Azərbaycan beynəlxalq konfransda yüksək səviyyədə təmsil olunacaq

066

 

Azərbaycan “ITU Telecom World 2013” konfransında geniştərkibli nümayəndə heyyəti ilə təmsil olunacaq. Konfrans Bangkok şəhərində noyabr ayının 19-dan 22-dək keçiriləcək. Bu barədə SİA-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyyətinin tərkibinə 25 İKT şirkətinin nümayəndələri daxil olacaq. Artıq nazirlik tərəfindən Azərbaycan nümayəndə heyyətinin son nailiyyətləri və perspektiv layihələri nümayiş ediləcək 150 kvarat metr ölçüdə stend icarəyə götürülüb. Tədbir çərçivəsində nazir Əli Abbasovun müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərlikləri ilə ikitərəfli görüşlərin keçirilməsi və konfransda çıxışı gözlənilir. Konfransın tərkib hissəsi olan müxtəlif sessiya və forumlarda yerli şirkətlərin nümayəndələrinin çıxışları da olacaq.

Konfrans çərçivəsində eyni zamanda, “Azərbaycan gecəsi”nin keçirilməsi və müxtəlif ölkələrin müvafiq nazirləri və prezidentləri üçün Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin təqdimatlarının təşkil edilməsi gözlənilir.

Qeyd edək ki, tədbirin rəsmi açılışı noyabrın 19-da baş tutacaq. Konfransın ilk günündə nazirlər səviyyəsində Dəyirmi masanın keçirilməsi gözlənilir, sonra isə “Məlumatlar dalğasında”, “Tənzimləmənin konverqensiyası”, “Şəbəkənin virtuallaşdırılması ” və s. mövzular ətrafında sessiyalarda müzakirələri keçiriləcək. Bir neçə gün keçiriləcək konfrans çərçivəsində “Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliyi”, “Rəqəmli dünyada dünya vətəndaşlarının şəxsi həyatının təhlükəsizliyinin təmin edilməsi”, “XXI-ci əsrdə İKT-nin təhsil sahəsində əhəmiyyəti ”, “Bütövlükdə IPv6 əsasında qurulmuş internet”, “Bülüdda mobil şəbəkələr”, “Birgə global standartların hazırlanması” və digər mövzular ətrafında müzakirələr.

Xatırladaq ki, İTU Azərbaycana konfransın sponsoru şəklində çıxış etməsini təklif edib lakin nazirlik sponsorluq missiyasından imtina edib