Azərbaycan “Hestourex” sərgisində

Antalyaya axşam saatlarında çatdıq. Yaşıllıqlarla əhatə olmuş bu bənzərsiz məkanda ilıq və xoş bahar havasını ciyərlərimizə çəkdikcə, yol yorğunluğunu tamamilə unutduq. Bura ilk andan insana olduqca doğma, xoş təəssürat bağışlayırdı. Axı dili, dini və mədəniyyəti bir olan qardaş ölkədə özünü necə qərib hiss edə bilərsən…

Yolboyu bir neçə yerdə “Hestourex-2018” (Səhiyyə, idman və alternativ turizm) sərgisini əks etdirən bilbordları görürdük. Bu da sərginin əhəmiyyətli olduğunu bir daha təsdiqləyirdi. İştirakçı ölkələrin bayraqlarının dalğalandığı sırada Azərbaycan bayrağını görmək isə olduqca qürurverici idi. Belə sərgilər əslində ölkəmizin daha geniş coğrafiyada tanınmasında, turizm imkanlarımızın təbliğində, eləcə də qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasında bir vasitə rolunu oynayır.

Hər bir sərgi yeni fürsətlərin dəyərləndirilməsinə açılan bir pəncərədir. Bu baxımdan “Hestourex”in gələcək əməkdaşlığa verə biləcəyi töhfələri indidən hədəfləmək mümkündür.

“Hestourex” sərgisinin Türkiyə və Azərbaycana fayda verməsi üçün çalışacağıq

Sərgidə ölkəmizi Türkiyənin Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisi – “Gilan Turizm” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın aparıcı tibb ocaqları – Mərkəzi Gömrük Hospitalı, Diaqnostika Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası və digər müəssisələrin həkimləri, turizm agentliklərinin nümayəndələri, o cümlədən jurnalistlər təmsil edirdi.

Antalyanın Ekspo Mərkəzində təşkil olunan təntənəli açılış mərasimində Türkiyə Sağlamlıq Turizm Assosiasiyasının (THTC) rəhbəri Emin Çaxmaq çıxış edərək beynəlxalq tədbirin əhəmiyyətinə toxunub. O bildirib ki, sərginin məqsədi Türkiyənin sağlamlıq turizmi baxımından inkişafını göstərmək, ölkənin tibb müəssisələrinə dünyanın hər yerindən xəstələr cəlb etmək, səhiyyə sahəsində təcrübə və fikir mübadiləsi aparmaq, ən müasir tibbi avadanlıq və alternativ müalicə metodlarını araşdırmaq və mütəxəssislərin fikir mübadiləsini təmin etməkdən ibarətdir. Türkiyə Prezidentinin təşəbbüsü və himayəsi altında keçirilən beynəlxalq sərgiyə 165 ölkənin təmsilçisi qatılıb.

Mərasimdə Antalya valisi Münir Karaloğlu, Antalyanın bələdiyyə rəhbəri Menderes Türel, Türkiyə Böyük Millət Məclisinin üzvü Gökcen Özdoğan Enç və başqaları çıxış edərək sərginin səhiyyə, idman və alternativ turizmin inkişafına verəcəyi töhfələrdən söz açıblar. Qeyd olunub ki, sərgi 2018-ci ildə bu bölgədə turizm sahəsində öz hədəflərini reallaşdıracaq. Bunun da nəticəsi olaraq 2019-cu ildə Türkiyəyə 40 milyon, Antalyaya isə 12 milyon turistin gəlməsi gözlənilir.

THTC-nin Bakıdakı şəbəkə ofisinin direktoru, “Gilan Turizm”in təmsilçisi Fərid Məcidov jurnalistlərə bildirib ki, təşkilatın əsas məqsədi dünyanın 80-dən çox ölkəsindən, o cümlədən Azərbaycandan Türkiyə tibb ocaqlarına sağlamlıq turizmi üçün insanları cəlb etməkdir: “Bu sərgi ikinci dəfədir təşkil olunur. Ötən il də biz Azərbaycanın aparıcı tibb müəssisələri mütəxəssislərinin sərgidə iştirakını təmin etdik. Bir neçə gün davam edən sərgidə onlar klinika təmsilçiləri, otel nümayəndələri, alternativ turizm kompleksinin nümayəndələri ilə görüşlər keçirir, gələcək əməkdaşlığın təməlini qoyurlar. Keçənilki görüşlərin nəticəsi artıq mövcuddur. Azərbaycanda da tibbi turizmin müxtəlif sahələri inkişaf etməkdədir. Buna baxmayaraq, qarşılıqlı əməkdaşlığa, təcrübə mübadiləsinə hər zaman ehtiyac var. Bundan sonra da Türkiyə Respublikası Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisi – “Gilan Turizm” şirkəti olaraq “Hestourex” sərgisinin iki qardaş ölkəyə – Türkiyə və Azərbaycana faydalı olması üçün öz töhfəmizi verməyə çalışacağıq”.

