Azərbaycan gəncliyi istənilən problemi özü həll etmək iqtidarındadır.

Azərbaycanın Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin 2 fevral – Gənclər Günü ərəfəsində “Trend”ə müsahibə verib.XALQ.AZ  həmin müsahibəni oxuculara təqdim edir.

 

– Cəmiyyətin hərəkətverici qüvvəsi hesab olunan gənc nəslin tərbiyəsi və inkişafı ilə bağlı aparılan dövlət siyasətinin əsas istiqamətləri barədə nə deyərdiniz? Hansı proqram və layihələrin həyata keçirilməsi planlaşdırılır?

 

  • Azərbaycan dövlətinin gənc nəslin tərbiyəsi və inkişafı ilə bağlı fəaliyyəti həmişə xüsusi xarakter daşıyıb. Bu ənənənin əsası hələ uzun illər qabaq Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Son illərdə də bu istiqamətdə atılan addımlar gənclər siyasətinin yeni dövrə uyğunlaşdırılması xarakteri daşıyır. Dövlətin ən ali rəhbərliyinin gənclər siyasətinə xüsusi diqqət ayırması 2017-ci ildə Prezident Admnistrasiyasının strukturunun yenidən qurulması zamanı bir daha özünü göstərdi, burada Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı. Azərbaycan dövləti ölkə gənclərini sağlam, savadlı, vətənpərvər, müasir, eyni zamanda milli köklərə bağlı görmək istəyir. Dövlətimiz, ölkə başçısı cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva gənclərin müasir dövrün tələbatına uyğun inkişafında, onların ölkənin gələcəyinin qurulmasında rolunun artmasında maraqlıdırlar. Qəbul olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihə və tədbirlər gəncliyimizin daha böyük uğurlara nail olmasına imkan yaradacaq.

 

– Ölkədə gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədilə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılır. Sizcə, “Gənclər evləri” qarşıya qoyduğu məqsədə nail olmaq və bu yöndəki fəaliyyəti intensivləşdirmək üçün hansı addımlar atmalıdır?

 

  • “Gənclər evləri” şəbəkəsinin 2007-ci ildə yaradılmasına başlanıb. Gənclərə dövlət qayğısının nümunəsi olan bu müəssisələr Bakı şəhərində və onun qəsəbələrində yaradılmaqla bərabər, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən bir sıra regionlarda da yaradılmış, demək olar, bütün ölkəni əhatə etməkdədir. Hazırda “Gənclər evləri”nin sayı 37-yə çatıb. Əlbəttə, qurulan bu infrastrukturun səmərəli istifadə edilməsi çox vacibdir. Hazırda bu müəssisələrin funksionallığını daha da artırmaq, bu evlərə daha çox gənc cəlb etmək üçün intensiv fəaliyyət həyata keçirilir. Bu məqsədlə “Gənclər evləri” üçün baza proqramı tərtib edilib. Proqrama uyğun olaraq, daha çox tələbat olan təhsil və asudə vaxtın təşkilinə yönəlmiş xidmətlər təklif olunacaq. Elə xidmətlər seçiləcək ki, onlar ya həmin regionda mövcud deyil, ya da özəl strukturlarda olduğuna görə gənclər üçün maddi baxımdan əlçatan deyil. Bu evlərin fəaliyyətinə gənclər siyasətini həyata keçirən bütün tərəfləri cəlb etməklə, rayonların spesifik problemlərinə həsr edilmiş layihələrin mütəmadi icrası təmin ediləcək. Əlavə olaraq, rayonlarda “Gənclər evləri”nin fəaliyyətinin geniş kütləyə təbliği ilə məlumatlılığın artırılması, pulsuz və sürətli internetlə təminat, beynəlxalq və yerli donor təşkilatların burada keçirilən layihələrə cəlb olunması kimi tədbirlər də həyata keçiriləcək. Bütün bu məqamlar deməyə əsas verir ki, 2018-ci ildə “Gənclər evi” layihəsi üzrə fəaliyyət daha da intensiv xarakter daşıyacaq.

 

– “Gənclər siyasəti haqqında” qanuna əsasən, ölkədə yaşı 14-dən 29-dək olan şəxslər gənc hesab olunurlar. Sizcə, bu gün gənclik yaş həddinin qaldırılmasına ehtiyac varmı?

 

  • Əvvəla ondan başlayaq ki, heç bir sənəd, qanun insanın ruhən gənc olmasını məhdudlaşdıra bilməz. Qanunla gənclik yaşının müəyyən edilməsi isə dövlət tərəfindən müəyyən vəzifə və səlahiyyətlərin icra edilməsi üçün aydın kriteriyaların müəyyən edilməsi ehtiyacından yaranır. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanda gənclik yaşının müəyyən edilməsi xeyli dərəcədə adaptiv formada həyata keçirilir. Dövlətimiz bir çox hallarda gənclər üçün nəzərdə tutulmuş müəyyən güzəştlərin, proqramların daha çox insanı əhatə etməsi üçün gənclik yaşının yuxarı həddini daha da yüksək götürür. Məsələn, xeyli güzəştlərin şamil olunduğu “gənc alim”, “gənc ailə” kimi kateqoriyalar müəyyənləşdirilərkən heç də 29 yaş deyil, 35 yaş yuxarı hədd kimi müəyyən edilir.

