Azərbaycanın balanslaşdırılmış xarici siyasəti

ss

 

Müasir qloballaşan dünyada geosiyasi sabitliyə, balanslaşdırılmış siyasətə əsaslanmadan beynəlxalq səviyyədə istənilən zəruri qarşılıqlı fəaliyyətə nail olmaq mümkünsüzdür.

Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Bu baxımdan Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dünyanın güclü dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir.

 

Bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Ölkəmizin xarici siyasətdə əsas götürdüyü prioritetlər də məhz xalqımızın milli mənafeyinə xidmət edir. Qərb siyasi dairələri də artıq etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkünsüzdür. Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların fəal üzvü və qurucusudur: dövlətimiz BMT, ATƏT, Avropa Şurasının üzvü, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların fəal iştirakçısıdır. Ölkəmiz eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından biridir.

 

Düşünülmüş uğurlu dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır. Əsası Umummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Ölkə prezidentinin xarici siyasət konsepsiyasında Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli şəkildə həlli mühüm yer tutur. Dövlət başçısının münaqişənin həlli yönündə apardığı siyasi mübarizəyə əsaslanan diplomatiya nəticəsində erməni saxtakarlığı dünya səviyyəsində ifşa edilir və nəticə etibarı ilə bir sıra dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar və terrora rəvac verən bir dövlət kimi tanıyırlar. Bütün əhəmiyyətli beynəlxalq layihələrdən kənarda qalan, iqtisadi və siyasi böhranla üz-üzə duran Ermənistan bu günə kimi BMT-nin 4 qətnaməsini hələ də yerinə yetirmir, bu rəsmi sənədlərin tələblərinə əməl etmir, AŞPA və ATƏT-in qətnamələri və hesabatlarına məhəl qoymur, qeyri-konstruktiv mövqe sərgiləyərək münaqişənin həlli istiqamətində danışıqlar prosesini bilərəkdən uzadır, verdiyi öhdəlikləri yerinə yetirməməklə bərabər, təmas xəttində təxribatlar törətməklə özünün təcavüzkar mövqeyini nümayiş etdirməkdən çəkinmir.

 

2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq böyük tarixi uğura imza atmışdır. Ölkəmizin 26 illik müstəqilliyi dövründə bu cür böyük nailiyyətin əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir. Bu tarixi hadisə onu deməyə əsas verir ki, Azərbaycan dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunmuş, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktyorlarından birinə çevrilmişdir. Dünyada iqtisadi və siyasi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycan tarixi köklərindən qaynaqlanan və həyat tərzinə çevrilmiş multikulturalizm ideyalarını ortaya qoyaraq bu siyasətin alternativinin olmadığını əyani şəkildə sübuta yetirmiş, dünyada sülhün və təhlükəsizliyin qarantına çevrilmişdir. Hazırda Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə və mehriban yaşadığı tolerant bir ölkə kimi tanınır, Qərblə İslam dünyası arasında bir körpü olaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhvələr verir.

 

Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli” və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi, ölkə rəhbərinin növbəti humanist addımıdır. Dövlətimizin başçısı bu sülhsevər təşəbbüslə İslam aləmini bir masa ətrafında əyləşməyə, mövcud təhdidlərə və təhlükələrə qarşı birgə mübarizəyə, tərəqqi naminə sıx əməkdaşlığa və həmrəyliyə səsləmişdir. Qərbdə İslamafobiya, ksenofobiya, antisemitizm meyllərinin çoxaldığı bir dövrdə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edən cənab prezident bu sərəncamla müsəlman ölkələrinin həmrəyliyinin möhkəmlənməsinin vacibliyini önə çəkmişdir.