Qeyd edək ki, “Hestourex 2018” Məşvərət Şurasının üzvü, TUROYD təşkilatının Azərbaycan və Ağdəniz regionları üzrə sədri Halil Duru təşkilatın stendində sözügedən sərgiyə lazımi dəstək verib. Tədbirdə, eyni zamanda, sığortaçıların, turizm məhsulları üzrə mütəxəssislərin, otel təmsilçilərinin iştirakı ilə panellər təşkil olunub, seminarlar, ustad dərsləri, azərbaycanlı tibb nümayəndələrinin iştirakı ilə B2B formatında səmərəli görüşlər keçirilib. Azərbaycandan getmiş həkimlər sərgi çərçivəsində panellərdə görüşlər keçirdilər, sağlamlıq turizmin əhəmiyyəti, qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi apardılar. Görüşlərdə səhiyyənin müxtəlif sahələrinə, perspektivlərinə aid ilkin razılaşmalar da əldə olundu.

Qeyd edək ki, dünyanın bu cür böyük tədbirlərində ilkin razılaşmalar, reklam və təbliğat böyük rol oynayır. Bunu keçirilən görüşlərdə təkcə Türkiyənin sağlamlıq turizmi mütəxəssisləri deyil, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn turizm peşəkarları da etiraf edirdilər. Onlar bu sahədə Azərbaycanla da yaxından əməkdaşlıq qurmaqda maraqlı olduqlarını bildirirdilər. Təkcə sağlamlıq, idman və alternativ turizm sahəsində yox, qarşılıqlı fayda verən bütün sahələrdə münasibətlərin daha sıx olmasından iştirakçı olan bütün ölkələr faydalana bilər.

Azərbaycan Dünya Sağlamlıq Turizmi Təşkilatına rəhbərliyə başlayıb

“Hestourex-2018” sərgisi çərçivəsində beynəlxalq təşkilatın seçki iclası olub. Seçkidə 22 ölkədən 48 nümayəndə iştirak edib.

Seçkidə Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Dünya Sağlamlıq Turizmi Təşkilatının (DSTT) prezidenti seçilib. Beləliklə, təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib.

Səsvermə ilə təşkilatın altı vitse-prezidenti də elan olunub. Eyni zamanda, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın idarə heyətinin üzvi Ceyhun Aşurov DSTT-nin baş katibinin müavini seçilib.

Toplantıda çıxış edən Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və perspektivləri barədə məlumat verib, təşkilatın platformasını açıqlayıb. Onun sözlərinə görə, bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına töhfə verəcək və müvafiq sahənin tanıdılmasına geniş imkanlar yaradacaq: “Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialının tanınmasına böyük əmək sərf olunub. Çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. Azərbaycanın Dünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə, 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək”.

Qeyd edək ki, 60 ölkənin, o cümlədən Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə və Hindistan kimi ölkələrin təmsil olunduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.

Niyə məhz Azərbaycan?

Bu gün Azərbaycanın dünya turizminin bir parçası olmaq uğrunda gördüyü işlər öz bəhrəsini verməkdədir.

