəziyyətində ilk olaraq reklamını dayandırır. Yəni, əlavə xərclərini dayandırır. O kəsim də birbaşa bizim əsas xərclərimizin kəsilməsi deməkdir. Bu cəhətdən təbii ki, müəyyən problemlər var. Amma burada müsbət bir yol da var. Azərbaycanda internet azaddır və çox böyük bir müstəvidir. Artıq əhalinin böyük bir hissəsi internetdən aktiv istifadə edir, demək olar ki, məlumatları əsasən internetdən alır. Demək internet artıq bir bines müstəvisi kimi formalaşıb. Biz internetə daha yaxın olan insanlar kimi internet biznesdən istifadə edə bilərik. İnternetdə özümüzün müxtəlif bizneslərimiz ola bilər. Yəni, alternativ yollarla pul qazana bilərik. İndi şirkət olaraq biz bu istiqamətdə işləyirik. Yəqin ki, bütün media şirkətlərini bir “b” planları var.

 

A24.Az

Scroll to top