 

Dövlətimizin beynəlxalq aləmdə mövqeyinin güclənməsi və beynəlxalq nüfuzunun yüksəlməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz və çox şaxəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan xalqının mədəni irsinin keşiyində duran, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində misilsiz xidmətlər göstərən Mehriban xanım Əliyevanın  təşəbbüsü ilə “İçərişəhər” Tarixi Memarlıq Qoruğu və “Qobustan” qayaüstü abidələri dünyanın mədəni irsi siyahısına salınmış, mədəni-mənəvi irsimizin əzəmətli abidəsi olan muğam YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmişdir. Xalqımızın haqq səsinin dünyaya çatdırılması və erməni qəsbkarlarının cinayətləri haqqında düzgün və dolğun informasiyanın yayılması Azərbaycanın birinci xanımı, YUNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın və “Xocalıya ədalət” Beynəlxalq Kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın siyasi və ictimai fəaliyyətinin prioritet istiqamətini təşkil edir.

 

Beynəlxalq səviyyədə tanınan siyasi və ictimai xadimlərin, nüfuzlu alim və tədqiqatçıların, aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair  beynəlxalq tədbirlərin keçirilməsi də ölkəmizin dünya arenasında nüfuzunun artmasına böyük təsir göstərmişdir. Ötən il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, bu il “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bir daha göstərdi ki, multikultural və tolerant ənənələrə sadiq olan Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin dialoqunun inkişafı sahəsində zəngin təcrübəsi bütün dünya üçün yeni bir modeldir.

 

Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri kimi çox mühüm məsələlərdən biri də ölkəmizin beynəlxalq terrorizmə və kütləvi qırğın silahlarının istifadəsinə qarşı mübarizədə fəal iştirak etməsidir. Bu sahədə dövlətimiz çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa cəlb olunmuşdur. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar Azərbaycan bütün beynəlxalq təşəbbüslərə qoşulur və bu sahəyə dair müxtəlif beynəlxalq tədbirlərdə layiqincə təmsil olunur. Bizim sülhməramlılar beynəlxalq birliyin digər üzvlərindən olan əsgər və zabitlərlə bərabər Kosovo, Əfqanıstan və İraqda şərəflə xidmət göstərmişlər.

 

Bu gün dünyada baş verən müxtəlif proseslər – yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi barədə daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atmalıdırlar. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dünya dövlətlərinin diqqətini cəlb etməkdədir. Məhz bu səbəbdən enerji layihələri ölkəmizin xarici siyasət strategiyasının müəyyən olunmasında əsas amil kimi çıxış edir. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə imzalanmış Əsrin müqaviləsinin müddətinin 2050-ci ilə qədər uzadılması, Cənub Qaz Dəhlizi, TANAP, TAP və digər enerji layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Azərbaycan dünya miqyasında yeni bir tarixi uğura imza ataraq beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyi nəticəsində 10 il ərzində ərsəyə gələn bu layihə ölkəmizin iqtisadi inkişafına böyük təsir göstərəcək. Dünya ictimaiyyətinin diqqət mərkəzində olan bu layihə Avropa və Asiya üçün mühüm strateji əhəmiyyətə malikdir.  Bu gün Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi, “Davos” İqtisadi Forumunun 2017-2018-ci illər üzrə hesabatında 140 ölkə arasında 37-ci yerdən 35-ci yerə qədər irəliləməsi cənab Prezidentin söylədiyi kimi, çox böyük uğur və tarixi nailiyyətdir.

 

Müasir dünyada daxili və xarici siyasət sahəsində dövlətlərin strateji vəzifələrini həll etməyə qadir olan humanitar istiqamət kimi idman diplomatiyasının da ölkəmizdə fəal şəkildə formalaşması prosesi bu gün sürətlə inkişaf etməkdədir. Siyasətdən kənarda olmasına rəğmən idman diplomatiyası beynəlxalq münasibətlər sistemində mühüm amil hesab olunur ki, bu da ölkələr arasında sülhün və əmin-amanlığın, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsində çox ehtiyac duyulandır. Birinci Avropa Oyunlarına, “Formula-1” yarışlarının “Avropa Qran-pri”si və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz idman diplomatiyası sahəsində əldə etdiyimiz çox böyük nailiyyətlərin bariz nümunəsidir.

 

Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və balanslaşdırılmış xarici siyasət həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirərək bizi yeni-yeni qələbələrə doğru ruhlandırmaqdadır.

 

Ramin Səmədov

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi

Scroll to top