Bilmirəm, nə sirri-xudadırsa, bu torpaq insanları özünə yaman cəzb edir. Dünyanın dörd bir tərəfi cənnət-məkan olsa da, Azərbaycan bu gözəlliyin tacı, zirvəsi, nur saçan çırağıdır desək, yanılmarıq. Zaman keçir, dünya sürətlə inkişaf edir. Amma Şərqin hikmətini, fəlsəfəsini, müdrikliyini Qərbin müasirliyi ilə birlikdə qoruyan, yaşadan və böyük məharətlə dünyaya təqdim edən Azərbaycan onu deyib gələn hər kəsin yaddaşında əbədi iz salmağı bacarır…

Qafqazı “bəşəriyyətin beşiyi” adlandıran böyük fransız ədibi Aleksandr Düma “Qafqaz əsəri”ndə Azərbaycanın, onun təbiəti və insanlarının ürəyində dərin iz buraxdığını açıq şəkildə vurğulayaraq “Nə olaydı, mənə bir də bu yerlərə gəlmək qismət olaydı!” deyib. Onun Azərbaycana gəldiyi vaxtdan bizi bir əsr yarımdan artıq dövr ayırsa da, avropalılar bu gün də ölkəmiz haqqında öz sələfləri kimi ürəkdolusu danışırlar. Ona görə ki, Şərq və Qərb sivilizasiyalarını bir araya gətirən Azərbaycan insanlarının səmimiliyi və qonaqpərvərliyi, tarixi-mədəni abidələri, gözəl təbiəti, min bir dərdin dərmanı olan mineral bulaqları, milli xörəkləri, musiqisi və bir çox digər sərvətləri ilə hər zaman məşhur olub və olacaq.

Hər zaman faktın aliliyi deyilən sözün kəsərinə bələdçi olub, sanbalını müəyyən edib. Söylədiyin fikirlər özünü konkret faktlarda doğrultmursa, onda dediyin sözün çəkisi olmaz, hədəfdən yan keçər. Gəlin, ölkəmizdə turizmin vəziyyətinə bu prizmadan yanaşaq. Ölkəmizdə turizm qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olmaqla, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində mühüm yer tutur. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də turizmin qarşısında qoyulan əsas məqsəd Azərbaycanda bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir. Son bir neçə ildə qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura mədəniyyət sahəsində çalışan 60 min nəfərdən çox insanı da əlavə etsək, ümumilikdə 100 mindən çox insan turizm sahəsinə xidmət edir. Ötən il ölkəmizə 2 milyon 691 min 998 nəfər turist gəlib. Bu, 2016-cı ildən 20 faiz çoxdur. Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya ilk yerdə qərar tutub. Bu ilin 3 ayı ərzində isə ölkəmizə 627 min 835 nəfər xarici vətəndaş səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 min 207 nəfər və ya 12,6 faiz artım deməkdir.

Turizm sahəsinə qoyulun investisiyaların həcmi 91 milyon manatı olub. Ötən il ölkəmizə gələn xarici qonaqların bank xərcləri əməliyyatları 1 milyard manatdan çox olub. Bu da 2016-cı illə müqayisədə 70 faiz artım deməkdir. Nağdsız ödəmələrin sayı 70 faiz artıb. 2018-ci ildə yanvar və fevral ayı ərzində xarici vətəndaşların bank xərcləri 190 milyonu ötüb. İki ay ərzində Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki bank xərcləri 179 milyon təşkil edib.

Azərbaycanın yay turizmi üçün əlverişli məkan olması barədə fikirlər artıq köhnəlib. Çünki yayda istirahətə vaxt tapmayanlar ölkəmizə qışda üz tuturlar. Qusarda Şahdağın ətəyində müasir dağ-xizək, Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda “Tufandağ” Qış-Yay Turizm İstirahət kompleksləri qış istirahətinə üstünlük verənlərin ixtiyarındadır.

Bu qısa arayış, yəqin ki, sizlərdə ölkəmizin Dünya Sağlamlıq Turizmi Təşkilatına rəhbərlik etməsi barədə tam təsəvvür yaratdı. Məncə, bu sadalananlar kifayətdir ki, ölkəmizlə bağlı turizm sahəsində verilən qərarların nə qədər ədalətli olmasına bir daha əminlik yaransın.

165 ölkədən 5 mindən çox tərəfdaşı qarşılayan “Hestourex”

Sərginin qala-gecəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. O, çıxışında Antalyanın “Hestourex” sərgisinə ikinci dəfə ev sahibliyi etdiyini və ötən il Xarici İşlər Nazirliyinin himayəsi ilə keçirildiyini xatırladıb. Sərgiyə 165 ölkədən 5 mindən çox insanın qatıldığını bildirən Çavuşoğlu iştirakçılara təşəkkür edib.