Hazırda Azərbaycanda mövcud olan qanunla müəyyən edilmiş gənclik dövrü dünyada ən optimal variantlardandır. Burada ölkənin xüsusiyyətləri də nəzərə alınmalıdır. Məsələn, bəzi Cənubi Amerika və ya Afrika ölkələrində gənclik yaşının aşağı həddi 12, bəzən 11 yaşa qədər enir. Bu, həmin ölkələrdə insanların əmək fəaliyyətinə həddən artıq tez başlaması ilə izah oluna bilər. ABŞ-da, Avropanın əksər ölkələrində gənclik yaşı qanunla 14-25 yaş arasında müəyyən edilib. Nəzərə alsaq ki, bu ölkələrin bir çoxunda əhalinin qocalma problemi ciddi məsələ kimi gündəlikdədir, bu zaman bu interval çox dar görünə bilər. Rusiyada təqribən Azərbaycandakı kimi, 14-30 yaş arası vətəndaşlar rəsmən gənc hesab edilir. Bir sözlə, demək istərdim ki, ölkəmizdə qanunla müəyyən edilmiş gənclik yaşı mövcud reallığa tam uyğundur.

 

– Hər zaman aktiv həyata meyilli olan Azərbaycan gənclərinin asudə vaxtlarının təşkili istiqamətində işlər necə qurulur və bu sahədə hansı işlərin ğörülməsi nəzərdə tutulur? Sizcə, bu gün Azərbaycan gənclərinin əsas problemləri nələrdir?

 

  • Əlbəttə, bütün dünyada olduğu kimi, ölkəmizdə də gənclərin həllini istədiyi problemlər var. Hesab edirəm ki, Azərbaycan gəncliyi istənilən problemi özü həll etmək iqtidarındadır. Dövlət bunun üçün münbit şərait yaratmalıdır və bütün fəaliyyətimiz buna istiqamətlənib. İstənilən problemin effektiv həlli bu problemi düzgün müəyyən etməkdən, yəni diaqnostikadan asılıdır. Buna görə də əvvəlcə hansı problemlərin mövcud olduğunu öyrənmək qərarına gəldik. Bu işə peşəkarları cəlb etmişik. 2018-ci ildə paytaxt və regionlarda yaşayan 16-29 yaşlı gənclər arasında sorğu, o cümlədən onlayn sorğu keçirib təhsil, asudə vaxt, sosial həyat, səhiyyə, idman, hərbi vətənpərvərlik, mədəniyyət və incəsənət, məşğulluq sahələrindəki çətinlikləri aşkar edib həll yollarını tapmağı planlaşdırırıq.

 

– Azərbaycan gənclərinin dünya gəncləri ilə qarşılıqlı əlaqələrinin inkişafı üçün yeni platformalar açacaq hansı yeni tədbirlər, təşəbbüslər, layihələrin reallaşdırılması planlaşdırılır?

 

  • “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda yer alan müddəalardan biri də dövlətin vəzifələri sırasında Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrin inkişafına imkan və şəraitin yaradılmasını nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycan gəncləri dünyada baş tutan bütün vacib tədbirlərin fəal iştirakçılarıdır. Bu, istər idman tədbirləri, istər bilik yarışları, istərsə də müxtəlif ölkələrdəki yaşıdları ilə müxtəlif platformalarda olan görüşlər, seminarlar, konfranslardır. Azərbaycan da bir çox hallarda belə tədbirlərin ev sahibi olur. Nümunə kimi deyə bilərik ki, 2016-cı ildə Gəncə “Avropanın gənclər paytaxtı” adını daşıyırdı. Bu münasibətlə Azərbaycanın qədim şəhərinə bütün qitədən yüzlərlə fəal gənc qonaq gəldi, ölkəmizlə yaxından tanış oldu. Bu çərçivədə müxtəlif mədəni tədbirlər həyata keçirildi.

 

Azərbaycan gəncliyinin təşkilatlanması, müxtəlif tədbirlər vasitəsilə dünyadakı yaşıdları ilə əlaqələri yüksək səviyyədədir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa Gənclər Forumu, Dünya Gənclər Assambleyası kimi nüfuzlu təşkilatların üzvü və fəal iştirakçısıdır. Gənclərimiz beynəlxalq təşkilatlarda təmsil olunmaqla həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir platforma əldə edirlər. Keçirilən müxtəlif tədbirlərdə gənclərimiz ölkəmizin mədəniyyətini, idmanını, elmini təmsil etməklə bərabər, Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda da respublikamızın haqlı mövqeyini ifadə edirlər. Son illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasında minlərlə gənc fəal iştirak edib. Bu kampaniya çərçivəsində 2018-ci ildə də böyük tədbirlər nəzərdə tutulub.

 

Bildiyiniz kimi, ölkəmiz 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini irəli sürüb. Sərginin mövzusunun “İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması” olması ölkəmizin gənclərə, onların inkişafına verdiyi əhəmiyyəti bir daha vurğulayır. Azərbaycan gəncləri də öz növbələrində, ölkəmizin beynəlxalq təşəbbüslərinin dəstəklənməsi sahəsində səylərini əsirgəmirlər və inanıram ki, Avropa Oyunları, “Formula-1” və ölkəmizdə keçirilən digər qlobal əhəmiyyətli tədbirlərdə olduğu kimi, Azərbaycanı yüksək səviyyədə təmsil etməyə davam edəcəklər.

 

Və sonda, gənclərimizi 2 fevral – Gənclər Günü münasibətilə təbrik edirəm, Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzulayıram!