Azərbaycan dilini başa düşmədi (VİDEO)

Mayın 20-də Türkiyənin ATV kanalında yayımlanan “Kim milyoner olmak ister” proqramında azərbaycan dili ilə bağlı sual səsləndirilib.
XALQ.AZ-ın məlumatına görə, Türkiyədə yayımlanan intellektual verilişlərdən biri olan “Kim milyoner olmak ister”-də iştirakçılardan birinə 5 min lirə qazanmağı üçün səsli sual verilib. Səsli sual isə teleaparıcı İlkin Həsəni tərəfindən Azərbaycan dilində səsləndirilmiş veriliş anonslarından biridir. Yarışda iştirakçı üçün səsləndirilən səs yazısında “Nadirlə Elariz kəllə-kəlləyə gəldi. Flora Kərimova niyə onların arasında qaldı? Aprel ayında nələr ortaya çıxdı? Ayın yekununda hansı müğənnilər tora düşdü?” cümlələri səsləndirilərək, ondan Azərbaycan dilində dinlədiyi danışığın hansı formatlı proqrama aid olduğu soruşulur.

Cavablar arasında isə, a) İdman proqramı, b) Maqazin proqramı, c) Müzakirə proqramı, d) Müsabiqə proqramı variantları göstərilib.

İştirakçı dəfələrlə dinləməsinə baxmayaraq, sualın cavabını tapmaqda çətinlik çəkir və auditoriyanın köməyindən istifadə edir. Lakin onların da cavabından tam əmin olmayan iştirakçı qadın “50:50” kömək variantından istifadə etməli olur və bundan sonra auditoriyanın cavabı ilə razılaşır. Cavabın düz çıxması ilə qadın 5 min lirə əldə edir.

Qeyd edək ki, proqramın aparıcısı Selçuk Yöntemə ana tərəfdən azərbaycanlı olduğunu bildirən iştirakçı həyəcanlı olduğu üçün başa düşmədiyini vurğulayıb.