Azərbaycan İran gömrüyü 24 saat işləyəcək

Iran-1

Azərbaycan və İran hər iki ölkənin gömrük-buraxılış məntəqələrinin işini sutkalıq rejimə keçirmək məsələsini müzakirə edəcəklər. Bunu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.

Biləsuvar sərhəd-keçid gömrük məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsinə dair razılaşma avqust ayında birgə hökumətlərarası komissiya çərçivəsində əldə olunub.

Səfirin sözlərinə görə, sentyabrın 29-da İranın Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. O, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

M.Pakayin qeyd edib ki, İran nümayəndə heyətinin Azərbaycan səfəri oktyabrın 2-dək davam edəcək: “Səfər çərçivəsində tərəflər arasında gömrük problemlərinin həlli məsələləri, gömrük güzəştlərinin sayının artırılması, kadr və zəruri avadanlıqlarla təmin etmək yolu ilə Ələt və Biləsuvarda gömrük-keçid məntəqələrinin sutkalıq işinin təşkilini müzakirə edəcəklər”.

Diplomat əlavə edib ki, İran nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin gömrük xidmətləri rəhbərlərinin Astara və Biləsuvar gömrük-keçid məntəqələrinə baş çəkməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan və İran yaxın vaxtlarda gömrük sahəsində yeni saziş bağlamaq barədə artıq razılığa gəliblər. İki ölkə arasında gömrük sahəsində əməkdaşlıq haqqında sonuncu saziş 2002-ci ildə imzalanıb.

İran-Azərbaycan sərhədində 4 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar Biləsuvar, Şahtaxtı-Poldəşt, Astara və Culfa məntəqələridir. Hazırda Azərbaycan və İran arasında Aslandüz-Horadiz beşinci sərhəd-keçid məntəqəsinin açılması üzrə də razılıq əldə olunub.