M.Çavuşoğlu, Türkiyənin ətrafında çoxsaylı böhran, qarşıdurma və dondurulmuş münaqişənin olduğunu söyləyərək deyib: “Türkiyə Suriyadakı vəziyyətə, o cümlədən qonşularında baş verən böhran və münaqişələrin həllinə kömək etmək üçün əlindən gələni edir”.

Nazir Türkiyə iqtisadiyyatının inkişaf etdiyini, ötən il bu rəqəmin 7,4 faiz təşkil etdiyini qeyd edib. O, bu rəqəmlə Türkiyənin Avropada ən sürətli templə böyüyən iqtisadiyyata malik ölkə olduğunu vurğulayıb. Türkiyənin doğru yolda irəlilədiyini ifadə edən M.Çavuşoğlu, ölkəsinin uğurunun təkcə mikroiqtisadiyyatla məhdudlaşmadığını diqqətə çatdırıb.

O deyib: “Türkiyə dünyada ən yaxşı səhiyyə sistemi modellərindən birinə malik ölkədir”. Türkiyədə çox sayda xəstəxana inşa edildiyinə diqqəti çəkən xarici işlər naziri yaxın zamanda Antalyada da şəhər xəstəxanasının inşasına başlayacaqlarını bildirib.

Gələnilki sərginin bundan daha da yaxşı olacağını söyləyən nazir hamıya xoş arzularını çatdırıb.

“Dünyanın ən gözəl yeri”

Türkiyənin qurucusu, böyük düşüncə adamı Atatürkün “Dünyanın ən gözəl yeri” adlandırdığı Antalya əsl möcüzəvi bir diyardır.

Antalya ərazisinə görə Türkiyənin altıncı böyük şəhəridir. Əhalisinin sayı 2,3 milyon olan kurort şəhəri il ərzində on milyondan çox turist qəbul edir.

Şəhərin kəşf olunmasının maraqlı tarixçəsi var. Rəvayətə görə, kral II Attalos əsgərlərinə əmr edib ki, ona yer üzünün cənnətini tapsınlar. Uzun axtarışlardan sonra indiki Antalya ərazisini bəyənən əsgərlər krala cənnəti tapdıqları xəbərini verirlər. Kralın əmri ilə şəhərdə liman qurulur, Attalosun şərəfinə “Ataleia” adlandırılır. Antalyanın adı qədim ərəb mənbələrində “Antaliye”, türk mənbələrində isə “Adalya” olaraq keçir. Şəhər XX əsrdən başlayaraq “Antalya” kimi tanınır.

Antalya Kemer, Belek, Alanya və Side kimi turizm bölgələri ilə məşhurdur. Burada ən bahalı beşulduz otellər yerləşir.

Antalyanın nəhəng turizm şəhəri olduğunu təkcə bir faktla görmək olar – burada 385 beşulduzlu otel var. Hələ ötən əsrin səksəninci illərində bu kurort şəhərinə 2 milyondan çox turist gəlirmiş.

Turizm sektorunun inkişafı nəticəsində bu rəqəm on iki milyona çatdırılıb. Bu, şəhər əhalisinin sayından 6 dəfə çoxdur. Turistlərin məhz Antalyanı seçməsinin başqa səbəbi də var: şəhər ilin 300 günü günəşli olur. Bölgənin otellərində turistlər üçün yataq sayı bütün İspaniya ilə analoji müqayisədə çoxdur. Başqa bir fakt: 2500 oteli olan Antalya il ərzində dünyanın məşhur şəhərlərindən, məsələn, Milandan, Praqadan daha çox turist qəbul edir.

Bu yerləri gəzmək, şirin tur kəlmələrinə, xoş və gülərüz çöhrələrə baxmaq və bir anlıq da olsa çox oxuyanın deyil, çox gəzənin bilgisinə inanmağın nə qədər önəmli olduğunu bir daha dərk etməyin tamam başqa anlamı var. “Mərhəba”larla başlayıb, “Hoşca qal”larla qurtaran hər bir görüş insanın ömrünə ömür qatar. Heç də şair əbəs yerə deməyib ki, “Mənə xoş gəldin de, əlvida demə, Min görüş yaxşıdır bir ayrılıqdan”. Biz də yenidən görüşmək ümidi ilə ayrıldıq dünyanın cənnət deyə adlandırılan o bənzərsiz diyarından…